Azərbaycanda tenderlərin keçirilməsi qaydasının sadələşdirilməsi gözlənilir. Məqsəd Qarabağın yenidənqurulması prosesinə yerli investorlarla yanaşı, xarici investorların da marağının artırılmasıdır. Məlumatlara görə, bu məsələdə müxtəlif ölkələrin təcrübəsi araşdırılıb və qardaş Türkiyənin tender sahəsindəki təcrübəsi Azərbaycan üçün məqbul sayılıb. Bəs, görəsən, Türkiyədə dövlət satınalmaları necə təşkil olunur? Azərbaycanda bu sahədə şəffaflığın təmin olunması üçün hansı addımlar atılmalıdır?
Türkiyənin tender təcrübəsi
Qeyd edək ki, Türkiyədə dövlət satınalamaları yalnız 3 üsulla - açıq tender, bəlli təchizatçılar arasında müsabiqə və sövdələmə üsulu ilə həyata keçirilə bilər. Satınalma barədə elanlar, zəruri sənədlərin bəyan edilməsi, hazırlanması və təqdim edilməsi, iştirak və ixtisasla bağlı sənədlərin yayımlanması, satınalma prosesinin aparılması və yekunlaşdırılması, nəticələrin təsdiqlənməsi və yekun tender qərarlarının elan edilməsi, müqavilənin imzalanması əlaqəli bütün mərhələlər Elektron Dövlət Satınalma Platforması vasitəsilə həyata keçirilir. Türkiyədə dövlət satınalmaları üzrə məsul qurumun internet resursu https://www.ihale.gov.tr/ saytıdır. Dövlət adından gedən bütün satınalmaların statistik bazası, qanunvericilik, iştirakçıların müraciət və şikayətlərlə bağlı əlaqə və əksəlaqə imkanları, qurumun hesabatları, satınlamada iştirakına məhdudiyyət və qadağa qoyulmuş subyektlərin siyahısı və s. kimi bütün zəruri informasiyalar, materiallar bu sayt üzərindən həyata keçilir. Lakin elektron satınalmanın təşkili avtonom rejimdə çalışan EKAP platformasının internet resursu – www.ekap.kik.gov.tr bazası vasitəsilə reallaşdırılır. Elektron satınalma portalının həm iştirakçılar, həm də digər maraqlı tərəflər (vətəndaş cəmiyyəti və media təmsilçiləri, mövzu ilə bağlı müstəqil araşdırmaçılar və s.) təqdim etdiyi əsas imkanlardan biri “Satınalma axtarış” sistemidir. Axtarış sistemi peşəkar tələblərə uyğundur və istifadəçilər üçün kifayət qədər sadə və asan axtarış imkanı yaradır. Axtarış sistemi çoxsaylı “filtr”lər üzərində qurulub. Məsələn, satınalmanın başlanma və ya bitmə tarixinə, satınalma üsuluna və və satınalmanın formasına, müqavilənin qeydiyyat nömrəsinə, satınalma durumuna (elanı verimiş, artıq icrasına başlanmış, bitmiş, icrası dayandırılaraq ləğv edilmiş və s.), sifarişçi təşkilatın və ya onun tabe olduğu mərkəzi təşkilatın adına, yerləşdiyi bölgəyə uyğun olaraq axtarış aparıla bilər. Bu cür fərqli filtrlər“ üzərindən məlumat bazasının və axtarış sisteminin formalaşdırılması həm səlahiyyətli qurumun özünün, həm də ixtisaslaşmış ictimai institutların effektiv monitorinq imkanını artırır.
İstənilən pozitiv təcrübənin istifadəsi müsbət haldır, amma…
Mövzu ilə bağlı hafta.az-a danışan keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, ilk növbədə tenderlərin keçirilməsində şəffaflıq təmin olunmalıdır: “Həm tenderlərin təşkili, həm də tenderlərdə iştirak kifayət qədər şəffaflaşdırılmalıdır. Yəni, bu prosesdə hər kəsin bərabərhüquqlu iştirakı təmin olunmalıdır. Bizdə bu sahədə neqativ hallar kifayət qədərdir. Ona görə də biz başqa ölkələrdə, o cümlədən qardaş Türkiyədə mövcud olan modeldən danışırıq. Əslində bu prosesi biz özümüz də rahat şəkildə qura bilərik. Burada çətin heç nə yoxdur. Sadəcə dediyim kimi, şəffaflığı təmin etməliyik. Elə bir mexanizm qurmalıyıq ki, neqativ olacağı təqdirdə, dərhal ortaya çıxmalıdır. Bəzən dövlət qurumları tenderləri özlərinə yaxın olan şirkətlərə verirlər. Bu mənim səsləndirdiyim yeni bir fikir deyildir. Bununla bağlı kifayət qədər fikirlər səsləndirilib. Təəssüf ki, bəzi təşkilatlar öz “ənənələrindən” əl çəkmirlər. Tender nəyə görə keçirilir? Ona görə keçirilir ki, səmərəli iş ortaya qoya biləcək namizəd müəyyənləşdirilsin. Tender ona görə keçirilmir ki, kimlərsə daha çox qazansın”.
Türkiyənin tender təcrübəsinin Azərbaycanda tətbiqi məsələsinə gəlincə, professor bildirib ki, istənilən pozitiv təcrübənin istifadə olunması müsbət haldır: “Bu təcrübə istər Türkiyə olsun, istər İtaliya heç bir fərqi yoxdur. Pozitiv nə varsa, istifadə edək. Əsas məqsəd prosesin şəffaf şəkildə keçirilməsi olmalıdır. Əgər bunu təmin edə bilməyəcəyiksə, tətbiq etdiyimiz pozitiv təcrübələrin də heç bir effekti olmayacaq”.
Satınalma prosesində hər 4 manatdan 1-i korrupsiya predmetidir
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov də hesab edir ki, Azərbaycanda tender prosesinin bir neçə aspektdən təkmilləşdirilməsinə ehtiyac var: “Birincisi, məlumat əlçatanlığı təmin edilməlidir. Yəni dünyada il ərzində götürəndə, təxminən, 10-15 trilyon dollar dəyərində büdcə xərcləmələri satınalmalar yolu ilə həyata keçirilir. Azərbaycanda da bu göstərici təxminən bəzi illərdə 50 faizə qədər bəzi illərdə isə 30-35 faizə qədər dəyişir. Yəni, kifayət qədər böyük bir rəqəmlərdən söhbət gedir. Bu vəsaitlərin əsl sahibi xalqdır və onların istifadəsi aidiyyəti qurumlar tərəfindən ictimailəşdirilməlidir. Bizdə adətən deyirlər ki, büdcə məlumatları ictimailəşdirilir. Əslində isə ictimailəşdirilən məlumatlar büdcə sənədini tam əhatə etmir. Məlumdur ki, büdcə sənədi 1000-1500 səhifə olur. Onun təxminən 50 səhifəni əhatə edən makro göstəriciləri çıxarılaraq ictimailəşdirilir. Bu baxımdan biz bütün sferalarda fəaliyyət göstərən dövlət təşkilatlarının satınalmalarını, onlara ayrılan vəsaiti, həmin vəsaitin məqsədini görə bilmirik. Ona görə də həm makro, həm də mikro təşkilatlara bağlı məlumatların ictimailəşdirilməsinə ehtiyac var. İkincisi, tender prosesində iştirakçılıq imkanlarını məhdudlaşdıran bürokratik problemlər aradan qaldırılmalıdır. Yəni, proses tam şəkildə liberallaşmalıdır. Etiraf edək ki, bizdə tenderlərdə daha çox yerli şirkətlərin iştirakına, mikro sahibkalara üstünlük verilməsi kimi yanaşma var. Bu yanaşmaların hamısı nöqsanlı yanaşmalardır və indiyə qədər də effekt verməyib. Ona görə biz liberal mühüt yaratmalıyıq ki, biznes subyektləri də rəqabətli şəraitdə fəaliyyət göstərmək qabiliyyətini formalaşdıra bilsin. Əks halda biz orta uzunmüddətli dövrdə heç bir rəqabətli iştirakçı iqtisadi subyekt yarada bilməyəcəyik. Üçüncü məsələ qaydalara əməl edilməsi ilə bağlıdır. Məsələn, “Satınalmalar haqqında” qanunda şirkətin qiymətləndirilməsi meyarları var. Bu meyarlarda göstərilir ki, son bir il ərzində həmin şirkətin dövlətə vergi və fiskal borcu olmamalıdır. Yəni, burada 1 il aydın şəkildə qeyd edildiyi təqdirdə, biz tender proseslərində başqa mənzərənin şahidi oluruq. Maraqlıdır ki, son bir həftədə yaradılan, heç bir təcrübəsi olmayan şirkətlər tenderlərin qalibi olur. Düzdür, bu məsələdə bəzi istisnalar ola bilər. Dünya xüsusilə informasiya texnologiyaları sahəsində çox sürətlə inkişaf edir. Bəzi sahələr var ki, yeniliklər bizə gec gəlib çatır. Ola bilsin ki, həmin sahədə bizdə şirkət yoxdur və onun xidmətini almaq məcburiyyətində qalmışıq. Amma əksər ənənəvi sahələrdə də bu problem mövcuddur. Tutaq ki, dəftərxana ləvazimatı ilə bağlı keçirilən tenderlərdə də bəzən bir həftəlik şirkərləri görə bilirik. Bu doğru deyil. Deməli, əslində dövlət satınalmalarına nəzarəti həyata keçirən qurumlar öz işini görmürlər. Əgər onlar öz işlərini düzgün görmüş olsalardı o zaman “Azərxalça”nın idarəedicisi 1,3 milyona ala biləcəyi avadanlığı 10, 6 milyona 8 dəfə bahasına almazdı. Əslində burada qruplaşmış cinayət əməllərindən, maraqlardan söhbət gedir. Dünyada hər il dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmaların, təxminən, 20-25 faizi korrupsiyanın predmetinə çevrilir. Əgər Azərbaycan dünya ortalamalarına uyğun gələrsə, bu o deməkdir ki, hər 4 manatdan 1-i korrupsiya predmetidir. Əslində Azərbaycanda rəqəmlər daha ciddidir. Yəni, bu istiqamətdə də problemin aradan qaldırılmasına ehtiyac var. Bu məsələyə ictimai nəzarət imkanı yaradılmalıdır”.
Məlumatların detallı şəkildə ictimailəşdirilməsinə ehtiyac var
Ekspert vurğulayıb ki, dövlət satınalmaları ilə bağlı bütün məlumatlar detallı şəkildə ictimailəşdirilməlidir. Bizdə satınalmalarla bağlı portal fəaliyyət göstərir. Orada müəyyən məlumatlar yerləşdirilir. Amma bu məlumatlar tutaq ki, hansı şirkət tenderdə iştirak etdi, tenderin məbləği və s. ibarət olur. Əslində bu məlumatlar hansı şirkərlər tenderə qatıldı, hansı şirkətlərin təklifindən nə üçün imtina verildi, hansı şirkətin təklifi nə üçün qəbul edildi və s. kimi əhatəli verilməlidir. Belə olan təqdirdə, aidiyyəti qurumlar da öz fəaliyyətlərində daha ehtiyatlı davranmaq məcburiyyətində qalacaqlar”.
Qarabağda yenidənqurma işləri ilə bağlı elan olunacaq tikinti tenderlərində Türkiyə təcrübəsindən istifadə ediləcəyinə gəlincə, ekspert bu modeli nöqsanlı sayıb: “Əgər Türkiyə modeli nəzərdə tulubsa, böyük ehtimalla Azərbaycana dəvət mexanizmini gətirmək istəyirlər. Dəvət mexanizmi son illərdə Türkiyədə satınalma prosesinin şəffaflığını məhv edən mexanizmdir. Bu çağırışlarda əsas iştirakçı Türkiyənin 5-6 şirkəti olur, yəni bu mexanizm nöqsanlıdır. Əksinə, dünya daha çox tenderləşməyə, müsabiqələrə, rəqabətə doğru mövqe ortaya qoyur. Ola bilər ki, bizdə Türkiyə mexanizmin hansısa elementi tətbiq edilsin. Bütövlükdə bu mexanizmin tətbiqi dövlət satınalmaları sahəsində mövcud nöqsanları daha da dərinləşdirə bilər”.