Bir neçə gün bundan əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni tədris ili ilə bağlı uşaqlara arayış üçün gələn valideyn izdihamında dava düşüb. Növbə üstündə düşən mübahisə sosial şəbəkələrdə yayılıb. Baş vermiş hadisə tibb müəssisələrində elektron növbə məsələsini yenidən aktuallaşdırıb.
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova hafta.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdən onlar da məlumatlıdırlar: “Bu sistemin hazırlanması uzun müddət tələb edən bir prosesdir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu proses bir çox tibb müəssisələrini əhatə edəcək. Hazırda Kliniki Tibbi Mərkəzdə elektron sistem uğurla qurulub. Digər xəstəxanalarda da elektron lövhələrin quraşdırılması, elektron növbə sisteminə keçid həyata keçirilməkdədir”.