Xəbər verildiyi kimi, WUF13 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək və əsas məkanı Bakı Olimpiya Stadionu olacaq. Qeyd edək ki, Forum UN-Habitat və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunur. Əsas mövzu isə “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olacaq. Foruma ev sahibliyi edəcək Azərbaycan burada dünyaya nəyi təqdim edəcək? Eyni zamanda, Forumun Azərbaycanın beynəlxalq imicinə və şəhərsalma siyasətinə hansı yeni imkanlar qazandıra biləcəyi mühüm müzakirə mövzusudur.
Bu istiqamətdə Hafta.az-a deputat Elnarə Akimova və politoloq Rəşad Bayramov danışıblar.
"Bu model göstərir ki, müasir şəhər yalnız fiziki infrastruktur deyil, həm də texnoloji və sosial sistemlərin inteqrasiyasıdır"
Millət vəkili Elnarə Akimova bildirir ki, BMT-nin Məskunlaşma Proqramı ilə birgə Bakıda keçiriləcək “World Urban Forum” (WUF13) Bakının dünyaya verəcəyi böyük mesajdır.

Azərbaycan artıq özünü yalnız neft və qaz ölkəsi kimi deyil, gələcəyin şəhərlərini quran dövlət kimi təqdim etməyə çalışır. “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu isə Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma siyasəti ilə tam uyğunluq təşkil edir:
“Qarabağ və Şərqi Zəngəzurda görülən yenidənqurma işləri xarabalıqlardan yeni həyat qurmaq missiyasıdır. Azərbaycan dünyaya göstərməyə çalışır ki, dağıdılmış ərazilər ən müasir texnologiyalar, yaşıl enerji və ağıllı idarəetmə əsasında yenidən qurula bilər. Dünyada çox az ölkə müharibədən çıxmış bölgələri “ağıllı şəhər” və “ağıllı kənd” modeli ilə sıfırdan inşa edir. Azərbaycan isə bunu artıq praktik şəkildə həyata keçirir. Ağalı kəndi bu modelin ən parlaq nümunələrindən biridir. Ağalı artıq adi kənd deyil. O, gələcəyin kənd modelidir. Burada rəqəmsal xidmətlər, alternativ enerji, müasir kənd təsərrüfatı və yüksək yaşayış standartları bir sistem halında qurulub. Bu layihə beynəlxalq urbanistlərin, investorların və inkişaf təşkilatlarının diqqətini cəlb edir. Dünya hazırda həm şəhərlərin, həm də kəndlərin gələcəyini axtarır və Azərbaycan konkret model ortaya qoyur”.
Onun sözlərinə görə, Bakının WUF13-ə ev sahibliyi etməsi də təsadüfi deyil. Bu, Azərbaycanın regionda urbanizasiya və dayanıqlı inkişaf mərkəzinə çevrildiyini göstərən mühüm siyasi və beynəlxalq mesajdır. Bakı artıq iqtisadi və nəqliyyat mərkəzi olmaqla yanaşı, həm də şəhərsalma və gələcəyin yaşayış modelləri barədə qlobal müzakirələrin keçirildiyi məkan kimi ön plana çıxır.
Millət vəkili bildirir ki, Forum Azərbaycanın beynəlxalq nüfuzuna ciddi təsir göstərə bilər. Uzun illər dünya Azərbaycanı, əsasən, enerji ixrac edən ölkə kimi tanıyırdısa, indi Bakı “yaşıl inkişaf”, “ağıllı şəhər”, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya modeli ilə tanınmağa çalışır. Bu isə ölkənin yumşaq güc siyasətini gücləndirən mühüm amildir:
“Şuşa, Füzuli, Zəngilan və digər bölgələrdə həyata keçirilən layihələr forum çərçivəsində xüsusi diqqət mərkəzində olacaq. Xarici investorlar üçün burada yaşıl enerji, ağıllı nəqliyyat, rəqəmsal xidmətlər, tikinti texnologiyaları və yeni iqtisadi zonalar böyük maraq doğura bilər. Qarabağ, artıq təkcə bərpaolunan ərazi deyil, gələcəyin şəhər modeli kimi təqdim edilir.
“Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” anlayışı Azərbaycan üçün xüsusi məna daşıyır. Ölkə təhlükəsizlik məsələsinə yalnız hərbi baxımdan deyil, sosial sabitlik, ekoloji təhlükəsizlik, enerji dayanıqlılığı və texnoloji idarəetmə baxımından yanaşır. Qarabağda qurulan yeni yaşayış məntəqələri də məhz bu prinsiplər üzərində formalaşdırılır.
WUF13 Azərbaycanın urbanizasiya sahəsində regional liderlik iddiasını daha da gücləndirə bilər. Qafqaz və ətraf regionda postmüharibə yenidənqurmasını “ağıllı şəhər” konsepsiyası ilə birləşdirən belə genişmiqyaslı layihə çox nadir görünür. Azərbaycan gələcəkdə bu təcrübəni başqa ölkələr üçün də nümunə kimi təqdim edə bilər.
Bu Forum Bakının öz inkişafına da təsirsiz ötüşməyəcək. Yeni nəqliyyat layihələri, rəqəmsal şəhər idarəçiliyi, ekoloji həllər və müasir şəhərsalma yanaşmaları daha sürətlə tətbiq oluna bilər. Bakı gələcək illərdə regionun əsas urbanizasiya platformalarından birinə çevrilmək iddiasını daha açıq şəkildə ortaya qoyacaq”.
Onun sözlərinə görə, əslində, Azərbaycan WUF13 vasitəsilə dünyaya bir həqiqəti göstərməyə çalışacaq: ölkə sadəcə şəhərlər tikmir, yeni həyat modeli qurur. Qarabağda sıfırdan inşa edilən şəhərlər, yaşıl enerji əsaslı infrastruktur, ağıllı kəndlər və rəqəmsal idarəetmə sistemi Azərbaycanın gələcəyə baxışını nümayiş etdirir. Əgər bu proses uğurla davam edərsə, Azərbaycan yaxın illərdə postmüharibə şəhərsalma modelini dünyaya təqdim edən əsas ölkələrdən birinə çevrilə bilər.
"Şuşa, Füzuli, Zəngilan və digər bölgələrdə həyata keçirilən layihələr forum çərçivəsində xüsusi diqqət mərkəzində olacaq"
Politoloq Rəşad Bayramov bildirir ki, WUF 13-ün Bakıda keçirilməsi Azərbaycan üçün ölkənin şəhərsalma, postmünaqişə dövründə bərpa və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı yeni strategiyanın qlobal səviyyədə təqdimatı üçün mühüm platformadır.

Forumun UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilməsi onun həm institusional, həm də siyasi əhəmiyyətini artırır. “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu isə müasir urbanizasiya problemlərinin, yəni, təhlükəsizlik, iqlim dəyişiklikləri, sürətli şəhərləşmə və sosial dayanıqlılıq kimi məsələlərin mərkəzində dayanır:
“Şübhəsiz, Azərbaycan bu Forum vasitəsilə dünyaya, ilk növbədə, özünün postmünaqişə şəhərsalma modelini təqdim edəcək. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi, artıq təkcə milli layihə deyil, beynəlxalq urbanistik diskursun potensial nümunələrindən biri kimi dəyərləndirilir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə sıfırdan şəhər qurmaq təcrübəsi dünyada nadir hallarda rast gəlinən bir modeldir. Bu baxımdan, Azərbaycan özünü yalnız bərpa edən ölkə kimi deyil, yeni şəhərsalma konsepsiyası yaradan aktor kimi təqdim edir”.
Politoloq bildirir ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu modelin əsas dayaqlarındandır. Ağalı kəndi kimi layihələr müasir texnologiyaların, rəqəmsal idarəetmənin və ekoloji yanaşmanın birləşdirildiyi nümunəvi yaşayış məkanları kimi çıxış edir. Burada enerji təminatının böyük hissəsinin “yaşıl enerji” mənbələrindən gəlməsi, rəqəmsal xidmətlərin geniş tətbiqi və infrastrukturun sıfırdan planlaşdırılması beynəlxalq urbanistlər üçün xüsusi maraq doğurur. Bu model göstərir ki, müasir şəhər yalnız fiziki infrastruktur deyil, həm də texnoloji və sosial sistemlərin inteqrasiyasıdır:
“Azərbaycanın Qarabağda tətbiq etdiyi yanaşma “təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu ilə tam şəkildə üst-üstə düşür. Təhlükəsiz və dayanıqlı şəhər anlayışı burada yalnız fiziki təhlükəsizlik deyil, həm də iqtisadi sabitlik, ekoloji balans və sosial inteqrasiya deməkdir. Bu isə Azərbaycanın şəhərsalma strategiyasını qlobal trendlərlə uyğunlaşdırdığını göstərir.
WUF13-ün Azərbaycanın beynəlxalq imicinə də ciddi təsir göstərəcəyi şübhəsizdir. Belə ki, ölkəmiz artıq regional enerji və nəqliyyat mərkəzi olmaqla yanaşı, həm də urbanizasiya və dayanıqlı inkişaf platforması kimi tanıdılmaq imkanı əldə edəcək. Forum ölkəyə yeni diplomatik və iqtisadi imkanlar aça, xüsusilə şəhərsalma, tikinti texnologiyaları və “yaşıl enerji” layihələrinə beynəlxalq investorların marağını artıra bilər. Qarabağda həyata keçirilən layihələrin potensial investisiya məkanı kimi daha geniş şəkildə tanıdılması bu istiqamətdə investisiyaların cəlbi baxımından xüsusilə əhəmiyyətlidir. Bu forum Azərbaycanın yumşaq güc siyasətinə də mühüm töhfə verəcək. Ölkə təkcə enerji ixracatçısı və geosiyasi aktor olaraq deyil, həm də innovativ şəhərsalma modeli təqdim edən dövlət kimi qəbul edilə bilər. Bu isə beynəlxalq nüfuzun şaxələndirilməsi baxımından olduqca vacibdir. Bakı üçün isə WUF13 həm də şəhər infrastrukturunun modernləşdirilməsi, nəqliyyat planlaması və urban idarəetmə sistemlərinin təkmilləşdirilməsi baxımından katalizator rolunu oynaya bilər”.
R.Bayramov bildirir ki, WUF13 Azərbaycanın yalnız ev sahibi kimi çıxış etdiyi bir tədbir deyil, həm də ölkənin postmüharibə inkişaf modelini, “yaşıl şəhər” strategiyasını və innovativ urbanizasiya yanaşmasını dünyaya təqdim etdiyi qlobal platformadır. Bu forumdan sonra Azərbaycanın urbanizasiya sahəsində beynəlxalq əməkdaşlıqlarının genişlənməsi və Qarabağ modelinin digər regionlar üçün də nümunəyə çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir.