Dünyada bu cinayəti doğuran risk faktorlarına xüsusi önəm verilir - Zahid Oruc

12:06 21.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İnsan alveri ilə mübarizə müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən, insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun ən mühüm nailiyyətidir”.

Hafta az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair hesabatı ilə bağlı bildirib.
Deputat qeyd edib ki, dəyərləndirilməsini apardığımız 2023-cü ilin-Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə milli iradənin simvolu olan 20 sentyabr Xankəndi Zəfərinin qazanılması təkcə torpaq bütünlüyü və suverenliyimizi deyil, eləcə də uzun on illər vətəndaşlarımızın hüquq və mənafelərinə zərbə vuran, fiziki varlığını təhdid edən separatizmin, beynəlxalq terrorun, qanunsuz silah ticarətinin, narkotiklərin qeyri-leqal dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın və digər qanunsuz əməllərin də aradan qaldırılmasında müstəsna rol oynadı. 30 illik işğala son qoyulması ilk növbədə, insanlarımızın təhlükəsizliyinin dönməz təminatı deməkdir.

“Şuşa və bütün azad torpaqlara 32 il sonra ilk sakinlərin qayıtdığı bir vaxtda Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun sayca 19-cu Məlumatını müzakirə edir. Gələn il insan hüquqlarının təmin edilməsində özünəməxsus statusu və missiyası olan Baş İdarənin yaradılmasının 20 ili tamam olacaq”.

Z.Oruz qeyd edib ki, insan alveri ilə mübarizə sahəsində son 20 ildə keçilən şərəfli yol, prezident İlham Əliyevin xalqımıza rəhbərliyi dövrünü özündə əks etdirməklə dövlətçiliyimizin möhkəmləndirilməsini, milli hüquq sisteminin təkmilləşdirilməsini, eləcə də də müstəqillik illərində ardıcıl inkişaf edən Daxili İşlər Orqanlarının peşəkar fəaliyyətini obyektiv qiymətləndirməyə imkanı verir.

“Ulu öndər Heydər Əliyevin inkişaf etdirdiyi hüquq-mühafizə orqanlarının 1993-2003-cü illərdə əldə etdiyi zəngin təcrübəni dövlətçiliyimizin sarsılmaz təməllərinə çevirməklə təkcə ictimai-siyasi sabitliyi təmin etmək və cinayətkarlıqla mübarizə aparmaq deyil, eləcə də 44 günlük Vətən müharibəsində düşmənə qarşı savaşda həyatlarını qurban verən, şəhid olan, nəhayət, son 4 ildə azad edilən bütün torpaqlarda ilk komendatura xidməti ilə vətəndaşlarımızın təhlükəsizliyini qoruyan, ən başlıcası, Böyük Qayıdışın uğurla həyata keçirilməsinə yaxından kömək edən Milli Polisimizin şərəfli fəaliyyəti ehtirama layiqdir”

Z.Oruc bildirib ki, Milli Koordinator, hörmətli Seyfulla Əzimovun ətraflı təqdim etdiyi İllik Məlumatdan göründüyü kimi keçmiş sovet məkanında yalnız ölkəmizdə xüsusi statusda fəaliyyət göstərən Baş İdarə ötən il kütləvi maarifləndirməyə xüsusi önəm verib.

“Bəzən gizli xarakterə malik insan alveri qurbanlarının vaxtında məlumatlandırılması, qabaqlayıcı tədbirlərin görülməsi onları cinsi istismar, məcburi əmək, orqan alveri, köləlik və digər təhlükələrdən qoruyur. Daxili İşlər Nazirliyi təkcə 45 təşkilatı birləşdirən vətəndaş cəmiyyəti ilə deyil, eləcə də Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyətləri ilə birgə təlimlərin, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasının müsbət nəticələri cinayətlərin aşağı dinamikasında görünür.

İkinci fəaliyyət istiqaməti cəza tədbirləridir. Beynəxalq hesabatlarda məhkəmə sisteminin yumşaq hökmləri, şərti cəzaları hər zaman mənfi hal kimi vurğulanırdı. Üçüncü istiqamət, insan alverinin transmilli xarakteri nəzərə alınaraq, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, xarici hesabatlardan irəli gələn tövsiyyələrin dəyərləndirilməsidir.

Əlbəttə, İllik Məlumat təkcə bir Nazirliyin deyil, ölkə üzrə 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin məcmusudur. Bu çox mühüm məsələdir, çünki mübarizə yalnız bir qurum vasitəsilə aparıla bilməz. Tam əminliklə demək olar ki, İşçi qrupun aparıcı qüvvəsi kimi Daxili İşlər Nazirliyi ən əlçatan qurumdur, çünki nazir hörmətli Vilayət Eyvazov uzun illər Milli Koordinator kimi bu sahədə beynəlxalq və daxili tələbləri, yanaşmaları çox yaxşı bilir, ona xüsusi önəm verir”.
Deputat eyni zamanda qeyd edib ki, Parlament və Daxili İşlər Orqanları arasında yüksək əməkdaşlıq mühiti formalaşıb. Onun fikrincə, Əfv Komissiyasının üzvü kimi deyə bilərik ki, məhkumlara münasibətdə mərhəmət və humanizm istənilərkən, insan alveri cinayətini törədənlərə qarşı Daxili İşlər Nazirinin hər zaman sərt, güzəştsiz mövqeyi təqdirəlayiqdir.
“Haqlı olaraq, dünyada bu cinayəti doğuran risk faktorlarına xüsusi önəm verilir. Terror hadisələri, daxili toqquşmalar, vətəndaş qarşıdurmaları, daxili köçkünlük, siyasi qeyri-sabitliyin və digər tendensiyalar insan alveri təhlükəsini gücləndirir. Məsələn, Rusiya-Ukrayna müharibəsinin yaratdığı milyonlarla qaçqın və köçkün ən çox insan alveri qurbanlarının da artmasına yol açır. O cümlədən, yetərsiz qidalanma, əmək bazarında açıq rəqabət mühitinin olmaması, dövlət və biznesin məhsul və xidmətləri alarkən məcburi əməkdən faydalanması da bu cinayət əməlinə münbit zəmin yaradır”.