Dünyadakı münaqişələr nədən on illərlə həllini tapmır? - Ərəstun Oruclu cavablandırır

16:03 18.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

On illərdir ki, dünyada Qarabağ məsələsi kimi, Fələstin, Kəşmir, Tayvan və s. kimi konfliktlər öz qəti həllini tapa bilmir. Görəsən, planetdəki bu və digər münaqişələrin on illərlə həll olunmaması yalnız xalqlar, millətlər, dövlətlərarası münasibətlərdən irəli gəlir, yoxsa qlobal güclərin həmin münaqişələrdən öz geosiyasi maraq və planlarını həyata keçirmək və bir-biri ilə rəqabət aparmaq rıçaqları kimi yararlanmasından?..

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: 

“Münaqişələrin uzun müddət davam etməsində və öz həllini tapa bilməməsində şübhəsiz ki, bir faktor rol oynamır. Burada müxtəlif faktorlar mövcuddur. Xalqların da rolu var. Bir sıra hallarda hökumətlərin də həmin münaqişələrin saxlanılmasında marağı olur. Çünki münaqişələr hər zaman xarici düşmən faktoru yaratmağa və daxili problemləri ört-basdır etməyə imkan yaradır. Biz bunun çox şahidi olmuşuq. Digər tərəfdən, münaqişələrin, xüsusilə uzunmüddətli münaqişələrin həlli dövlətin daxilindəki status-kvonu, ictimai-siyasi reallığı dəyişir ki, bu da hakimiyyətlər üçün diskomfort yaradır. Bu da səbəblərdən biridir. Amma münaqişələrin qlobal güclər tərəfindən bir geo-siyasi təsir vasitəsi kimi istifadə olunması da istisna deyil. Əksinə, deyərdim ki, bu amilin konfliktlərin həllinin uzanmasında çox böyük rolu var. Və biz Qarabağ münaqişəsinin 30 ilə yaxın həll olunmamasında, bunun üçün bir addım da atılmamasında bunu açıq-aydın gördük. Heç bir addım atılmamasının səbəbi o idi ki, münaqişənin həllində vasitəçilik edən  qlobal güclərin (konkret halda bu Rusiya, ABŞ və Avropa Birliyini təmsil edən Fransa) hər biri  Qarabağ məsələsinə öz qlobal və regional maraqları çərçivəsində yanaşırdı... Belə olan halda isə təbii ki, konfliktlər bir münaqişədən daha çox geo-siyasi təsir alətinə çevrilir. Və Qarabağ münaqişəsinin də uzun illər boyu həll olunmamasının başlıca səbəblərindən biri məhz budur. Şübhəsiz bu amilin müstəsna rolu var...”

Siyasət rubrikasından digər xəbərlər