Dünyanın sağçı partiya liderləri Portiqaliyaya toplaşacaq

09:45 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyada radikal sağçı Chega Partiyası dünyanın hər yerindən həmfikir liderlərin iştirakı ilə dünya sammiti keçirəcəyini açıqlayıb.

Hafta.az-ın "Portugal Resident"ə istinadən yazdığına görə, partiya lideri Andre Ventura mayın 13-14-də keçiriləcək sammitdə Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro və İtaliya baş nazirinin müavini Matteo Salvininin də iştirak edəcəyini açıqlayıb.

“Jair Bolsonaro, Matteo Salvini və bir çox digər Avropa sağ liderlərinin iştirakı Lissabonu Avropa sağının və sosializmə qarşı mübarizənin ən mühüm mərkəzlərindən birinə çevirəcək”, - Ventura bildirib.

Partiya lideri əvvəlki açıqlamalarında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və radikal sağçı Fransa lideri Marin Le Penin də sammitə dəvət ediləcəyini bildirmişdi.

Portuqaliya mətbuatı sammitin “son dərəcə mühafizəkar Amerika hərəkatı”nın təsirini Avropaya daşımaq məqsədi daşıdığını yazıb. Bildirilib ki, Hollandiya Azadlıq Partiyasının lideri Geert Vilders, Almaniyadan AfD lideri Tino Çrupalla və İspaniyanın “Vox” partiyasından Santiaqo Abaskal sammit dəvətlərini qəbul edib.

Portuqaliya mətbuatında çıxan xəbərlərdə zirvənin Lissabon polisinə başağrısı verəcəyi şərh edilib. Chega Partiyası isə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıqlarını və qonaqların təhlükəsizliyinin lazımi qaydada təmin ediləcəyini açıqlayıb.

2022-ci ilin yanvarında Portuqaliyada keçirilən seçkilərdə Sosialist Partiyası təəccüblü şəkildə parlament çoxluğunu qazana bilib, "Cheqa" isə səslərini artıraraq Sosial Demokratlardan sonra üçüncü partiya olub. Seçkidən sonrakı sorğular "Chega"nın Portuqaliyanın ən sürətlə inkişaf edən partiyası olduğunu göstərib.

Siyasət rubrikasından digər xəbərlər