“Ekoloji terrora son” aksiyasının müsbət nəticəsi o zaman bəhrə verəcək ki...” - Açıqlama

10:19 15.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan uzun illər erməni separatçılarının Qarabağda törətdiyi ekoloji terrorla bağlı Avropa Birliyinə ciddi mesajlar ötürüb. Edilən müraciətlər təkcə ekoloji terrorla bağlı deyil, həm də ermənilərin işğal altında olan ərazilərimizdə narkotik maddələr becərib, İran vasitəsi ilə Avropa ölkələrinə ötürməsi, ərazilərimizdən narkotranzit kimi istifadə olunması ilə bağlıdır. Biz bunu sübutlarla beynəlxalq təşkilatlara təqdim etsək də, Avropa, bizə əhəmiyyət verməyib. Bu gün torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan xalqı ermənilərin yenə də ərazilərimizdə davam etdiyi ekoloji terrora qarşı sakit dayana bilməz və özünün mövqeyini Laçın-Şuşa yolunda keçirilən dinc aksiya ilə nümayiş etdirir.

Bu fikirləri hafta.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydınxan Əbilov deyib.  

Onun sözlərinə görə, Ermənistan və onun havadarlarının, o cümlədən Fransa şirkətlərinin, eləcə də Vardanyan kimi erməni oliqarxın gəlib Qarabağda qızıl, mis və digər yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsinə, özbaşınalığına  Azərbaycan ictimaiyyəti olaraq dözə bilmərik:

“Azərbaycan dövləti qayıdış proqramına əsasən əhalini işğaldan azad olunan əraziləri təmizləyərək, bərpa edərək  o yerlərə köçürür. Erməni vətəndaşlarımız da başa düşməlidir ki, orda yaşamaq onlar üçün təhlükəlidir. Azərbaycan dövləti erməni vətəndaşlarının da həmin ərazilərdə rahat yaşaması üçün bir çox humanitar addımlar atıb. Elə ermənilərin müharibə zamanı Ermənistana gedə bilməsini yüngülləşdirmək üçün Laçından yol verməsi bunun bir nümunəsidir. 

Azərbaycan ərazilərində evləri dağıtmaqla kifayətlənməyən erməni vandalları, ağaçları da kəsiblər. İndi rusiyalı milyarder Vardanyan  da Qarabağa elə - belə köçməyib.  O, düşünüb ki, bölgədə xaotik vəziyyətdir, üçtərəfli sazişin bəndləri yerinə yetirilənə qədər Qarabağın təbii sərvətlərini bir az da talasınlar.

Azərbaycan hökuməti yenə də humanist davranaraq Qarabağda mövcud olan erməni silahlılarına, ekoloji terrorçulara qaşı səbr nümayiş etdirib, buna antiterror əməliyyatı ilə cavab vermədi. Amma bizim Azərbaycan ictimaiyyəti artıq buna səbr edə bilmir. Dəfələrlə müraciətlərimiz oldu. Hətta Azərbaycan hökuməti ora qeyri-qanuni səfərlər edib, aksiyalar keçirdiyinə görə bir neçə ictimai aktivisti həbs etmişdi. Artıq ictimaiyyət etiraz əlaməti olaraq o yola getdilər və  hüquq -mühafizə orqanları da fakt qarşsında qaldılar. Aksiyaçılar sivil  qaydada öz münasibətini bildirirlər və dünyanın qəbul etdiyi Azərbaycan xalq diplomatiyasının formatından istifadə etdilər. Aksiyaçılar sülhməramlıların rəhbərinin ora gəlməsini və əvvəlcədən razılaşdırılmış əlaqələrin  bərpa edilməsini tələb edirdilər. Eyni zamanda ermənilərlə ünsiyyətə girib erməniləri Azərbaycan vətəndaşı kimi dinc yaşamağa dəvət edirdilər. İctimai fəallar erməni vətəndaşlara qarant olduqlarını dedilər. Lakin ermənilər bunu istəmədilər və konflikt get-gedə qızışır.

 “Ekoloji terrora son” aksiyasının müsbət nəticəsi o zaman bəhrə verəcək ki, erməni silahlıları ərazilərimizdən çıxarılsın, üçtərəfli sazişin bəndləri yerinə yetirilsin və ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasına maneələr törədilməsin. Əks halda, aksiyaçıların tələbləri yerinə yetirilmədikcə gərginlik davam edə bilər”.

Siyasət rubrikasından digər xəbərlər