Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə maarifləndirmə tədbirlərinin artırılması” layihəsi üzrə növbəti tədbirini Xaçmaz şəhərində keçirib.
Hafta.az xəbər verir ki, Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə keçirilən tədbirdə “Uşaq və gənclərin insan alveri cinayətkarlarından qorunması” mövzusu üzrə çıxışlar edilib, müzakirələr aparılıb.
Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Layihənin rəhbəri İlham Əliyev tədbirin mövzusu və layihənin məqsədi haqda məlumat verərək sözü Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarova verdi.
RİH nümayəndəsi insan alverînə qarşı mübarizədə maariflənməni vacib olduğunu və belə tədbirlərin vacibliyini vurğuladı. Natiq qeyd etdi ki, xüsusən gənclərin bu istiqamətdə məlumatlandırılmasını ehtiyac var.
Layihə rəhbəri, HDİM-in rəhbəri İlham Əliyev insan alveri ilə bağlı beynəlxalq və yerli statistikanı nəzərə çatdırdı və baş verən faktların motivlərini açıqladı.
Layihə rəhbəri tədbir iştirakçılarına insan alverçilərinin metodları və üsulları haqda ətraflı məlumat verib, onları belə hallar haqda xəbərləri olanda müvafiq orqanlara və ictimai təşkilatlara məlumat verməyə çağırıb. Təşkilat rəhbəri bu sahədə dövlətin həyata keçirdiyi işləri və cəmiyyətin bu istiqamətdə öhdəsinə düşən vəzifələrdən danışıb.
Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.
Layihənin eksperti, sosioloq Elçin Bayramlı insan alveri cinayətkarlarının ən çox internet platformalar, sosial şəbəkələr vasitəsilə insanları tələyə saldıqlarını, xaricdə iş və təhsil adı ilə apardıqlarını deyib. BMT-nin insan alveri ilə bağlı statistikasına diqqət çəkən ekspert bildirib ki, dünyada ən çox insan alveri halları yoxsul ölkələrdə, xüsusən də müharibə və münaqişələr olan ölkələrdə reallaşır.
Sosioloq bu ölkələrdə yüz minlərlə insanın, orqan alveri, qadın istismarı və məcburi əməyə cəlb olduğunu deyərək Azərbaycanda belə problemlərin olmadığını, çox az halların qeydə alındığını deyib. O, gəncləri və yeniyetmələri sosial şəbəkələrdə ehtiyatlı olmağa və hər hansı qanunsuzluq faktı aşkar edəndə müvafiq orqanlara məlumat verməyə çağırıb.
Daha sonra Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin müəllimləri Qumru Səlimova və Elnarə Ağayeva çıxış edərək bildirdi ki, bu mövzuda məktəblilərə dərslərdə məlumatlar verilir, amma belə tədbirlərin təşkili onların bu sahədə daha çox məlumatlı olmasına yardım edir. Kənd Xudat tibb ambulatoriyasının həkimi Nəsir Həsənov çıxış edərək bu mövzularda gənclərin maariflənməsinin və onları zəruri biliklərlə təchiz etməyin vacibliyini qeyd ediblər.
Tədbirdə məktəbin şagirdləri mövzu ilə bağlı fikirlərini bildirib, ekspertlərə suallar ünvanlayıblar. Sualları cavablandıran ekspertlər maraqlı faktlar açıqlayıblar. Tədbir fikir mübadiləsi və geniş müzakirələrlə başa çatıb.
Sonda iştirakçılara bukletlər və məlumat vərəqələri paylanıb.