Ərdoğanın rusca çap olunan kitabı Rusiyada 846 rubla satılır

11:10 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabı rus dilində nəşr olunub.

Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə, "Prospekt” Nəşriyyatı tərəfindən nəşr olunan kitabda müasir dünya düzəninin geniş şəkildə qiymətləndirilməsi araşdırılır. Dünyadakı ədalətsizliklər, qaçqınlar problemləri, beynəlxalq terrorizm və qlobal siyasətdə islamofobiyaya qiymət verilir, həmçinin Birləşmiş Millətlər Təşkilatının qanuniliyi, funksionallığı, effektivliyi və əhatəliliyinə diqqət çəkilir.

Xəbərdə deyilir: "Ərdoğan qlobal ədalətin bərqərar olmasına cavabdeh olan qurumların ətalətlə hərəkət etdiyinə inanır. Onun sözlərinə görə, keçmişin zərurətlərinə uyğun formalaşan sistemlə müasir problemləri həll etmək mümkün deyil. Türkiyə prezidenti "Yalnız veto hüququ olan beş ölkənin maraqlarına xidmət etdiyinə" inandığı BMT Təhlükəsizlik Şurasının hərtərəfli islahat ehtiyacına diqqət çəkir".

Rusiyanın ən böyük onlayn alış-veriş saytı olan wildberries.ru-da kitab 846 rubla (təxminən 18 manat) satışdadır.

Qızıl Meydanda 9-cu Moskva Kitab Festivalında oxucularla görüşən kitabı Ərciyəs Universitetinin müəllimi Sevinç Üçgül tərcümə edib.

Türkiyənin Moskvadakı səfiri Məhmət Samsar da Türkiyə Cümhuriyyəti Kommunikasiyalar İdarəsinin koordinasiyası ilə Rusiyada ilk nəşri yayımlanan kitabın təqdimatının keçirildiyi stendi ziyarət edib.

Siyasət rubrikasından digər xəbərlər