Erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır - Milli Qəhrəmanın qardaşı

15:18 08.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Əvvəla deyim ki, hadisə ilə bağlı videogörüntülərdən də bəlli olur ki, həmin yola mina yenicə qoyulub. Onu da nəzərə almaq gərəkdir ki,  din xadimləri adı altında ermənilərin Rusiya hərbçilərinin müşayiəti ilə iki gündən bir qrup-qrup getdikləri Xudavəng məbədi Susuzluq ərazisinə yaxın bir məkandadır". 

Bu fikirləri hafta.az-a 1-ci Qarabağ müharibəsində Ağdam istiqamətindəki mühəndis-istehkamçı birləşmənin tərkibində döyüşmüş, “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov deyib.

Onun sözlərinə görə, 1-ci Qarabağ müharibəsinin təcrübəsindən də bilirik ki, döyüş zonasına gələn erməni keşişlərin 99 faizi kəşfiyyatçıdır: "Amma indiki vəziyyətdə ərazidəki hər hansı bir təxribata görə əsas məsuliyyət “sülhməramlı” adlanan Rusiya hərbçilərinin üzərinə düşür. Eyni zamanda bu faciəli hadisə onu da göstərir ki, oxşar təxribatlar, Allah eləməmiş, Şuşa rayonu ərazisində də baş verə bilər. Torpağı azad edəndən sonra ilk növbədə  orada yaşayan və ya yaşayacaq insanların təhlükəsizliyi təmin olunmalıdır.  Orada işləyən və yaşayanların təhlükəsizliyini təmin edə bilmiriksə, həmin torpağın azad olunduğunu söyləmək doğru deyil…

Bütün bu təxribatların başında duran  Rusiyadır. Kəlbəcərdəki məbədə gedib-gələn keşişlərin nə ilə məşğul olduğu daim izlənirmi? Müasir qurğular vasitəsilə  tank əleyhinə minanın qoyulması  cəmi 5-6 dəqiqəyə başa gəlir.  Həm də  minanın qoyulma dərinliyini də nəzərə almaq gərəkdir. 10-15 sm dərinliyə qoyulmuş mina birinci maşın keçən kimi partlayır.  60 sm.-lik dərinliyə basdırılmış mina, məsələn, 6 maşından sonra partlayır. Yəni onun partlaması üçün lazım olan ağırlıq o vaxt yaranır. Mina təhlükəsi çox olan işğaldan azad olunmuş ərazilərdə işləyən hərbi və mülki sürücülərə də xüsusiu təlimlər keçəmək gərəkdir. Məsələn, 1992-1993-cü illərdə Ağdamda tərkibində döyüşdüyüm mühəndis- istehkamçı  birləşmənin komandiri rəhmətlik Rəhim Əliyev  bizə öyrədirdi ki, əgər yük avtomobili, yaxud arxa oturacaqları boş digər avtomobillə gedirsənsə, minalı sahədən yüksək sürətlə, saatda azı 80 km-dən çox sürətlə keçməlisən ki, mina partlasa, sürücü və komandir olan kabinəyə güclü zərbə dəyməsin. Çünki əgər ön təkərlərdən  biri minaya düşürsə, mina həmin anda yox, arxa təkərlər də oradan keçəndə  1-2 saniyə ərzində partlayıır. O halda ölümdən 50 faiz sığortalı olursan… Mən özüm iki dəfə minaya düşmüşəm. Cabir Musayev adlı döyüşçümüzlə birgə “KaMAZ” maşınla Ağdam yaxınlığındakı Naxçıvanik kəndinə silah-sursat aparmaq məqsədilə gedərkən sürətlə getdiyimizdən ikimiz də salamat qaldıq. Cabir ayaqlarından, başından ağır yaralandı, mən isə başımdan yüngül yaralar aldım. Avtomobil isə kuzovun orta hissəsindən tamamilə dağıldı…

Düzdü, Kəlbəcərdəki məlum hadisəyə dediyimiz təlimatı tətbiq etmək doğru deyil. Həmin “KaMAZ” markalı maşının arxa hissəsi sərnişinlər üçün düzəldilib. Və təəssüf ki, həlak olanlar da elə həmin hissədə olub… Bütün hallarda ehtiyatlı və ayıq-sayıq olmaq gərəkdir…

Onu da deyim ki, Qarabağda 1-ci savaşda basdırılmış minaların indiyədək qalması ehtimalı çox azdır. Ermənilər o torpaqları 30 ildir qarış-qarış gəzib talayıblar, mal-qara otarıblar.  Amma son 44 günlük savaş zamanı basdırılmış  minaların xəritələri, çox güman ki, erməni hərbi qurumlarında var. Yəqin ki, bunu Rusiya Müdafiə Nazirliyi də bilir. Sadəcə, müəyyən məqsədlərlə o xəritələri bizə vermirlər... Odur ki, hazırda bizim maksimum dərəcədə öz gücümüzlə minaları təmizləməkdən və  düşmənin diversiya qruplarının ərazimizə keçərək yolları, cığırları minalamasının qarşısını mümkün qədər almaqdan savayı əlacımız yoxdur…”.