Ermənilərin mart təxribatları – Müzakirə

13:28 30.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında qalan Azərbaycan ərazilərində erməni separatçılarına gizli yollarla silah və texnika daşınması prosesi nəticədə Azərbaycan ordusunun bu torpaq yolları nəzarəti altına alması ilə nəticələndi. Mart ayı ümumiyyətlə növbəti erməni təxribatları ilə yadda qaldı. İki hərbçimiz şəhid oldu. Ən önəmlisi budur ki, müvafiq xəbərdarlıqlara baxmayaraq bölgədə təhlükəsizliyə cavabdeh olan ölkə separatizmə açıq dəstək verdiyini hər vasitə ilə nümayiş etdirir. Mart ayının 5-dən başlayaraq Qarabağda və Ermənistanla şərti sərhədlərdə baş verən erməni təxribatları və hərbi toqquşmalar Azərbaycanı hansı addımlar atmağa məcbur edir? Baş verənlərin məsuliyyəti kimin üzərindədir?

Elxan Şıxəliyev, hərbi ekspert:

- İndiki son vəziyyət siyasi dialoqların dalana dirəndiyi və hərbi ritorikanın sahəyə yansıdığı bir mərhələdir. Sülhə gəlməyən Ermənistan, erməni separatçıları Azərbaycana başqa bir seçim buraxmır.  Azərbaycan “sülh sazişi”, “inteqrasiya” desə də, qarşı tərəf revanşist bəyanatlar və müharibə ritorikası ilə çıxış edir, Qarabağda qalan erməni separatçıları "Biz axıra qədər bu bölgədə döyüşəcəyik" bəyanatları ilə təxribatlar törədir, Azərbaycan qanunlarını pozur, bölgədə terror təhlükəsi yaradırlar. Digər tərəfdən, Ermənistan Azərbaycanı İranla, Avropa İttifaqı və  Fransanın öndərliyi ilə Rusiya ilə müharibəyə təhrik edir. Azərbaycan Qarabağdakı sonuncu əməliyyatları  əsgərləimizə, hərbçilrimizə xətər yetirmədən həyata keçirdi və biz mərhələli şəkildə gərginlik həlqəsini daraldaraq istəklərimizə nail olacağıq. Antiterror əməliyyatlarının keçirilməsi legitim hüququmuzdur. Amma apardığımız əməliyyatların fonunda qarşı tərəfin sonrakı yanaşmasının nə olacağını da nəzarətdən qaçırmamalıyıq. Ermənilər bilməlidirlər ki, əgər antiterror əməliyyatlarının keçirilməsini istəmirlərsə, qeyri-qanuni birləşmələrini bölgədən çıxarmalı, sonrakı mərhələdə inteqrasiyaya başlamalıdırlar. Üçüncü variant prosesin antiterror əməliyyatının tətbiqi ilə həll edilməsidir. Bütün münaqişələr, müharibələr sonda bitməlidir və biz də Qarabağ ərazisində qeyri-qanuni birləşmələri yox etməliyik. Laçın yolunun Gorusla kəsişdiyi yerdə nəzarət-buraxılış məntəqəmizin bərpası və inteqrasiyanın başlanması baş vermədiyi təqdirdə, Ermənistan, Qarabağdakı separatçılar Azərbaycanın hərbi zərbəsinə də hazır olmalıdırlar.

Aydın Quliyev, siyasi şərhçi:

- Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişinin imzalanması imkanları yaxşılaşdıqca daha pozucu və təxribatçı mövqe tutur. Ermənistan regionda açılmış sülh sazişi şanslarını mümkün qədər qapatmağa və prosesi gecikdirməyə çalışır.  Bir daha sübut olunur ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil və 10 Noyabr sazişindən ötən iki ildən artıq müddətdə sülh sazişinin imzalanmamasının məsuliyyəti məhz Ermənistanın üzərindədir.

Ermənistan Xankəndi ermənilərinə vəziyyətin hərbi cəhətdən eskolasiyasına imkan verən  qanunsuz yüklərin daşınması üçün yeni imkanlar və yollar axtarılır. Laçın yoluna alternativ olan torpaq yollardan istifadə edilir, Azərbaycan tərəfinin torpaq yollarını nəzarətə götürməsi qarşısında Ermənistan rəhbərliyi yeni alternativ torpaq yollar axtarır. Ona görə də son günlər Xankəndi, Xəlfəli, Turşsu yoluna alternativ başqa bir yol da çəkiblər. Bu yoldan istifadə edərək Xankəndinə yüklər daşınır. Eləcə də qanunsuz silahlı birləşmələrin Xankəndidə şəxsi rotasiyası həyata keçirilib. Son həftələrdə, martın 5-dən başlayaraq həm Zəngilan rayonu ərazisində, həm də istifadə olunan alternativ torpaq yollarda toqquşmalara səbəb olublar. Bu toqquşmalarda Azərbaycan hərbçiləri zərər görüblər.

Ermənistanın bu qanunsuz əməllərinə Rusiya sülhməramlıları tərəfindən sükutla dəstək verilməsi, bəzi hallarda Ermənistanın qanunsuz silah daşımalarının sülhməramlılar tərəfindən himayə edilməsi, həqiqətən,  bölgədə müharibə riskinin artmasından xəbər verir. Təəssüflər olsun, müharibə riski bölgədə sülhməramlıların fəal dəstəyi ilə yaranır. Ona görə də Azərbaycanın indiki şəraitdə atdığı addımlar şəraitə və məntiqə uyğundur. Azərbaycan sülh sazişinin imzalanması prosesinə sadiq olduğunu nümayiş etdirir. Azərbaycan istər sülhməramlıların rəhbərliyinə, istər Ermənistanda artan hərbi eskolasiya ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda, Rusiya sülhməramlıları və Ermənistan rəhbərliyinə  Xankəndinə hərbi gərginliyi artıran silah-sursatın daşınması ilə bağlı müraciətlər edib.  Ermənistan və Rusiya sülhməramlıları bu müraciətlərə məhəl qoymadıqlarına görə,  Azərbaycan öz imkanları və gücü ilə  Xankəndinə qanunsuz silah daşınmasını nəzarətə götürməyə imkan verən tədbirlər görüb. Azərbaycan rəhbərliyi, əslində, Vətən Müharibəsindən sonra növbəti dəfə şəraitə təkbaşına nəzarət etmək gücündə və qabiliyyətində olduğunu nümayiş etdirib.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi:

- Ermənistan tərəfi müharibədən iki il keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsi istiqamətində manipulyasiyalar edir, təxribatlara əl atır. Rusiya, Fransa, İran regionda sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Rusiya geosyasi mövqeyinin zəifləməsindən, Fransa və İran Türkiyənin Cənubi Qafqazda geostrateji mövqeyinin möhkəmlənməsindən narahatdır. Ona görə də Ermənistana dəstək verirlər ki, sülh müqaviləsinə imza atmasınlar.  Ermənistanın təxribatlara getməsi, atəşkəsi mütəmadi pozması, Qarabağda separatçılara dəstək verməsi bundan irəli gəlir. Hesab edirəm ki, Azərbaycan tərəfi Laçın yolunda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini təmin edəndən sonra, bu proseslər sona çata bilər. Bu zaman Rusiya ilə Ermənistanın əl-qolu bağlanacaq. Proses çox mürəkkəb olsa da həll variantı var. Bu, diplomatik danışıqlar yolu ilə deyil, yalnız Azərbaycanın güc tətbiq etməsi ilə reallaşa bilər.  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə gedən yol ortada olan problemləri aradan qaldırmaqdan keçir. Bu da Azərbaycanın hərbi və siyasi iradəsindən asılıdır. Hazırda siyasi iradə yerinə yetirilir”.

Əhəd Məmmədli, siyasi şərhçi:

- Son dönəmlər  ermənilərin diplomatik masalarda,  ritorikalarında inamlı görünməsinin arxasında Fransa, Hindistan, ABŞ, İran, Rusiya dayanır. Bu dövlətlər Ermənistanı silahlandırır, ona siyasi dəstək verirlər. Prezidentin də ifadə etdiyi kimi, Qarabağda 10 min erməni silahlısı qalıb. Bu, bir terror təşkilatının tam komplekləşməsi deməkdir.  Azərbaycan Ordusunun yüksəklikləri azad etməsi düzgün addımdır və bu, davam etdirilməlidir. İşğalçı yerində otuzdurulmalı, Azərbaycan ərazi bütövlüyünə müvəffəq olmalıdır. Sonra gec ola bilər.

Asif Əsgərli, politoloq:

- Mart ayında Ermənistanın Qarabağda törətdiyi ardıcıl təxribatlar, separatçıları silahlandırmaq üçün bölgədə alternativ torpaq yolundan istifadə edilməsi, qeyri-qanuni yüklərin daşınması, Rusiya sülhməramlılalrının buna göz yumub onlara dəstək verməsi Azərbaycan tərəfini digər vasitələrə əl atmağa məcbur edib. Bu faktorlar həmin ərazilərin  nəzarətə götürülməsini, yolların bağlanması zərurətini yaradır. Azərbaycan paralel olaraq sülh danışıqları aparır, bölgədəki erməni icmasını danışıqlara dəvət edir. Əgər Rusiya sülhməramlıları buna göz yumacaqsa, nəzarət-buraxılış məntəqəsinin yaranmasına şərait yaratmayacaqsa, yenə güç öz üzərimizdə qalır. Beynəlxalq təşkilatlar Laçın yolunun bağlanması, blokada iddiası ilə üzərimizə gəlməyə cəhdlər edirlər. Bunun heç bir faydası yoxdur. Azərbaycan mövqeyini bildirib. Azərbaycan ərazilərində Azərbaycan qanunları bərpa olunmalı, nəzarət-buraxılış məntəqələri qoyulmalıdır. Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqələri yaradılmalı, ərazi tam silahsızlaşdırılmalıdır. Biz konkret addımların atılmasını və nəticələrini görəcəyik”.

Çingiz Qənizadə, hüquq müdafiəçisi:

- Ermənistanın siyasi hakimiyyəti son vaxtlar hərbi ritorikanı, revanşist fikirlərini daha  da sərtləşdirib və hətta çəkinmədən təhqiramiz ifadələrdən də istifadə edir. Biz bu cür davranışları Ermənistanın xarici işlər nazirinin Moskva görüşü, digər ölkələrə səfəri zamanı verdiyi açıqlamalarda, eləcə də Paşinyan hökumətinin kabinetində və başqa dövlət rəsmiləri ilə telefon əlaqələri zamanı Azərbaycana qarşı dediyi yalan, böhtan, həqiqətə uyğun olmayan ifadələrində gördük.  Paşinyan bir gün  müharibə ritorikası ilə danışır, növbəti gün isə deyir ki, sülhə yaxınıq, sülh sazişi imzalanacaq. Paşinyan stabil siyasət yürüdən siyasətçi olmadığına görə, Ermənistan siyasi hakimiyyətinin nə istədiyini heç erməni politoloqları da  təhlil edib bir nəticə çıxara bilmirlər.  Ermənistan Avropa İttifaqından  gələn missiyaların sərhəddə olmasından və Avropada olan himayədarlarının dəstəyinin getdikcə ciddiləşdiyini və daha da gücləndiyini gördükcə həyasızlaşır. Ermənistan hərbi təxribatlara əl atmaqla Azərbaycan tərəfinin iki şəhid verməsinə səbəb olub. Eyni zamanda martın 20-də Zəngilan ərazisində Azərbaycan hərbçisinin yaralanması və Qarabağda qalan qeyri-qanuni erməni birləşmələri üçün alternativ yollardan istifadə edərək hərbi yüklərin daşınması faktları deyilənlərə əyani sübutdur. Rusiya sülhməramlıları bölgədə nəinki bu prosesin qarşısını alır, hətta BTR-lə bu cür qanunsüz yüklərin qarşısında gedərək onlara şərait  yaradırlar. Bütün bu faktlar göstərir ki, Rusiya sülhməramlıları da Qarabağa, bölgəyə sülhə xidmət etmək üçün gəlməyiblər. Rus hərbçiləri separatçıları dəstəkləmək üçün oradadırlar. Azərbaycan tərəfinin ardıcıl və davamlı xəbərdarlıqlarından sonra, ordumuz alternativ deyilən o iki yolda yükdaşımaların qarşısını almaq üçün müəyyən yüksəklikləri ələ keçirib. Hesab edirəm, əgər qeyri-qanuni yüklərin daşınması yenə müşahidə olunacaqsa, Azərbaycan tərəfi hərbi yüklərlə hərəkət edən texnikaları məhv etmək hüququnu özündə saxlayır. Əgər separatçılar alternativ yolu çəkməklə nəyəsə nail olmaq istəyirlərsə, bu onların xülyalarıdır və təbii ki, bu reallaşa bilməz.  Qarabağ Azərbaycan torpağıdır və bu torpaqda terrorçuların  olması Azərbaycan qanunlarına ziddir. Azərbaycan sərhəd-keçid məntəqələrini qurmaqla və digər dövlət maraqlı addımları atmaqla öz ərazilərində sabitliyi, qanunlarını bərpa edəcək”.

Siyasət rubrikasından digər xəbərlər