Şuşa Bəyannaməsi sülhə və bölgənin təhlükəsizliyinə xidmət edir. On bir səhifədən ibarət sənəddə əks olunan bütün bəndlər münaqişənin həllindən sonra yaranan reallıqları səmərəli imkanlara çevirməyə və bölgənin rifahını sürətləndirməyə hesablanıb. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda əsas söz sahibi olması bütün bölgə dövlətlərinin marağına xidmət edir.
Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu iki ölkənin siyasi və iqtisadi iradəsi sayəsində bölgə səmərəli əməkdaşlıq platformasına çevrilib. Qarabağ münaqişəsinin həlli isə bu platformanı daha da genişləndirəcək:
"Azərbaycan və Türkiyənin təklif etdiyi 6-lı format bütün tərəflərə fayda gətirəcək. Şuşa Bəyannaməsinin imzalanması zamanı Azərbaycan və Türkiyə prezidentlərinin açıqladığı bəyanatdan da aydın oldu ki, bütün tərəflər bu əməkdaşlığın tezliklə reallaşmasında maraqlıdır. Yalnız hələ ki, Ermənistan adekvat davranış sərgiləmir. Halbuki cənab Ərdoğan da Şuşada olarkən dedi: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Eyni zamanda Milli Məclisdə çıxış zamanı da Ərdoğan Ermənistana mesaj ünvanladı. Bildirdi ki, bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də də lazımi addımları atacaq. Türkiyə sərhədlərinin açılmasının Ermənistan üçün hansı faydaları gətirəcəyini təxmin etmık çətin deyil. Bir sözlə, Azərbaycan Türkiyə müttəfiqliyinin dərinləşməsi konstruktiv əsaslara söykənir. Ermənistanın Şuşa Bəyannaməsi ilə bağlı mövqeyi bu ölkənin rasional düşünmək niyyətində olmadığını təsdiqləyir. Ərdoğanın Şuşa səfərini “təxribat” adlandırmaqla əslində Ermənistan öz təxribatçı siyasətindən əl çəkmədiyini bir daha təsdiqləyir. Azərbaycan və Türkiyə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirmək niyyətindədirlər. Ermənistanın Şuşa Bəyannaməsini özü üçün təhlükə hesab etməsi heç bir məntiqə sığmır. Azərbaycan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında da deyildiyi kimi, beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-in indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Ermənistanın bu gün beynəlxalq hüquqa istinad etməsi növbəti imitasiya siyasətidir. Beynəlxalq hüquqa həqiqətən də hörmət edən ölkə ilk növbədə özü bu norma və prinsiplərə riayət etməlidir. Sülh və təhlükəsizlik istəyən ölkə ilk növbədə Bakı ilə Ankaranın təklif etdiyi əməkdaşlıq platformalarını qəbul etməlidir. Öz revanş avantüralarını bir kənara qoyub, konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənistan anlamalıdır ki, onun üçün əsas təhlükə Şuşa Bəyannaməsi yox, revanş avantürasıdır".