Rusiya vətəndaşlığını almış və hərbi xidmət üçün qeydiyyatdan keçməyən əcnəbilərin vətəndaşlıqdan çıxarılmasını asanlaşdıran qanun layihəsi Dövlət Dumasına təqdim edilir.
Hafta.az-ın yazdığına görə, yeni qanun layihəsi sözügedən insanların vətəndaşlıqdan çıxarılmasını asanlaşdıracaq.
Sonradan Rusiya vətəndaşlığını almış, lakin hərbi xidmət şöbəsinə getməyərək əsgər kimi qeydiyyatdan keçməmiş, məcburi hərbi xidmətdən yayınməş və ya hərbi xidmətdən boyun qaçırmış şəxslərin Rusiya vətəndaşlığı ləğv oluna və ölkədən deportasiya edilə bilər.
Sözügedən qanun layihəsini Dövlət Dumasının regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədr müavini Mixail Matveyev hazırlayıb. Qanun layihəsinin gələn həftə parlamentin aşağı palatasına təqdim edilməsi planlaşdırılır.
Qanun layihəsinə görə, Rusiya qanunları ilə müəyyənləşdirilmiş müddətdə hərbi xidmətə qeydiyyatdan keçməmək, hərbi xidmətdən yayınmaq vətəndaşlıqdan məhrum edilərək deportasiya olunmaq üçün kifayət edəcək.
Mövcud qanunlara əsasən Rusiya vətəndaşlığını əldə etmək hüququ olan əcnəbilər and içdikdən sonra Rusiya pasportunu almalı və iki həftə ərzində yaşadıqları yerin hərbi şöbəsinə gedib qeydiyyatdan keçməlidirlər.