FAO həyəcan siqnalı çalır

18:57 03.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qurum ekspertləri hesab edirlər ki, su çatışmazlığı problemini həll etmək üçün ən qısa müddətdə qəti tədbirlər görmək lazımdır

Hazırda 3 milyarddan çox insan su çatışmazlığı hiss olunan kənd təsərrüfatı rayonlarında yaşayır. Mərkəzi Asiyada belə rayonlarda əhalinin təxminən 20 faizi yaşayır. Qeyd edək ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında məlumat verilir. FAO ekspertlərinin sözlərinə görə, planetdə adambaşına düşən şirin su ehtiyatları son 20 ildə 20 faizdən çox azalıb. Onlar su resurslarından daha səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayırlar.

Təşkilatın rəhbəri Süy Dunyuy bəyan edib ki, bu hesabat həyəcan siqnalıdır və dünya ölkələri dərhal müvafiq tədbir görməlidirlər: “FAO-nun hesabatı həyəcan siqnalıdır. Kənd təsərrüfatında su çatışmazlığı problemini həll etmək üçün ən qısa müddətdə qəti tədbirlər görmək lazımdır”.

FAO-da qeyd edirlər ki, su ehtiyatlarının səmərəli idarə olunması, xüsusilə quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin tətbiqi, aqrar sektorda ən yeni texnologiyalardan istifadə, suvarma sistemlərinin modernləşdirilməsi, suya kvotaların tətbiq edilməsini nəzərdə tutur.

FAO-nun rəqəm və faktlardan ibarət olan məruzəsindən göründüyü kimi adambaşına alınan suyun ən yüksək göstəriciləri Mərkəzi Asiyada müşahidə olunur. Ən az inkişaf etmiş ölkələrdə əhalinin 74 faizinin təmiz içməli suya çıxışı yoxdur. 91 ölkənin kənd rayonlarının təmiz su ilə təmin edilməsi üzrə milli plan hazırlanıb. Lakin onlardan yalnız doqquzunun buna lazımi vəsait ayırdığı bildirilir.

Yeri gəlmişkən, son illər su çatışmazlığı problemi Azərbaycanda da hiss olunmaqdadır.

Ona görə bu məsələ mütəmadi olaraq dövlətin nəzarəti altındadır. Prezident İlham Əliyevin bu il imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında vurğulanır ki, ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Sənəddə qeyd olunub ki, məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. Bu Sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib və dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Sənədə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etməli, həmçinin Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etməli və s.

Məlumat üçün bildirək ki, Azərbaycanda su qıtlığı yaranmasının bir sıra səbəbləri var. Dünyada baş verən iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, eləcə də çaylarda sululuğun və yağıntıların azalması bu səbəblər sırasındadır. Digər tərəfdən, ölkədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir, əkin sahələri genişləndirilir. Beləliklə, suvarma suyuna tələbat artır. Eyni zamanda yeni içməli su təchizatı şəbəkələri yaradılır.

Suyun az olması istənilən qədər torpaqlardan istifadə etməyə imkan vermir. Son Lakin bununla yanaşı son illər ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilib, bundan əlavə bir neçə su anbarı təmir edilib. Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarı istifadəyə verilib. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib və s. Bununla belə, suya ehtiyac hələ də çoxdur.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun da deyib ki, su qıtlığı ilə bağlı məsələlər daim ölkə rəhbərliyinin diqqətindədir:

“Bu əbəs yerə deyil, çünki dünyada qlobal istiləşmə gedir. Hətta BMT-nin hesablamalarına görə, 2001-ci il ilə müqayisə etsək, 2050-ci ilə kimi su ehtiyatları 23 faiz azalacaq. Təbii ki bu da bizim ölkəmizə, iqlimimizə də təsir edir. Ona görə də, Prezindent İlham Əliyev çıxışında daim qeyd edir ki, su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır, itkiyə yola vermək olmaz. Məhz bu məsələ ilə bağlı aprel ayının 15-də Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb”.

D.Şərifov qeyd edib ki, sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib: “Birinci, Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə dövlət proqramıdır. İkincisi isə suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında dövlət proqramıdır”.

Qeyd edək ki, bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcək. Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılması eyni zamanda kadr potensialının gücləndirilməsi hesabına 2030-cu ildə aşağıdakılara nail olunmaq hədəflənməkdədir:

Rusiya Federasiyası, İran islam Respublikası və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarəedilməsi üzrə iki tərəfli əməkdaşlıq davam etdirilərək və bu sahədə daha sıx əməkdaşlıq yaradılmasına, İran İslam Respublikası ilə Araz çayı üzərində inşa olunmuş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsinə, suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 faizdən çoxunu əhatə etməsinə, ümumi sututumu 1 milyard m 3 olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması, tikintiləri yarımçıq qalmış 2 ədəd su anbarında işlərin tamamlanması hesabına 124 milyon m 3 su yığılmasının təmin edilməsinə, mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması və s.

Məsələyə münasibəti bildirən millət vəkili Vüqar Bayramov da deyib ki, indiki dövrdə su ehtiyatlarından səmərəli istifadə vacibdir:

"Azərbaycanın suya olan tələbatının 90 faizdən çoxu kənar mənbələrdə formalaşır. Bu da həm içməli, həm də suvarma suyuna olan tələbin ödənməsində müəyyən çətinliklər yaradır. Quraqlığın müşahidə olunması sudan istifadə ilə bağlı yeni yanaşmanın hazırlanması və tətbiq olunmasını gündəmə gətirir. Məlumdur ki, quraqlığın davam etməsi aqrar sektora mənfi təsir göstərir. Su balansının hazırlanması ilə bağlı ölkə Prezidentinin tapşırığı da mövcud ehtiyatlardan daha səmərəli istifadə etmək məqsədi daşıyır”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.