Geoloqlar Yer kürəsində həyatın ən qədim sübutunu tapıblar

12:20 14.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərbi Avstraliyada 3,5 milyard il yaşı olan Dresser Formasiyasındakı qaya birləşmələrinin Yer kürəsində həyatın ən qədim sübutu olduğu müəyyən edilib. Belə bir nəticəyə gələn London Təbiət Tarixi Muzeyinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupunun işi Geology jurnalında dərc olunub.

Bu süxurlar stromatolitlərdir. Adətən onlar ya mikrob koloniyalarının həyati fəaliyyəti nəticəsində, ya da süxur ilə ətraf mühit arasında kimyəvi reaksiyalar nəticəsində əmələ gələ bilən laylı süxurlardan ibarətdir. Onlar alimlərə həyatın ilk dəfə nə vaxt və harada yarandığını anlamağa kömək edə bilər, lakin stromatolitlərin dəqiq mənşəyini müəyyən etmək çətindir.

Alimlər hesab edirlər ki, qədim zamanlarda Qərbi Avstraliya stromatolitləri Dresser Formasiyasının yerində olan dayaz dəniz laqonunun dibində fotosintetik mikrob həsirlərinin fəaliyyəti nəticəsində əmələ gəlmişdir.

Alimlər öz işlərində optik və elektron mikroskopiyadan, Raman spektroskopiyasından, həmçinin laboratoriya və sinxrotron kompüter tomoqrafiyasından istifadə ediblər. Metodların heç biri üzvi materialları aşkar etməsə də, bioloji mənşəyə uyğun struktur və xüsusiyyətlər göstərmişdir. Məsələn, bakteriyaların günəşə çıxması zamanı əmələ gələn qübbəşəkilli strukturlar.