Havanın keyfiyyətinə müasir stansiyalarla nəzarət ediləcək

15:12 24.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2025-ci ilə qədər 25 ədəd avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin quraşdırılması planlaşdırılıb

Araşdırmalara görə, hər il atmosferə 100 milyon tonlarla çirkləndirici maddələr qeyri-təbii yolla atılır. Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Təlimatlarında göstərilir ki, dünyada əhalinin 95 faizindən çoxu bu sahəyə aid Avropa standartlarına cavab verməyən şəhərlərdə yaşayır. Qeyd edək ki, atmosferdəki maddələrin ümumi miqdarının 90 faizi qazlardan, 10 faizi bərk hissəciklərdən, toz və aerozoldan ibarətdir. Məlum səbəblərdən atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı ildən-ilə artmaqdadır. Karbon qazının miqdarının atmosferdə artması, ilk növbədə, iqlimin dəyişməsinə təsir göstərir. Atmosfer havasının toz-tüstü və hislə çirklənməsi də iqlim dəyişməsinə şərait yaradır. Karbon qazı ultrabənövşəyi şüanı infraqırmızı (istilik yaradan) şüalardan yaxşı keçirir. Bu o deməkdir ki, Yer ətrafında karbon 4-oksidin miqdarının çoxalması şüşə ilə örtülmüş istixanada olduğu kimi “istixana effekti” yaradır. Hesablamalara görə, atmosferdə karbon qazının miqadarı iki dəfə artdıqda, Yer kürəsində temperatur 1.4-2.3 dərəcə yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə və çoxlu yağıntıların düşməsinə səbəb olar.

Azərbaycandakı bununla bağlı mövcud durumu dəyərləndirən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyir ki, ölkədə olan vəziyyəti səciyyəndirdikdə ümumi mənzərə çox fərqli olacaq: “Dünyanın iri şəhərlərinə xas olan tendensiyalar, təbii ki, Azərbaycanda da müşahidə olunur. Belə ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır. İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr, əsasən, sənaye müəssisələri və nəqliyyat vasitələridir. Müəssisələrin aztullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür. Müqayisə üçün bəzi statistik rəqəmləri nəzərdən keçirək. Əgər 1990-cı ildə ölkəmiz üzrə sənaye müəssisələrindən atmosferə buraxılan tullantının miqdarı 2108 min ton olmuşdursa, həmin göstərici 2019-cu ildə 177 min ton təşkil edib. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bu inkişafı ekoloji tarazlığı təmin etmək üçün qəbul olunan dövlət proqramlarının və uğurlu ekoloji layihələrin həyata keçirilməsi hesabına, “yaşıl”, təbiətə dost inkişaf kimi qiymətləndirmək olar. Təkcə son il ərzində Abşeron yarımadasında milyonlarla ağac əkilib.

Məlum olduğu kimi, karbon qazının udulmasında yaşıllıqların rolu əvəzsizdir və belə irimiqyaslı layihələr ümumi ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir”.

U.Tağıyeva, həmçinin bildirir ki, iri şəhərlərin atmosfer havasına əhəmiyyətli dərəcədə təsir göstərən sahə nəqliyyat sektorudur: “Statistik rəqəmlər bunu bir daha təsdiqləyir. Nəqliyyatın havaya buraxdığı tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artımla (2019-cu ildə 945 min ton) qeydə alınıb ki, bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəticə etibarilə ölkəmizdə 1990-cı iləqədərki dövrdən fərqli olaraq, atmosfer havasına tullantıların buraxılmasında nəqliyyatın payı sənaye müəssisələrinin payını üstələyib. Aparılan təhlillər bu sektorda ciddi addımların atılmasını zəruri edir. Bakı Nəqliyyat Agentliyinin son dövrlərdə Bakını smart şəhər konsepsiyasına töhfə verən bəzi yeniliklərini qeyd etmək yerinə düşər. Belə ki, sərnişin avtobuslarına dair norma və standartlar müəyyən edilən zaman ekoloji məqamlar da nəzərə alınıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən tələblərdə qeyd olunduğu kimi, 2022-ci ildən yalnız sıxılmış təbii qaz və elektrik mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizelmühərrikli avtobuslar isə tədricən istismardan çıxarılacaq. Buna uyğun olaraq ötən müddətdə dövlət başçısının birbaşa tapşırığına əsasən, paytaxta “Avro-6” standartlarına cavab verməsi ilə fərqlənən sıxılmış təbii qaz (CNG) mühərrikli ümumilikdə 603 ədəd müasir avtobus gətirilib. Həmin avtobusların əsas xüsusiyyəti CNG mühərriki sayəsində ətraf mühitə minimum təsir göstərməsidir”.

Atmosfer havasının insan sağlamlığına təsir göstərən amillərdən olduğunu qeyd edən U.Tağıyeva havanın keyfiyyəti ilə əlaqədar məlumatlara əlçatanlılığın təmin edilməsinin məqsəd kimi qarşıya qoyulduğunu bildirib: “Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı. Ona görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Ölkəmizdə həyata keçirilən “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq. Avropa təcrübəsinə uyğun olaraq həmin məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər kəs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında bu məlumatlarla tanış ola biləcək. Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq, Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib. Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində 1 ədəd Mobil Laboratoriya alınıb və həmin laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Laboratoriya ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək.

Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb”.

Məlumat üçün bildirək ki, atmosferin çirklənməsi xassəsinə görə fiziki, kimyəvi, bioloji, əraziyə görə isə qlobal, lokal və regional miqyasda olur. Araşdırmalara görə, son 100 ildə atmosferə atılan sənaye tullantıları nəticəsində atmosferdə karbon qazının konsentrasiyası 12-13 faiz, toz 10-12 faiz artıb, yerin işıqlanması isə 7-10 faiz azalıb. Atmosferin çirklənməsi zamanı canlı orqanizmlərə müxtəlif qazlarla zəhərli və zərərli maddələr daxil olur və mənfi fəsadlar əmələ gəlir. Atmosferin təbii halda çirklənməsinin əsas səbəbləri təbii fəlakətlər, havanın dəyişməsi, okeandan hava hövzəsinə daxil olmuş karbon qazı, hidrogen sulfid, xloridlər və s. qazlardır. Hazırda havanın çirklənməsi prosesini artıran amillərdən biri də yanacaqla işləyən nəqliyyat vasitələridir. Məsələn, meqapolis şəhərlərdə atmosfer havası nəqliyyat vasitələrinin hesabına 60 faiz, bəzən də 90faizə qədər çirklənir. Demək olar ki, nəqliyyatın bütün növləri atmosferi çirkləndirir. Avtomobil mühərriklərindən çıxan qazların daxilində karbohidrogenlər, azot oksidi, aldehidlər, kükürd qazı, qurğuşun, brom, fosfor birləşmələri, his, qurum dənəcikləri o cümlədən, digər zəhərli maddələr atılır. Bu, təqribən, 250-dən artıq zəhərli maddə deməkdir. Atmosferə dünya üzrə hər il karbohidrogen mənşəli yanacağın yandırılması nəticəsində 25 mlrd tondan artıq CO2 və 200 mln ton SO2 atılır. Son 100 il ərzində atmosferdə karbon qazının miqdarı 27 faiz, metan 2 dəfə, kükürdlü birləşmələr isə 26 dəfəyə qədər artıb. Atmosfer çirkləndiricilərinin bəziləri kanserogen mənşəlidir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.