...Boş küçələri dolaşıb İstanbulun görən gözü olan tarixi Qalata bürcünə gəldim. Şəhərdə hökm sürən həftə sonu sükutundan bir az fərqli ab-hava vardı burda. Aylı-ulduzlu, al-qırmızı türk bayraqlarının bəzədiyi bu ərazidə xeyli sayda insan gözə çarpırdı. Kimlər şəkil çəkdirir, kimilər baş-başa verib söhbət edir, kimilər də acgöz baxışlarla ətrafı seyr edirdi. “Qonşudan geri qalma” deyib atalar, mən də həvəslənib bir iki pozada şəkil çəkdirib özümü verdim Qalata qülləsinə.

Məlumat üçün deyim ki, karantin yasağı olduğundan bura gələnlər əsasən əcnəbi turistlər idi, özü də saysız-hesabsız. Axı onlara karantin rejimində hərəkət sərbəstliyi müstəvisində istisna hüquq verib hökumət.
İstanbulun fənəri
Ara məsafəsi gözləməklə sıraya düzülən turistlərin axarında qülləyə daxil oldum. Hər yerdə olduğu kimi, hərarətim ölçüldü, əllərimə antibakterial spirt vuruldu. Bundan sonra bələdçimiz Orçun Taranın müşayiəti ilə liftlə yuxarı qata qalxdım.
Tam 15 əsrlik tarixi ilə qürurlanan, 67 metr hündürlüyündə, şəhərin məşhur tarixi-coğrafi bölgəsi olan Haliçin, eləcə də günümüzdə Topqapı sarayı, Süleymaniyyə, Ayasofya və sairin də yer aldığı Eminönü yarımadasının mənzərəsini seyr edən bu əzəmətli bürc 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün mayak qülləsi olaraq tikilib. 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada hazırda gördüyümüz tikili inşaa edilib. Həm də Konstantinpolun keşikçisi rolunu alan bu qüllədən şəhərin böyük bir hissəsini nəzarətdə saxlamaq mümkün olub. Əlbəttə, bu günki İstanbul sələfi Konstantinpolla müqayisəedilməz dərəcədə genişdir, Qalatadan baxmaqla hər yeri açıq görmək olmur, amma buna baxmayaraq, günümüzdə də Qalata qülləsi İstanbulun böyük ərazisini seyr etmək üçün ən yaxşı məkan sayılır.

Bu yerdə qeyd edim ki, İstanbulun üzərində yerləşdiyi yeddi təpənin hamısını Qalata qülləsindən seyr etmək mümkündür. Məhz belə vacib geosiyasi mövqe tarixi dövrü ərzində Qalata bürcünün əhəmiyyətini müqayisəedilməz edib. Vaxtilə Bizans imperatoru Böyük Konstantin ölümündən sonra məhz burada dəfn edilməsini arzuladığı kimi, Osmanlı dönəmində də sözügedən yeddi təpənin hər birində bir məscid tikilib ki, Qalata qülləsindən baxanda hər yerdə İslam və Osmanlı görünsün.
Orçun bəy deyir ki, 1453-cü ildə Osmanlı ordusu Konstantinpola daxil olandan sonra – may ayının 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Məhmətə təqdim edilib. "Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görüb. Lakin o dövrün tanınmış memarlarından olan Heyrəddin tərəfindən yenidən qurulub. Osmanlı sultanı III Muradın hakimiyyəti vaxtlarından başlayaraq 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərib. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub", - deyən bələdçimiz əlavə edib ki, XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Əhmət Çələbi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Avropalılarda böyük maraq yaradan bu olayla bağlı dünyanın bir çox yerində hələ də yazılar və videogörüntülər saxlanılır. 1717-ci ildə İstanbulda baş verən yanğınlar səbəbindən Qalatadan yanğına nəzarət qülləsi olaraq istifadə edilib. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində tikili ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə qüllənin dağılmış hissəsi bərpa edilir və Qalata qülləsi bugünki görünüşünü alır. Burada restoran açılır və sair. Amma ən son olaraq ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir edilən Qalata qülləsi, bu gün olduğu kimi, sırf turizm məqsədli tarixi məkana çevrilib. İndi qüllənin ən yuxarı qatında şəhəri 360 dərəcə seyr etmək üçün salon və ətrafını haşiyələyən eyvan mövcuddur ki, günün istənilən saatında burada turist sıxlığı yaşanır. Alt qatlarda isə tarixi abidənin ofisi, muzey və təbii ki, tikilinin tarixini özündə əks edirən suvenirlərin satıldığı salonlar yerləşir.

Tarixi dövrü ərzində qüllənin zirzəmisindən zindan kimi də istifadə olunub. Bunu, son dövrlərdə orada aparılan qazıntılar zamanı tapılan insan sümükləri də sübut edir.
Qalata qülləsindən şəhərin dörd bir yanını seyr edib, çoxlu xatirə şəkli də çəkdirib aşağı endim. Amma belə tarixi məkanlardan əliboş dönmək kimi adətim olmayıb heç vaxt. Ona görə də düz qüllənin ətəyindəki kiçik suvenir dükanına girib, Qalatanın mini maketini aldım.
Türk xaqının uğurları
İçəridə məndən başqa alıcı qismində 6-7 turist də vardı. İkisi rusca danışırdı, digərləri deyəsən ingilis idi, çünki ingiliscə söhbət edirdilər. Gənc satıcı oğlan da mehribanlıqla alıcıların suallarını cavablamağa çalışırdı. Bir maraqlı məqam da o oldu ki, rus turistlərdən biri satıcı oğlandan almaq istədiyi suvenirin qiymətini təmiz Azərbaycan dilində soruşdu. Fürsətdən istifadə edib onu söhbətə çəkdim.
- Bağışlayın, Azərbaycandan gəlmisiniz? - özümü guya onların rus olduğunu bilmirəmmiş kimi göstərərrk soruşdum.
- Yox, mən Rusiyadanam – Kurskdan.
- Azərbaycanca danışdınız satıcı ilə, dilimizi necə öyrənmisiniz, - soruşdum.
- Biz Bakıda yaşamışıq, 16 yaşımadək Azərbaycanda olmuşam, 22 il əvvəl – 1998-ci ildə Rusiyaya köçmüşük. Bakıda dostlarımın hamısı azərbaycanlı olub, anam Azərbaycan dilini mükəmməl bilir, evimizdə bu dilə böyük maraq olub və indi də var. Yoxsa bu 22 ildə yadırğayardım, - gülümsədi.
Adının Vladimir olduğunu deyən 39 yaşlı həmsöhbətimdən pandemiyanın bu qızğın vaxtında, ən azından Rusiyada vəziyyətin heç də yaxşı olmadığı bir zamanda Türkiyəyə necə gəldiyini, buradakı vəziyyəti necə dəyərləndirdiyini soruşdum. Vladimirin söylədiklərindən:

- Koronavirus Kurskda da var, amma o qədər də ağır deyil bizdə vəziyyət – adi karantin məhdudiyyətləri olur. Artıq dörd gündür İstanbuldayam, hələ iki gün də qalacağam. Həftə sonları bütün şəhər camaatının evlərinə qapadılması sadəcə pandemiya vəziyyətinin ağır olduğunu deyil, dolayısıyla hökumətin öz vətəndaşlarını bu təhlükədən qorumaq üçün necə sərt tədbirlərə əl atığını göstərir. Alqışlayıram bu qaydanı tətbiq edənləri və türk xalqını. Çünki bu gün şəhərin tamam insansız görünməsinin bir uğuru qaydaların pozulmasına imkan verməyən təhlükəsizlik qüvvələrinin üzərinə düşürsə, əsas uğur xalqın özünündür. Çünki xalq virusa yoluxmaq təhlükəsindən xilas olmaq istəyir. Bizdə isə nə cərimələr, nə də başqa məhdudiyyətlər insanları buradakı kimi evlərə qapaya bilmir, - dedi.
Mənimlə danışa-danışa aldığı suvenirin pulunu ödəyən Vladimirlə ayaqüstü söhbətimizi dükanın bayırında davam etdirdik.
- Bura gözəldir, - əli ilə Qalata qülləsini göstərdi, - çox möhtəşəmdir. Bizdə belə yerlər yoxdur, ona görə də tarixi abidələri görmək istəyənlər Türkiyəyə, İtaliyaya axışır. Üstəlik, bu ölkədə bir azdan isti dəniz, yumşaq qumluq və qızmar günəş mövsümü də başlayacaq. Bilirsiniz, Rusiyada kimdən soruşsanız ki, hansı ölkəyə getmək istəyirsən, hər üç adamdan ikisi mütləq Türkiyənin adını çəkəcək. Antalya, Kəmər, Bodrum və əlbəttə ki, İstanbulu görmək hər bir rusiyalının arzusudur.
- Alış-veriş edəcəksiniz yəqin, amma bu gün hər yer bağlıdır, - dedim.
Gülümsədi.

- Dedim axı, mən artıq dörd gündür burdayam, hər gün almaq istədyim nə oldusa, alıb otel otağıma daşımışam. Nəzərə alsaq ki, hələ üç gün də burdayam, deməli, alış-veriş problemim yoxdur.
- Burada yoluxma risqi necədir, Rusiyadakından fərqli və ya oxşar nə görə bilmisiniz?
- Oxşarlıq odur ki, burda da, Rusiyada da eyni virus yayılır və hökumətlər onun qarşısını almağa səy göstərir, insanlar ağız-burunlarını maska ilə bağlayaraq qorunurlar. Fərq isə ondadır ki, burada insanlar biz ruslarla müqayisədə qadağalara daha çox əməl edir, küçələrdə maska taxmayan adamların sayı bizdəki ilə müqayisədə daha azdır və sair. Hə, bir fərq də odur ki, Rusiya ilə müqayisədə Türkiyədə daha çox xarici turist görmək olur. Demək ki, əcnəbilər burada virusa yoluxma təhlükəsi hiss etmirlər. Mən gələndə sığorta olunmuşam, əgər təsadüfən yoluxsam, Türkiyənin xəstəxanalarında müalicə olunacağam, - dedi.

Həftə sonu boşalan Taksim
Doğrudan da, hansısa əcnəbinin Türkiyə haqqında ürək dolusu dediyi xoş söylər qeyri-iradi məni qürurlandırdı. Sanki bu sözləri doğma Azərbaycanımız haqda deyirdi, amma qardaşlığın sirri elə bundadır – Türkiyə axı mənim də vətənimdir...
Vladimirlə sağollaşıb Azərbaycanda hər kəsin sadəcə “Taksim” dediyi İstiqlal küçəsi boyunca üzüyuxarı – Taksim meydanına səmt aldım.
İstanbula neçə dəfə gəlmişəm, heç vaxt İstiqlal küçəsini belə boş görməmişəm. Tək-tək adamlar gözə dəyirdi, onların da əksəriyyəti ya əcnəbilərdi, ya da ərzaq dükanlarının satıcıları. Nə gün boyu davam edən izdiham görünürdü, nə də küçənin tən ortası ilə, qoşa xətti xatırladan polad reyslər üzərində ara-sıra siqnallayaraq yol istəyən əski model tramvay. Gözə görünməyən öldürücü virus tarixi İstiqlal küçəsinin gündəlik ənənələrini beləcə dəyişmişdi.

Sonuncu dəfə pandemiyadan öncə gəzmişdim İstiqlal küçəsini. Küçə boyunca divarların dibində özünə yer edib mahnı oxuyan, rəqs edən həvaskar əcnəbi musiqiçilərin – bunlar ərəblər, hindistanlılar, pakistanlılar, Afrika mənşəlilər idi – çıxışları izdihamın nəriltisi arasında qulağı oxşayırdı. Bir-birinin ardınca düzülən ən məhşur geyim firmalarının dükanları, restoranlar və digər alış-veriş mərkəzləri, bir sıra dövlətlərin diplomatik iqamətgahları, kilsə və məscid binaları, müxtəlif dini-milli cəmiyyətlərin ofisləri də İstiqlal küçəsini rəngarəng edirdi. İndi isə virusa yoluxma təhlükəsi və ondan qaynaqlanan boşluqları, havanın kəskin soyuması bir az da sərtləşdirirdi. Amma əlbəttə, pandemiyanın yaratdığı qadağalara rəğmən, bayaq da qeyd etdiyim kimi, küçəni tək qoymayan kifayət sayda əcnəbi turist yaranan boşluğu qismən doldurmağa çalışırdı. “Su axan arxa yenə su gələr” deyib babalarımız. İnanaq ki, tezliklə koronavirus pandemiyası tarixə qovuşacaq, qarlı-boranlı qış günləri arxada qalacaq, qadağalardan səssizləşən küçə və meydanlar da yenidən dolub-daşacaq və Türkiyədə cəmiyyətin bütün sahələri kimi, turizm də əvvəlki gücünü artıqlaması ilə bərpa edəcək...
Bakı-İstanbul