2019-cu ildən bu günədək 27 uşaq ailə mühitinə qayıdıb
Son bir ildə dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində görülən işlər nəticəsində daha 38 uşaq müəssisələrdən öz ailəsinə qaytarılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, övladlığagötürmə sahəsində idarəetmənin nazirlik tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər isə 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib. Onlardan 5-i ögey ana - ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si valideynlər arasında razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır.
Uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin daha da gücləndirilməsinə xidmət edir. Qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilib. Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.
Hər bir valideyn-namizəd, onunla birgə yaşayanlar və s. barədə məlumatlar əldə edildikdən sonra valideyn-namizədlə müsahibələr keçirilməsi, maddi-məişət şəraitinin müayinəsinin aparılması, onun üçün təlimlərin təşkili nəzərdə tutulur. Valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə də valideyn-namizədin uçotdan çıxarılması nəzərdə tutulur. Təlimin sonunda valideyn-namizədin övladlığagötürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi və s. qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, e-sistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir.
Valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur. Nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəməyə rəy təqdim edilir.
Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparır. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən bu ildən həm də uşaqları övladlığa götürən şəxslərə yeni aylıq müavinət növü təsis olunacaq. Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, son illər övladlığa verilmə ilə bağlı idarəetmənin təkmilləşdirilməsi müsbət addımdır:
“Çox təəssüf ki, bəzən insanlar övladlığa uşaq götürmək üçün hara müraciət edəcəklərini bilmirlər. Bizə bununla bağlı tez-tez müraciətlər gəlir. Əksəriyyət də istəyir ki, sağlam körpəni övladlığa götürsün və mümkün qədər körpə yaşda. Bizə bununla bağlı az qala 2000-3000 müraciət olur. Müraciət edənlərin 90 faizi məhz 1 yaşa qədər uşaq istəyir. Başa salmağa çalışırıq ki, ay vətəndaş, biz uşaq verən təşkilat deyilik. Onları Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi yanında “DOST” Mərkəzinə yönləndiririk.Mən bu mərkəzin fəaliyyəti ilə tanışam və bilirəm ki, oradakı gənclər ciddi şəkildə çalışırlar. Biz sığınacaqda olan uşaqların siyahısını onlara təhvil vermişik. Mərkəz də o uşaqların kimliyinin təsdiq edilməsi istiqamətində çalışır”.
Onun sözlərinə görə, uşaqları övladlığa götürən şəxslərə aylıq müavinətin təsis olunması da cəmiyyətdə müsbət tendensiyaya gətirib çıxaracaq: “ Əvvəla, onu deyim ki, övladlığa götürülən, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara dövlət tərəfindən müavinətlərin verilməsi onların gələcəyinin sığortalanması deməkdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara onsuz da müavinət ödənir.
Düzdür, məbləğ azdır, əlillik dərəcəsinə görə müavinətin məbləği dəyişir. Övladlığa götürülən uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara dövlət tərəfindən müavinət verilməsi cəmiyyətdə çox müsbət dəyişikliyin əsasını qoya bilər. Məsələn, Avropada xüsusi qayğıya ehtiyacı olan uşaqların övladlığa götürülməsi kampaniyası aparılır. Biz də bu təbliğatı aparmalıyıq. Əlilliyi olan uşaqların ailə qayğısına daha çox ehtiyacı var. Avropalılar belə uşaqlara daha çox üstünlük verirlər. Dəyərlər, anlayış, düşüncə tərzi təbii ki, fərqlidir. Bizdə hamı deyir ki, uşaq gözünü açanda ilk məni görsün. Körpə, bir yaşınadək uşaqları övladlığa götürmək ənənəsi daha çoxdur. Anlamaq istəmirlər ki, nə olur-olsun, lap yeni doğulmuş körpəni övladlığa götür, nə vaxtsa, bəlli bir zamanda onsuz da o uşaq sənin doğma valideynləri olmadığını biləcək. Ya hardansa eşidəcək, ya kimsə, ona xəbər verəcək, hansısa bir halda uşaq bunu biləcək. Bu baxımdan deyirəm ki, müavinətlərin verilməsi valideyn himayəsindən məhrum uşaqların gələcəyinin təminatıdır”.
Məsələyə münasibət bildirən hüquqşünas Sahib Məmmədov deyib ki, hər bir uşağın ailəyə ehtiyacı var və uşaqlar ailələrdə böyüdükcə şəxsiyyət kimi yetişə bilirlər:
“Demək olmaz ki, uşaq evlərində olanlar yetişmir, onların içərisindən bəzən alimlər də çıxır. Amma hər halda ailələrdə uşaqların böyüməsi daha yaxşıdır. Bu, geniş yayılmış bir formadır. Xarici ölkələrdə elə ailələr var ki, xüsusən əlilliyi olan, yaxud sağlamlığını itirmiş uşaqları övladlığa götürür. Bizdə isə bu təcrübə demək olar ki, yox dərəcəsindədir. Azərbaycanda Şağan və Saray qəsəbələrində xəstə uşaqların mərkəzləri var. Heydər Əliyev Fondu onları çox yüksək səviyyədə təmir edib. Amma təəssüf ki, valideynlər uşaqlarını illərlə atır, yanlarına gəlmirlər. Belələri, nəinki başqasının uşağına sahib çıxar, hətta öz övladından da imtina edirlər. Əminəm ki, Azərbaycanda da sağlamlıq imkanları məhdud uşaqları götürən ailələr tapılacaq. Müşahidələrimə əsasən deyə bilərəm ki, ABŞ-da ailələr sağlamlıq imkanları məhdud uşaqları götürməyə daha çox üstünlük verirlər. Onlar bundan sanki rahatlıq tapırlar, hesab edirlər ki, Allah yanında savab iş görüblər”.