Həssas ailələrdən olan tələbələrin təhsil xərcləri

10:28 09.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 24 min 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 15 min 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Qeyd edək ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamına dair vəzifələr uğurla icra olunur. Pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi də həyata keçirilən uğurlu işlərin tərkib hissəsidir. Belə ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Xatırladaq ki, pandemiyaya qədər də təhsil haqqı ilə bağlı tələbələrə müvafiq güzəştlər tətbiq olunurdu. Məsələn, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət və özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar. “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad edilirlər. Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər. Bundan başqa,  2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azaddırlar.

Yeri gəlmişkən, pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı ötən ildən istifadəyə verilib. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Azərbaycanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Bu kateqoriyaya aid olan tələbələrin əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar. Əslində isə ötən tədris ilindən ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, pandemiya bütün sahələrə mənfi təsir göstərdiyindən dövlətin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərini qarşılaması həmin ailələrin yükünün xeyli azalması deməkdir:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb. Bu qərar həm ali təhsil, həm orta ixtisas təhsili - kollec, həm də peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə şamil olunur. Tələbələr bu kateqoriyaya aid olub-olmadıqlarını bilmək və eyni zamanda ali təhsil müəssisələrinə müraciət etmək üçün e-telebe.edu.az saytına daxil olmalıdırlar. Məhz tələbələr e-telebe.edu.az portalında qeydiyyatdan keçdikdən sonra onların sosial həssas qrupa aid olması və təhsil haqqından azad edilməsi müəyyənləşəcək. Saytdan qeydiyyatdan keçmək üçün hər kəsə aktiv mobil nömrə, özünün və hər iki valideyninin şəxsiyyət vəsiqəsi lazımdır (tək valideyni olan həmən valideynin). Sizi saytda 4 mərhələli bir qeydiyyat gözləyir. Öncə e-telebe.edu.az saytına daxil olursunuz, aşağıda qeydiyyat bölməsini sıxırsız. Qeydiyyatdan keçmək üçün tələbənin şəxsiyyət vəsiqəsi və aktiv mobil nömrəsi lazımdır. Öncə şəxsiyyət vəsiqəsinin fin kodunu, sonra mobil nömrənizi, ardınca şəxsiyyət vəsiqəsinin seriyasını müvafiq xanalara yazırsız, sonda sistem tərəfindən verilən sadə riyazi suala cavab yazırsız. Bütün bunlar doğru olduqdan sonra yeni səhifə açılır və burada siz kabinetə daxil olmaq üçün şifrə müəyyən edirsiniz. Bundan sonra açılan yeni səhifədə şəxsiyyət vəsiqəsinin fin kodu və yazdığınız parolu qeyd edib sistemə daxil olursunuz. Bunun ardınca açılan səhifədə sizin təhsiliniz və valideynləriniz haqqında məlumatlar çıxır. Onları qeyd edib müraciətinizi tamamlayırsız. Bütün məlumatlar müraciət edənin özü tərəfindən tam şəkildə doldurulduqdan sonra müraciət qəbul edilir. Təbii ki, məlumatların səhv daxil edilməsinə görə məsuliyyəti müraciət edən daşıyır. Valideynlər ilə bağlı məlumatlar tam olmasa, tələbə aidiyyəti dövlət orqanlarına məlumatın dəqiqləşməsi üçün müraciət etməlidir".

Məsələyə münasibət açıqlayan təhsil eksperti Elçin Əfəndi də hesab edir ki, ötən il hökümətin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qəbul etdiyi qərar hazırkı dövr üçün olduqca əhəmiyyətlidir:

“İndiyə qədər də bir qrup şəxs təhsil haqqından azad idi və bunun da əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar. Nazirlər Kabinetinin pandemiya dövrü ilə bağlı verdiyi qərar da məhz bu baxımdan təqdirəlayiqdir. Verilən həmin qərara əsasən, ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri işsiz kimi qeydiyyatda olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri yaşa görə əmək pensiyaçıları olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri yaşa görə sosial müavinət alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad olunublar. Qeyd edim ki, bu qərara əsasən, qərarın şamil olunduğu şəxslər 2019-2020-ci tədris ilinin 2020-ci il üzrə düşən II yarımil - yaz semestrinə görə (fevral-iyun), həmçinin 2020-2021-ci tədris ilinin I yarımil - qış semestri üzrə (sentyabr-yanvar) düşən təhsil haqlarından azaddırlar. İkinci dəfə ali təhsil alan şəxslər, ikinci dəfə orta ixtisas təhsili alan şəxslər, yuxarıda təhsil haqqından azad olunanlar üçün müəyyən edilmiş kriteriyalara aid olmayan şəxslər, qiyabi formada təhsil alan şəxslərin isə bu güzəştdən yararlanmaq hüququ yoxdur”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.