Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir – Millət vəkili

12:31 14.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Konstitusiyamızın ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Suveren dövlətçiliyin ehtiva olunduğu bu konseptual müddəanın əgər tarixi proses ekvivalentini tapmaq istəsəydik, bu, heç şübhəsiz ki, 15 iyun Milli Qurtuluş günü olardı. Çünkü  30 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq yenidən Heydər Əliyevə etibar etdi, taleyin ümidinə buraxılmış xalqa məhz Ulu Öndər sahib çıxdı”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Ulu Öndərin 100 illiyinə həsr olunmuş bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat Heydər Əliyevin müasir müstəqillik təfəkkürümüzün banisi olaraq qeyd edib.

“Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf edək ki, mövcudiyyəti dövründə biz SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə inanmışıq. Bizim dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın, müstəqillik barədə düşünərək SSRİ-dən üz çevirməsi faktiki mümkünsüz idi.

Amma Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamın itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, başlanan xalq hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.

Çox təəssüf ki, bəzi hallarda  tariximizi qələmə alanlar nədənsə bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, onların çoxunun əlini qələmə də çörəyə də  Heydər Əliyev çatdırıb.

Əlbəttə, Heydər Əliyevin böyük TARIXI cılız adamların yazdığı və yazdırdığı “tarix kitablarına” sığışa bilməzdi.  Çünki, o özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir, hər kəs, o cümlədən də çox-çox aşağıda dayanıb Əliyev yüksəkliyini özünü rəqib sayanlar.

Təsəvvür edin, prezidentliyi dövründə özünə, bu gün isə yoluna müxalifətdə olanlar da bu böyük şəxsiyyətin qarşısında özlərinin bir heç kim olduqlarını o dərəcə də yaxşı dərk edirlər ki,  “mübarizə yolunu” ayrı-ayrı tarixi şəxsiyyətlərə uğursuz formada istinad etməkdə, Heydər Əliyev şəxsiyyətini guya onlarla üz-üzə qoymaqda görürlər.

Amma unudurlar ki, istər XX-əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxslərin, biz onların da ruhunu ehtiramla anırıq, heç birinin özünün siyasi yolu olmayıb, amma Heydər Əliyevin yolu var! Çünki əgər hansısa siyasi xətt, ideya davam edirsə bu yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur olsun, siyasi ideyalar faydalı formada davam etmirsə bu artıq dalandır, yol deyil”.

B.Məhərrəmov qeyd edib ki, bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır.

“Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən Azərbaycana ərazi iddiaları var idi və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə realizə edə bilirdilər. Məhz Heydər Əliyevin simasında güclü milli iradənin hakimiyyətə gəlməsi bu gedişata son qoydu.

1969-cu ildən 1987-ci ilə qədər Qarabağda kimsə baş qaldıra bildimi?.. Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətin Ermənistanın tərkibinə verilməsi məsələsini yenidən qaldırdılar.

Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, kimsə bu çirkin əməllərə cürət edərdimi? Əsla! Cənab İlham Əliyevin 10-mayda Şuşadan bəyan etdiyi kimi “Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.”

Hakimiyyətin mənimsənilməklə xalqa qarşı ən ağır cinayət törədən AXC-Müsavat cütlüyü nə edirdi? Ölkə uçruma yuvarlandığı, torpaqların işğal olunduğu bir şəraitdə, xalqın gözünün Naxçıvana dikildiyini görən o dövrkü iqtidar bütün potensialını Əliyevlə mübarizəyə səfərbər etmişdilər.

Amma Ulu Öndər bu cılız, konsepsiyasız, prinsipsiz, kortəbii qaragüruhdan çox yüksəkdə dayanmışdı. Hakimiyyətə gəldikdən sonrakı dövrdə atılan addımlar, başlanan şərəfli yol barədə saatlarla danışmaq olar. Budur Heydər Əliyevin fərqi.

Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərinən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Cənab İlham Əliyevin timsalında təmin etməsi oldu.

Cənab İlham Əliyev necəki şanlı zəfərlə son 200 ildə qarşıda duran əsas ümummilli vəzifəni həll etməklə, eləcə də həyata keçirdiyi ardıcıl tədbirlərlə Ulu Öndərin Konstitusiyada ehtiva olunan dövlətçilik konsepsiyasını - vəsiyyətini reallaşdırdı.

Bu gün cənab İlham Əliyev sözün əsl mənasında Xalqının vahidliyini təcəssüm etdirir, dövlətçiliyin varisliyini təmin edir.  Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün sözün əsl mənasında təminatçısı və harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir.

Belə bir şəraitdə qarşımızda bir vəzifə var, cənab İlham Əliyevin ətrafında sıx birləşmək. Ən azı mövcudiyyətimizi qoruimaq naminə, böyüyən övladlarımızın xoşbəxt həyatı naminə, təhülükəsizlik, sabitlik və inkişaf naminə, müstəqillik, suverenlik naminə.

Bu yol davam etməlidir, İlham Əliyevin olmadığı, Heydər Əliyev ideologiyasından kənarlaşan yol milli xəyanət deməkdir”.

Siyasət rubrikasından digər xəbərlər