“May ayının 16-da Milli Məclisdə Ulu Öndərin yubileyi ilə bağlı çox geniş tərkibli beynəlxalq konfrans uğurla keçirildi. Bu gün çox dəyərli kitabın və filmin təqdimatında iştirak edirik. Bütün bunlar Ulu Öndərə sədaqətin və məhəbbətin ifadəsidir”.
Bunu Hafta.az-a Milli Məclisin deputatı Musa Quliyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyi, Qayıdış günü ilə bağlı açıqlamasında bildirib. Deputat qeyd edib ki, Heydər Əliyev olmasaydı bu günkü Azərbaycan dövləti də olmayacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı.
“Heydər Əliyev yer üzünə xüsusi missiya ilə göndərilmiş tanrının sevib seçdiyi böyük dövlət xadimi, xarizmatik şəxsiyyətdir. Onun ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq Xilaskarlıq missiyasinı ləyaqətlə yerinə yetirdi” deyən M.Quliyev Heydər Əliyevin digər bir tarixi missiyasının birləşdiricilik missiyası olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev bu gün hamımızın qürur duyduğumuz müstəqil, müasir Azərbaycan dövlətinin möhkəm özüllər üzərində bünövrəsini qoydu, onun siyasi-ideoloji inkişaf konsepsiyasını yaratdı.
“O, bütün dünya Azərbaycanlılarını müqəddəs üç rəngli bayrağımızın altında birləşdirən Azərbaycançılıq ideologiyasıni hazırladı. Ulu öndərin növbəti missiyası Quruculuq missiyası idi. O, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. İctimai, siyasi, iqtisadi, sosial, mədəni humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir. Xalqını öz ətrafında birləşdirərək doğru yolla irəli aparmaq Ulu öndərin liderlik missiyası idi. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyev həm də xoşbəxt siyasi liderdir ki, onun başladığı müqəddəs yolu oğlu və siyasi varisi Ali baş Komandan İlham Əliyev Şuşa ucalığına qədər davam etdirdi. Bu gün Ulu öndərin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə bu şərəfli missiyanı bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Qarabağın və Şərqi Zəngəzurun çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi, Zəngəzur dəhlizinin açılacağı günlər lap yaxındadır”, - millət vəkili deyib.