Dehlidə Hindistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin 5-ci raundu keçirilib.
Hafta.az-ın yazdığına görə, məsləhətləşmələrdə Hindistan nümayəndə heyətinə Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə Katibi Sancay Verma, Azərbaycan tərəfindən isə Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tərəflər Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, o cümlədən siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini nəzərdən keçiriblər. Regional məsələlər, BMT və digər çoxtərəfli qurumlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.

Bu il Hindistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Hindistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. İki ölkə müxtəlif sahələrdə, xüsusilə ticarət, kommersiya və enerji sektorunda əməkdaşlığı uğurla şaxələndirib. Ölkələr arasında ikitərəfli ticarət dəfələrlə artıb və bu ilin doqquz ayında təxminən 1 milyard dollar təşkil edib. Hazırda Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsünə çevrilməkdədir. "ONGC Videsh Limited" şirkəti Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir.
Hazırda Azərbaycanda 1400-ə yaxın hindistanlı yaşayır. Azərbaycan həm də daha çox hindistanlı turisti cəlb edir.