İşçi Qrupunun ilk görüşü keçirilib

20:17 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun ilk görüşü keçirilib.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi ilə yanaşı, nazirliyin müvafiq qurumlarının, həmçinin Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə İşçi Qrupunun sədri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman açılış nitqi ilə çıxış edib və "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının tədbir və alttədbirləri, xüsusilə 2026-cı il üzrə icrası nəzərdə tutulmuş məsələlər barədə məlumat verib.

Bildirilib ki, müzakirələr zamanı “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanmasına dair görülmüş işlər, mövcud ehtiyaclar və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə elm və təhsil nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.