Çeçenistan lideri Ramazan Kadırov Moskvada məscidin tikintisinə etiraz edən qrupa özünəməxsus reaksiya verib.
Hafta.az-ın "Meduza"ya istinadən yazdığına görə, nümayişçiləri “qorxaq” və “təxribatçı” kimi xarakterizə edən Kadırov deyib: “Əgər bu nümayişin iştirakçıları Rusiyanı qorumaq fikri ilə ürəkdən küçələrə çıxıblarsa, o zaman pulemyot götürüb səngərlərə getməlidirlər".
Çeçenistan lideri həmçinin deyib ki, bu fitnəçilər ya bütün qəzəbini düşmənin üzərinə tökmək üçün orduya götürülməli, ya da satanistləri razı salmaq istəyən diversant kimi məhkəməyə göndərilməlidirlər.
Kadırov nümayişçilərin Qərbin maraqlarına xidmət etdiyini iddia edib.
Kadırovdan başqa bir qrup silahlı çeçen də sosial şəbəkədə nümayişçiləri hədələyən video paylaşıb. Videoda silahlı şəxsin "Sizi xəbərdar edirik, əgər Allahın iradəsinə qarşı olsanız, sizinlə döyüşəcəyik" dediyi görünür. Videoda məscidin tikintisinə qarşı çıxanların Rusiyada etnik müharibəni qızışdırmaq ittihamı ilə mühakimə edilməli və ya “dağıdılmalı” olduğu da vurğulanıb.
Qeyd edək ki, fevralda Moskva hökuməti Avropanın ən böyük məscidinin tikintisi üçün hərəkətə keçib. Amma yeni məscid üçün təklif edilən yer ictimaiyyət arasında mübahisə yaradıb. Məscidin tikiləcəyi Kosino-Uxtomski rayonunda kilsə və sakinlərin xeyir-dua aldığı “Müqəddəs göl” var.
Hətta məscidin tikintisi ilə bağlı minlərlə insanın küçələrə çıxdığı nümayişdə bir nəfər tikinti yerində donuz başını yandırıb.
Məscidin tikintisinə qarşı çıxan nümayişçilər yeni məscidin tıxac yaradacağı, mühacir axınına səbəb olacağı və cinayət nisbətlərinin artmasına rəvac verəcəyini əsas gətiriblər.