Çeçenistan lideri Ramzan Kadırov son açıqlamasında daha əvvəl aralarındakı fikir ayrılıqlarını aradan qaldırdıqlarını dediyi “Vaqner”in qurucusu Yevgeni Priqojini tənqid edib və bəzi suallar verib.
Hafta.az-ın yazdığına görə, Kadırov "qondarma silahdaşı” kimi təsvir etdiyi, əvvəllər Çeçenistan ordusu “Ahmat”ı tənqid etdiyinə görə deyişdiyi Priqojini aralarında əldə olunan razılaşmaları pozmaqda günahlandırıb. "Biz kişi kimi danışdıq, razılıq əldə olunub. Açıqlamalarda nə “Ahmat”ın, nə də “Vaqner”in tənqid etməyəcəyi vəd edilib. Ancaq bundan dərhal sonra “Vaqner” komandirləri “Ahmat” haqqında bir sıra istehzalı açıqlamalar verdilər”, - deyən Kadırov Priqojinin “çeçen azlığı” ifadəsinə cavab olaraq əlavə edib ki, “Rusiyadakı çeçenlər azlıq deyil, onlar üçüncü ən böyük millətdir və Priqojinin artıq bunu bilməsinin vaxtıdır".
Müdafiə naziri Şoyqunu açıq şəkildə tənqid edən Priqojini Rusiya ordusu rəhbərliyinin hərəkətlərini müzakirə etməyi dayandırmağa çağıran Kadırov, "Bu gün Rusiya ordusunun bir çox bölmələri nəyəsə ehtiyac duyur, ancaq bəllidir ki, müharibədə ideal şərait olmaz" deyib.
Mesajının davamında Kadırov deyib: “Bizim qondarma silahdaşımız Priqojinə verə biləcəyimiz çoxlu suallar var. Məsələn, kim Rusiya Federasiyasının Müdafiə Nazirliyini müxtəlif ərzaq məhsulları ilə təmin edir və ondan sabit gəlir götürür? Biz bu prosesin bütün incə detallarından xəbərdarıq”.
Kadırov hamını “Prezident Putini dəstəkləməyə, tənqidi bir yana qoyub şişirdilmiş bəyanatlar verməməyə” çağırıb.
Bundan əvvəl Çeçenistandan olan Dumanın deputatı Adam Delimxanov Priqojini sərt tənqid etmişdi. Çeçenistanın şəxsi ordusu “Ahmat” Ramzan Kadırovun qətlə yetirilən atası, Çeçenistanın rəhbəri Ahmat (Əhməd) Kadırovun adını daşıyır.