Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün ən vacib sahələrdən biri məhz turizm sektorudur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri elə bu sektordan əldə olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycanın turizm sahəsi çox böyük potensiala malik olduğundan ölkənin neftdən asılılığını azaltmaq istiqamətində xüsusilə kənd turizminin inkişaf etdirilməsinin daha effektli nəticələri ola bilər.
Yeri gəlmişkən, “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması" mövzusunda təşkil olunan seminarda kənd təsərrüfatı naziri İnam Kərimov da bildirib ki, kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malik olan sahələrdən biridir.
Onun sözlərinə görə, kənd yerlərinin inkişafı, xüsusilə də kənd turizminin canlanması günümüzün aktual mövzularından biridir: “Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirir. Bu islahatlar nəticəsində aqrar sahə dinamik inkişaf edir. Kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət kimi sahələrin deyil, turizm kimi sahələrin inkişafına da təkan verir. Kənd turizminin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək. Həyata keçirdiyimiz aqroekoturizm layihələri pandemiya dövründə çətinliklərlə üzləşən daxili turizmin yenidən canlanmasına öz töhfəsini verəcək”.
Nazir vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi həyata keçirdiyi “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib: “Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət göstərir. Həmin təsərrüfatların təmsilçiləri ilə apardığımız təhlillərin analizi göstərir ki, ölkəmizdə kənd turizminə maraq çox böyükdür. Şəhərlərdən gedən insanlarımız bu təsərrüfatlarda bir günlük olsa belə kənd həyatı yaşamağa, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının dadına baxmağa böyük maraq göstərirlər. Eyni zamanda karantin tədbirlərinin yumşaldılması ilə ölkəmizə gələn turistlərin sayı çoxalmaqdadır. Turistlər təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaq”.
Nazir onu da qeyd edib ki, aqroekoturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişmə nöqtəsidir: “Bu həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər. Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. Bir sıra ölkələr artıq bu sahədə böyük təcrübəyə malikdirlər. Biz həmin ölkələrin təcrübəsini öyrənərək ən uğurlu modellərin yerlərdə tətbiqi ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”.
Onun sözlərinə görə, nazirlik ölkədə aqroekoturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı (Aİ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir: “Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsidir. Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək. FAO-nun icra etdiyi və Aİ-nın maliyyələşdirdiyi layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər. Beynəlxalq tərəfdaşlarımızın aqroekoturizm sahəsində bizimlə əməkdaşlığını yüksək qiymətləndirir, bu əməkdaşlığın daha da genişlənəcəyinə inanıram".
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Azərbaycan turizimi çox böyük potensiala malikdir: “Azərbaycan Qafqazda turizm potensialına görə, birinci yerdədir. Son illər turizm sektorunun inkişafı üçün infrastrukturlar tikilib. Bundan başqa regionlarda yeni hava limanlarının, olimpiya komplekslərinin tikilməsi də turist axınına hesablanmış işlərdir. Yeni marşrutlar işlənib, yeni ekskursiya bələdçiləri hazırlanıb. Bütün bunlar turizm potensialının artırılmasıdır. Təbliğata gəlincə, Azərbaycan bütün xarici sərgilərdə iştirak edir, mədəniyyət günlərinə qatılır. Ancaq Cənub Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələrində də reklamlar vasitəsilə təbliğat aparılmalıdır. Qəbələ artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Orada turizm üçün bütün perspektivlər var. Yəni Azərbaycanın bu bölgəsi artıq turist məkanına çevrilib. Bütün bölgələrimizi bu səviyyəyə çatdırmaq mümkündür. Bu məqsədlə Azərbaycanın milli mətbəxini, mədəniyyətini, qonaqpərvərliyini, 9 iqlim qurşağını təbliğ etməklə turist sayını artıra bilərik. Azərbaycana turist cəlb etmək baxımından xaricdəki səfirliklərimizin üzərinə də böyük məsuliyyət düşür. Bu qurumlar Azərbaycanı gözəl təbliğ etməklə əcnəbilərin ölkəmizə axınını gücləndirə bilər”.
Onun fikrincə, bölgələrdə kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynaya bilər: “Bu sahə mədəniyyətin təbliğinə, qorunmasına və inkişafına şərait yaradan fəaliyyət növlərindən biridir. Müxtəlif ölkələrdə kənd turizminin inkişafı üçün xüsusi proqramlar hazırlanıb. Bu proqramlarda ətraf mühit və sosial-mədəni abidələrlə tanışlıq, həmçinin gəlirlərin əldə edilməsi, kəndlərdə yaşayan əhali üçün əlverişli həyat şəraitinin yaradılması nəzərdə tutulub. Kənd turizminin digər üstün cəhətləri arasında kustar sənaye məhsullarının, əl işləri ilə hazırlanan məhsulların, yerli və ənənəvi yeməklərin, onların bişirilməsi üçün lazım olan ərzaq məhsullarının satışından əldə edilən gəlirləri də göstərmək olar. Həmçinin, evlərin turistlərə kirayəsindən, turistlərin daşınmasından, bələdçilikdən, təbiətin mənzərəli yerlərinə və muzeylərə baxışdan, yerli vergi və rüsümlardan, ənənəvi mərasim və ayinlərin təşkilindən əldə edilən gəlirləri göstərmək olar. Bundan əlavə, kənd turizminin sosial inkişafın təmin edilməsində çoxlu üstünlükləri də var. Bunlar dəmir və şose yollarının çəkilməsinə, müxtəlif təbii obyektlərə, mineral bulaqlara, mənzərəli yerlərə yolların çəkilməsinə kapital qoyuluşunu əhatə edir. Eyni zamanda sosial xidmət obyektlərinin, mehmanxanaların, səhiyyə müəssisələrinin tikilməsi və onların göstərdiyi xidmətlərin səviyyəsinin yüksəldilməsi, rabitə, təbii qaz, işıq, istilik, su kimi infrastruktur qurğularının quraşdırılması və müasir tələblər səviyyəsində qurulması, məktəblər və digər sosial mərkəzlərin yaradılması kənd turizminin inkişafı nəticəsində mümkün olur. Məsələn, İtaliya, Sloveniya və s. Avropa ölkələrində yaşıl kənd turizmi yaxşı inkişaf edib. Avropa turistləri yaşıl kənd turizminə maraq göstərirlər. Onlar sakit məkanda, kənd həyatında dincəlmək istəyirlər. Turizmin bu növü inkişaf edərsə, kəndlilər öz məhsullarını turistlərə təqdim edə bilərlər ki, bu da onların dolanışığına kömək edər. Bu sahənin inkişafı ilə ölkəyə daha çox turist cəlb etmək mümkündür”.
Azərbaycanda kənd yaşıl turizminin inkişafı üçün bir sıra layihələrin həyata keçirildiyini deyən M.Ağakərimov müəyyən işlərin görülməsinə ehtiyac olduğunu da vurğulayıb: "İlk növbədə yaxşı infrastruktur yaradılmalıdır. Kənd evləri bərpa olunmalıdır. Yollar yaxşı vəziyyətdə olmalıdır ki, turistlər həm nəqliyyat vasitəsi, həm də piyada olaraq istədikləri ünvana gedib çata bilsinlər. Həmçinin gigiyenik normalara fikir vermək lazımdır. Həm bələdiyyələr, həm turizm qurumları, həm də icra orqanları turizmin bu sahəsinin inkişafı istiqamətində birgə fəaliyyət göstərməlidirlər. Bu, həm kənd təsərrüfatı üçün yaxşı mənbədir, həm də yeni iş yerləri və kəndli üçün əlavə qazancdır”.