Kiber cinayətdən 2 milyon dollar qazanan vyetnamlı haker ölkəsində işə götürülüb

10:40 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən 200 milyona yaxın ABŞ vətəndaşının şəxsi məlumatlarını oğurlayıb sataraq sərvət qazanan vyetnamlı haker öz hökuməti tərəfindən kibertəhlükəsizlik üzrə ekspert kimi işə götürülüb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, keçmiş cinayət əməllərindən uzaqlaşdığını ifadə edən Nqo Minh Hayeu deyib ki, quyunun dibindəydi, indi yenidən yuxarı dırmaşmağa çalışır. Çox pul qazanmasa da, ürəyi rahatdır.

Hazırda 32 yaşlı haker Vyetnam vətəndaşlarına kiber dünyada törətdikləri cinayətlərə bənzər cinayətlərin qurbanı olmamaları üçün təlim keçir. Bundan əlavə, Hayeu hökumət daxilində internet nəzarətinə cavabdeh olan kibertəhlükəsizlik üzrə ekspert kimi də çalışır.

Missiyasının təfərrüatlarını açıqlamayan haker bildirib ki, onlar cinayətkarların ovlanmasına və kiberhücumların dəf edilməsinə diqqət yetirirlər. Digər tərəfdən, Vyetnamda internet xüsusilə siyasi məzmun baxımından ciddi nəzarət altındadır.

2019-cu ildə tətbiq edilən kibertəhlükəsizlik qanunu BMT-nin İnsan Hüquqları Şurası tərəfindən tənqid edilib və qanunun "ifadə və fikir azadlığını ciddi şəkildə məhdudlaşdırdığı" iddia edilib. Böyük Britaniyada yerləşən Amnesty International təşkilatı da qanunun hökumətə "internet azadlığını məhdudlaşdırmaq üçün çox geniş mandat" verdiyini bildirib.

Qanunun tətbiqindən sonra bir çox fəal və blogger saxlanılıb, bəziləri isə hökumət əleyhinə təbliğat apardıqlarına görə həbs edilib. Bununla belə, Hayeu hökumətdəki rolunun "siyasi olmayan və Vyetnam vətəndaşlarının məlumatlarını oğurlamağa çalışan cinayətkar hakerləri izləmək" olduğunu deyib.

Qeyd edək ki, Vyetnamda yaşayan təxminən 98 milyon insanın demək olar ki, 70 faizi internetdən istifadə edir və ölkədə kiberhücumların nisbəti kifayət qədər yüksəkdir.

Microsoft-un Böyük Britaniyada yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun paylaşdığı 2020-ci il məlumatlarına görə, Vyetnam Asiya-Sakit Okean regionunda ən çox fidyə virusu hücumlarının baş verdiyi ölkədir.

Hayeuya gəldikdə, ilk dəfə 12 yaşında kompüterdən istifadə etməyə başlayıb, orta məktəbdə oxuyarkən xarici banklardakı müştəri hesablarına daxil olub və öz hesabına pul köçürüb. O, orta məktəbdə oxuyarkən gündə təxminən 600 dollar qeyri-qanuni gəlir əldə edib və bu pulla Yeni Zelandiyada kibertəhlükəsizlik üzrə təhsil alıb.

20 yaşlarında o, Vyetnamdakı evindən təxminən 200 milyon ABŞ vətəndaşının sosial təminat nömrələrini əldə etməyə və satmağa başlayıb. 2013-cü ildə ABŞ-ın təşkil etdiyi gizli əməliyyatla ölkəyə gətirilən Hayeu ABŞ-a girdiyi anda yaxalanıb.

2007-2013-cü illər arasında törətdiyi kibercinayətlərlə 2 milyon dollara yaxın sərvət qazanan haker 2015-ci ildə ABŞ-da açılan davada əvvəlcə 45 il həbs cəzasına məhkum edilib, daha sonra cəzası 13 ilə endirilib.

2019-cu ildə əfv olunan Hayeu bir il sonra Vyetnama geri göndərilib.