Kişi müəllimlər məktəbdən niyə uzaq düşüb?! - Təhsil

10:47 22.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil etməsi çoxlarına məlumdur. Demək olar ki, orta məktəblərdə dərs deyən kişi müəllimlərin sayında ildən-ilə azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149 min 602 nəfər müəllimin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir.

Maraqlıdır, görəsən, kişi müəllimlərin sayının azalma səbəbi nədir? Kişi müəllimlərin sayının azalması təhsil sisteminə necə təsir göstərəcək? Kişi müəllimlərin sayını artırmaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, hazırda ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir:

"Əslində orta məktəblərdə kişi müəllimlərinin sayı 1990-cı ildən etibarən azalmağa başlayıb. O dövrdən etibarən kişi müəllimlərin kütləvi şəkildə məktəbdən uzaqlaşması müşahidə olunur. Sovet dönəmində də məktəblərdə kişi müəllimlərin sayı çox deyildi. Ancaq onların sayı indiki qədər da azlıq təşkil etmirdi. Bu gün ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Təbii ki, məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var. Hesab edirəm ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu balans gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var".

Onun sözlərinə görə, ölkə üzrə müəllimlərin böyük əksəriyyətinin qadınların təşkil etməsinin səbəblərindən biri onların müqəddəs peşə sayılan müəllimliyə daha çox maraq göstərməsidir: “Qadının təbiətində tərbiyə etmək, öyrətmək, məşğul olmaq xüsusiyyəti var. Ona görə də xanımların böyük əksəriyyəti müəllimlik peşəsini seçir. Gəlin etiraf edək ki, qadın müəllimlərin çoxu bu peşəni müvəffəqiyyətlə yerinə yetirirlər. İkinci bir səbəb isə ailədə olan qız uşaqlarının valideynlər tərəfindən müəllimlik peşəsinə yönəldilməsidir. Valideynlərin çoxu hesab edir ki, qadın üçün ən gözəl peşə müəllimlikdir. Ona görə də onlar övladlarını daha çox bu peşəyə yönəldirlər”.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndinin fikrincə, orta məktəblərdə kişi müəllimlərin sayının az olması əməkhaqqı ilə bağlıdır:“Təəssüflər   olsun ki, hazırda ölkədə ümumi təhsil müəssilərində, eyni zamandan orta ixtisas təhsili müəssilərində kişi müəllimləri sayında çatışmazlıq var. Bunun da əsas səbəbi kişi müəllimlərin təhsil prosesindən uzaqlaşmasıdır. Düşünürəm ki, bu, əməkhaqqı ilə bağlıdır. Çünki onların aldığı məvacib bir ailənin dolanışığı üçün yetərli deyil. Bu nöqteyi-nəzərdən kişi müəllimlər başqa peşələrə üz tuturlar. Nəticədə hazırkı problemlə üz-üzəyik. Xüsusilə, ibtidai sinif müəllimləri arasında kişi müəllimlərin sayı demək olar ki, barmaqla sayılası qədərdir. Əvvəllər isə ibtidai siniflərdə kişi müəllimləri də var idi, hazırda olduğu qədər ciddi fəsadlar yox idi. Bu kimi hallar olduğu zaman biz təbii ki, deyə bilmərik kişi müəllimlərin əməkhaqqı artsın. Burada ümumi müəllimlərim əməkhaqqında artım olmaldır ki, kişi müəllimlər prosesə cəlb olunsunlar. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilməlidir, onlara stimul verilməlidir”.

Ekspert qeyd edir ki, bu problemin bir sıra fəsadları var: “Fəsadlara gəlincə, həm oğlan, həm qızlar məktəbəqədər hazırlıqda da, orta ümumi təhsil müəssisələrində qadın müəllimləri görürlər. Yuxarı siniflərə yenə də qadın müəllimlər üstünlük təşkil edir. Ünsiyyət daha çox qadın müəllimləri ilə olduğuna görə, bu da onların psixologiyasına təsir edir. Kişi müəllimlərlə isə müəyyən məsələlərin qarşısı alınır. Elə problemli məsələlər var ki, müəllim ana, qadın mövqeyi kimi humanist yanaşır. Kişi müəllimlərin ciddiyəti ilə isə şagirdlər müəyyən məsələrdə çəkinir. Adətən, bu müəllimlərin dərslərində nizam-intizama meyilli olurlar. Düzdür, istisna olaraq bir çox xanım müəllimlər, direktorların olduğu təhsil müəssisələrində də müəyyən intizamlara riayət olunur. Hazırda bu məsələ ilə bağlı neqtiv məqamlar görürük. Ümid edirik ki, dövlətimiz tərəfindən müəyyən işlər görülər və kişi müəllimlər də təhsilə cəlb olunarlar”.