Kliniki Tibbi Mərkəzdə icbari sığortadan faydalananlar - REPORTAJ

11:19 12.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildən etibarən Azərbaycanda bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək hüququna malikdirlər. Xeyli müddət keçməsinə baxmayaraq, ödənişsiz müayinə, müalicə və əməliyyatlara inanmayan, prosesə dırnaqarası yanaşan vətəndaşlar heç də az deyildir. Zaman-zaman bununla bağlı çoxlu söz-söhbət də yayılır. Kimi deyir, icbari tibbi sığortadan yararlanmaq üçün poliklinikalar göndəriş verməlidir. Kimiləri də bildirir ki, rayonlardan paytaxtdakı tibb müəssisələrinə müraciət edən xəstələr qəbul zamanı bir sıra problemlərlə qarşılaşırlar.

“Gərək səhər saat 7-dən gələsən”

Hafta.az olaraq vəziyyəti yerində öyrənmək üçün vətəndaşların icbari tibbi sığorta ilə ən çox müraciət etdikləri tibb müəssisələrindən biri olan Kliniki Tibb Mərkəzə (Semaşko) yollandıq.

Klinikanın birinci korpusunda qeydiyyata düşmək istəyən onlarca vətəndaşın izdihamı müşahidə olunurdu. Uzanan növbələrin get-gedə bir qədər azalacağını düşünsək də, günortaya doğru bu say daha da artmağa başladı. Ardınca, saat 11.00 olmasına baxmayaraq, ultrasəs (USM) və kardioloji kabinet (EXO) müayinələrinə bu gün üçün qeydiyyatın dayandırıldığı elan edildi. Səbəb isə bütün yerlərin dolması idi.

Biz də növbə gözləyənlərlə həmsöhbət olduq...

Tibb müəssisəsinə gələn gənc xanım bildirdi ki, daha əvvəl öz səhhətində baş verən problemlə bağlı buraya müraciət etmişdi. İlk dəfə gələndə növbə ilə bağlı bir sıra çətinlik yaşadığı üçün, bu gün səhərdən bəri mərkəzdədir. Tez gəldiyi üçün müraciəti üzrə növbəyə düşə bilib:

“Bura gərək səhər saat 7-dən gələsən, başqa cür mümkün deyil. Ancaq qəbula durmaq asandır. Heç bir ödəniş olmadan müayinə olunuruq. Nəyi pisdir ki? Allah var, həkimlər də xəstələri “yola verib, başlarından etmirlər”. Dediyim kimi, bircə pis iş odur ki, növbə çox olur”.

“Kağızın arasına 5 manat qoyaram...”

Başqa bir xanım həmsöhbətimiz isə anasının səhhətində baş verən problemlə bağlı icbari tibbi sığortanın imkanlarından yararlanaraq Kliniki Tibbi Mərkəzə müraciət edənlər arasındadır. Xanımın sözlərinə görə, o, heç bir poliklinikanın göndərişi olmadan mərkəzə gəlib. Səhərdən bəri uzun və yorucu növbənin ardından qeydiyyata düşməyi də bacarıb. Hələ ki, heç bir problemlə üzləşməyib. Xanım çətinlik yaşayacağı təqdirdə, “özünəməxsus” çıxış yolunun, yəni “B planı”nın olduğunu da qəribə təbəssümlə ifadə etdi:

“Heç bir poliklinikaya müraciət etmədən, birbaşa bura gəlmişəm. Nəsə bir çətinliyim olsa, kağızın arasına 5 manat qoyaram, çıxar gedər. Onsuz da müayinəyə pul verməyəcəyəm”.

Görünür, cəmiyyətin inkişafına mane olan “rüşvət” və “rüşvətxorluq” anlayışlarını həyatımızdan çıxarmaq istəyiriksə, hələ görüləsi çox iş var. Öz haqq və hüquqlarını bildiyi halda, hələ də insanlara rüşvət təklif edərək qarşılaşdığı ilk çətinliyi aşa biləcəyini düşünən zehniyyətlər mövcuddur.

Göndərişlə vətəndaş qəbulunda dəyişiklik

Qəbul prosesini izlədikdən sonra, Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu mərkəzin fəaliyyəti, vətəndaşların qəbulu və bəzi yeniliklər barədə bizləri bilgiləndirdi. Onun sözlərinə görə, icbari tibbi sığorta 2020-ci il 1 aprel tarixindən etibarən ölkə üzrə tətbiq olunmağa başlayıb. Elə Kliniki Tibbi Mərkəz də həmin dövrdən icbari tibbi sığorta ilə işləməyə başlayıb. Həmin ilin dekabr ayında icbari tibbi sığortanın idarə heyətinin qərarı ilə göndərişlə vətəndaşın qəbulu ləğv olunub:

“Bundan sonra, harada yaşamasından və qeydiyyatından asılı olmayaraq, hər kəs tək şəxsiyyət vəsiqəsini təqdim etməklə pulsuz tibbi xidmətlərdən yararlana bilər. Qəbul zamanı mərkəzin qeydiyyatçıları vətəndaşı ilk olaraq terapevtə yönəldirlər. Konsultasiya zamanı xəstəyə diaqnozlar qoyulur və terapevt xəstəni aidiyyəti ixtisas həkimlərinə yönəldir. USM, rentgen, KT, psixoloq, nevroloq və bu kimi başqa tibbi xidmətlərdən yararlanmaq olur. Əgər vətəndaşın səhhətində ciddi problemlər aşkarlanarsa, bu zaman o, stasionar müalicəyə yazılır. Stasionar müalicə müddətində xəstələrin dərman və qidasından tutmuş, bütün tələbatı xəstəxana tərəfindən tam olaraq qarşılanır”.

Bir gün ərzində 800-dən çox müraciət

E.Hidayətoğlu həkim və xəstə arasında xoşagəlməz halların qarşısını almaq üçün atılan addımlara da diqqət çəkdi.  O bildirdi ki, indiyə qədər təəssüf ki, həkimlərin xəstələrdən pul tələb etməsi kimi neqativ hallar yaşanıb:

“Belə faktlar aşkarlandığı zaman mərkəz tərəfindən ciddi addımlar atılır. Son günlər həkimlərin maaşının 2 dəfəyə qədər artırılması da neqativ halların aradan qaldırılması üçün böyük təkandır”.

Kliniki Tibbi Mərkəzə 1 gün ərzində 800-dən çox vətəndaş müraciət edir. İnfeksion xəstəliklər və ginekoloji şöbələr yeni fəaliyyətə başladığından, bura müraciət digərlərindən bir qədər az olur:

“Mərkəzin doğum şöbəsi koronavirusa görə uzun müddət idi  bağlanmışdı. Yalnız ölkə üzrə COVID-ə yoluxmuş və vəziyyəti ağırlaşmış hamilə qadınlara xidmət göstərirdi. Bir aya yaxındır, digər şöbələr kimi, bura da öz fəaliyyətinə normal qaydada davam edir”.

Kardiologiya şöbəsində 20 xəstə müalicə alır

Tibb müəssisəsinin 1-ci korpusunu gəzib, stasionar müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olduq. Həkim-kardioloq Səbinə Babayeva bildirdi ki, şöbəyə həm ambulator, həm də stasionar  müalicə üçün müraciətlər olunur. Günboyu xəstəxanaya stasionar olaraq 7-8 yeni yatış qeydə alınır. Ambulator müalicədə isə bu say 70-80 nəfər arasında dəyişir:

“Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsində 70 çarpayılıq yer mövcuddur. Hazırda 20 xəstə burada stasionar müalicə alır. Biz bütün xəstələri icbari tibbi sığorta ilə qəbul edirik. İstər dərman təminatı, istərsə də digər müayinə və avadanlıqlar icbari tibbi sığorta tərəfindən təmin edilir”.

Həkim-kardioloq onu da vurğuladı ki, vəziyyəti ağır olan kardioloji xəstələrin tibb müəssisəsində yatış müddəti 10 günə qədərdir.  

68 yaşlı Xanlar dayı belə xəstələrdən biridir. O, 6 gün öncə icbari tibbi sığorta ilə mərkəzə müraciət edib. Aparılan ilkin müayinənin ardından xəstənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, dərhal stasionar müalicəyə götürülüb.

“Ürəyimdə stend var. Üç ildir koronavirusa görə gələ bilmirdim. Həmişə burada müalicə olunmuşam. Hər şey qaydasındadır. Hətta öz dərmanlarımı da istifadə etməyə ehtiyac qalmır. Elə tibbi sığortanın təmin etdiyi dərmanları qəbul edirəm. Yeməyindən tutmuş, xəstəyə qulluğa qədər hər şey yaxşıdır”.

Sonda isə qeyd etmək istərdik ki, hazırda Kliniki Tibbi Mərkəzin təcili tibbi yardım şöbəsi dünya standartlarına uyğun tərzdə yenilənməkdədir. Gələcəkdə buraya müraciət edənlərin vəziyyətinin ağırlığı nəzərə alınaraq, 3 – yaşıl, sarı və qırmızı zolaqlar yaradılacaq. Xəstələrə əlavə vaxt itkisi olmadan tibbi yardım göstəriləcək.

Oxunma sayı 241