Köçkünləri azad edilən ərazilərdə yaşamağa təşviq etməliyik – hüquq müdafiəçisi

15:56 12.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Torpaqlarımız azad edildikdən dərhal sonra orada bərpa və yenidənqurma işlərinə start verildi. Ardınca isə ölkə başçısının tapşırığı ilə qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına könüllü olaraq qayıdıb qayıtmamaları barədə sorğu aparıldı. Öz elinə, obasına qayıdacağı günü həsrətlə gözləyənərin yanı sıra burada yaşamağa davam etmək istəyənlər də oldu əlbət.

Belə olan halda da qarşıya bir problem çıxır. Köçkün vətəndaşlardan bəziləri  azad olunan torpaqlarda məskunlaşmaq istəmir, üstəlik hazırda məskunlaşdığı rayon və ya şəhər üzrə ona ev verilməsini tələb edir. Buna dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin önünə övladlarını etiraz olaraq qoyub gedən Ağdam sakininin timsalında şahid olduq. Bəs görəsən belə məqamlarda ortaq məxrəc tapmaq üçün hansı addımlar atılmalıdır? Dünya təcrübəsi yoxsa yeni planlama?

Hüquq müdafiəçisi Rəsul Cəfərov hafta.az-a açıqlamasında ölkə konstitusiyası, qanunvericilik aktları və qoşulduğumuz beynəlxalq hüquqi sənədlərə görə vətəndaşlarımızın öz yaşayış yerini seçmək hüququ olduğunu xatırlatdı. O hesab edir ki, qaçqın və köçkünləri azad edilən ərazilərdə yaşamağa təşviq etmək daha doğru olardı:

“Nəzərə almalıyıq ki, uzun illərdir işğal altında olan torpaqlarımız müharibə yolu ilə azad edildi. Ona görə fikrimcə belə məqamlarda ortaq məxrəc tapılmalıdır. Bunun üçün də digər ölkələrdə tətbiq edilmiş mexanizmlər mövcuddur. Bu yöndə vətəndaşları qayıdışa təşviq etmək əlverişli olardı. Hazırda məcburi köçkünlər üçün xüsusi güzəştlər tətbiq olunur. Bunun davamı kimi köçürülən məcburi köçkünlərə də torpaqların bölünməsi,  bitkiçilik, heyvandarlıq yaxud da vergilərlərlə bağlı müxtəlif güzəşt etmək olar. Bu normal bir taktikadır. Digər bir məsələ isə odur ki, azad edilən ərazilərə hər kəs köçməlidir deyə bir zərurət yoxdur. Elə yerlər var ki, ora əhalinin tam məskunlaşdırılması üçün onillərlə vaxt lazımdır. Böyük ehtimalla köçürülmə zamanı da mərhələlər olacaq”.

Hüquq müdafiəçisi məsələyə hüquqi müstəvidən yanaşaraq qaçqın və məcburi köçkünlər azad edilən ərazilərə qayıtmaq istəmədikləri təqdirdə onlara verilən imtiyazların qüvvəsini itirəcəyini vurğuladı:

“Şəxsin yaşadığı torpaqlar işğal olunduğu halda dövlət üzərində məsuliyyət hiss edib ona dəstək olurdu. Artıq işğal bitib. Bundan sonra köçürülməyə razı olan qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq.  İmkanı olan və qayıtmaq istəməyənlər isə paytaxtda qalıb yaşaya bilər”.