Kosmosun üçüncü FATEHİ (Araşdırma)

09:10 13.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin son 20 ildə istehsal etdiyi peyklər, raketlər, servislər, kəşfiyyat vasitələri və digər avadanlıqlarla özünü təmin edən kosmik proqramın hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edib. Hətta insanlı kosmik ekspedisiyalardakı nailiyyətləri ilə bu sahədə ABŞ və Rusiyadan sonra üçüncü güc mövqeyini möhkəmləndirib.

Ölkə bu il Yer orbitində qurduğu kosmik stansiyaya iki laboratoriya modulu əlavə edərək, əsas sxemin montajını başa çatdırıb, həmçinin stansiyaya iki yükçatdırma uçuşu və insanlı ekspedisiya təşkil edib. İkinci insanlı səyahət isə gələn ay üçün planlaşdırılır.

Böyük yüksəliş

Bu il demək olar ki, hər həftə peyklər buraxan Çin orbit infrastrukturunu daim təkmilləşdirir. Uzaqdan zondlama yer və okean müşahidə peykləri, rabitə və kəşfiyyat peykləri ilə yanaşı, ABŞ-ın Qlobal Mövqeləşdirmə Sisteminə (GPS) rəqib və alternativ olan BeiDou yerləşdirmə sistemi üçün də peyk şəbəkəsi yaradır.

Ay və Marsda aktiv kəşfiyyat vasitələri ilə kosmik tədqiqatlarını davam etdirən Çin Venera, Yupiter və Asteroid kəmərinə kəşfiyyat missiyaları planlaşdırır. Dünyanın ən böyük FAST radioteleskopunu, eləcə də optik və rentgen teleskoplarını inkişaf etdirən ölkə yer və kosmik teleskoplarla kosmik tədqiqatlar sahəsində imkanlarını artırır.Bundan əlavə, ağır daşıyıcının və təkrar istifadə edilə bilən xüsusiyyətlərə malik iki yeni nəsil raket mühərrikinin alovlanma sınaqlarını keçirən Çin, atma və daşıma vasitələrinin inkişafında da əhəmiyyətli irəliləyişlər əldə edib.

Ay kəşfiyyat missiyası

019-cu ildə özünün "Chang 4" robot avtomobilini Ayın qaranlıq tərəfinə endirən Çin buna nail olan ilk ölkə kimi adını tarixə yazdırıb, həmçinin 2021-ci ildə ayın səthindən nümunələr toplaması planlaşdırılan "Chang'i 5" vasitəsini də kosmosa göndərib.

Çin növbəti illərdə Ayda kəşfiyyat fəaliyyətini yeni missiyalarla davam etdirəcək. Bu çərçivədə 2024-cü ildə qaya və torpaq nümunələrini götürmək üçün “Zhang 6”, 2026-cı ildə Ayın cənub qütbünü tədqiq edəcək “Zhang 7” və 2027-ci ildə təbii resurs tutumunu və mövcudluğunu yoxlayacaq, eləcə də Ayda kosmik bazanın tikintisi üçün sınaqlar keçirəcək “Zhanga 8” missiyasını göndərmək planlaşdırılır.

Çin mifologiyasında Ay ilahəsinin adını daşıyan kəşfiyyat missiyaları ölkənin kosmos yarışındakı iddiasını ortaya qoyur. Ölkə 2030-cu illərdə Aya insanlı missiyalar həyata keçirərək ABŞ-ın Ayın kəşfiyyatı proqramı “Artemis” missiyasına rəqib olmağı hədəfləyir.

ABŞ Aerokosmik Agentliyi (NASA) yunan Ay ilahəsinin adını daşıyan "Artemis" kəşfiyyat missiyasının bir hissəsi olaraq 2024-cü ilədək Aya insanlı missiyalar təşkil etməyi hədəfləyir. 2028-ci ilə qədər davam etməsi planlaşdırılan ekspedisiyalardan sonra Ayın orbitində kosmik stansiya qurmaq və buradan istifadə edərək Marsa insanlı ekspedisiyalar təşkil etmək hədəfləyir.

Mars kəşfiyyat missiyası

Digər tərəfdən, Çin peyk və səyahətçi robotdan ibarət Marsda kəşfiyyat aparacaq "Tienvin-1" missiyasını kosmosa göndərib. Çinin ilk təkbaşına Mars kəşfiyyat missiyasında istifadə olunacaq texniki vasitələr 23 iyul 2020-ci ildə buraxılıb. 202 gün davam edən səyahətdən sonra kəşfiyyat vasitələri 10 fevral 2021-ci ildə planetin orbitinə çatdıqda Mars peyki fəaliyyətə başlayıb.

14 may 2021-ci ildə robot-səyyah “Curonq” Marsın səthinə enib. Beləliklə, Çin ABŞ-dan sonra Marsın səthində kəşfiyyat işləri aparan ikinci ölkə olub.

Çin dilində “göylərdə həqiqəti axtarmaq” mənasını verən “Tienvin” missiyası öz adını eramızdan əvvəl IV əsrdə yaşamış Çin şairi Qu Yuanın misralarından alıb. Səyyah robot isə Çin mifologiyasında alov və müharibə tanrısının adını daşıyır.

Bu arada, Çin 2011-ci ildə Rusiya ilə əməkdaşlıq edərək Marsa peyk göndərməyə cəhd göstərmişdi, lakin peyk Yer orbitinə çatmamış atmosferdə yanaraq məhv olmuşdu.

Kosmosa insanlı səyahətlər

Çin ilk dəfə 1967-ci ildə dövlət başçısı Mao Zidong və baş nazir Cou Enlay dövründə kosmosa insanlı səyahətə başlamaq qərarına gəlib. Amma 1970-ci illərdə ABŞ-ın "Gemini" gəmisinin formasında dizayn edilmiş “Şuguang” kosmik gəmisi uğursuzluqla üzləşib. İllər keçdikdən sonra ölkə Rusiyanın “Soyuz” gəmisini nümunə götürən “Şinkou” şatlını inkişaf etdirməklə öz məqsədinə nail ola bilib.

İlk pilotsuz sınaq uçuşu 1999-cu ildə “Shincou-1” servisi ilə həyata keçirilib. 15 oktyabr 2003-cü ildə çinli taykonavt Yang Livey "Şincou-5" gəmisi ilə kosmosda 21 saat uçub və ölkəsinin ilk insanlı kosmik missiyasını həyata keçirib.

2008-ci ildə "Şinkou-7" ekspedisiyasında kosmosa ilk uçuş icra olunub, 2012-ci ildə isə "Şinkou-9" ekspedisiyasında olan taykonavtlar Çinin o zamankı kosmik stansiya prototipi olan “Tienqonq-1”lə birləşməyə nail olublar. Yeni qurulan kosmik stansiyaya 2021-ci ildə iki, bu il isə bir insanlı ekspedisiya yola salınıb ​​və gələn ay üçün yeni ekspedisiya planlaşdırılır.

Beləliklə, hazırda Çin dövləti ABŞ və Rusiyadan sonra insanlı kosmik səyahət imkanlarına və təcrübəsinə malik üçüncü ölkədir.

Kosmik stansiya

ABŞ kosmosun tədqiqi sahəsində əməkdaşlığı qadağan etdiyindən və onun Beynəlxalq Kosmik Stansiya (BKS) proqramında iştirakına mane olduğu üçün Çin öz kosmik stansiyasının yaradılması üzərində işləyir.

Əsas modul, iki laboratoriya modulu və bir kosmik teleskopdan ibarət olması planlaşdırılan “Tiengong” (“Səma sarayı”) stansiyası tamamlandıqdan sonra Rusiyanın hazırda fəaliyyətdə olmayan Mir Kosmik Stansiyasının ölçüsü ilə təxminən eyni olacaq.

Stansiyanın əsas hissəsi olan "Tienhi" (“Səma harmoniyası”) adlı nüvə modulu 29 aprel 2021-ci ildə, ilk laboratoriya modulu "Vintien" (“Göyləri axtaran”) iyulun 24-də, ikinci laboratoriya modulu “Mingtien” (“Göyləri xəyal edən”) isə oktyabrın 31-də kosmosa göndərilib.

Əsas modula laboratoriya modullarının əlavə edilməsi ilə stansiyanın “T” formalı əsas çərçivəsi tamamlanıb. Əsas skelet qurulduqdan sonra "Shuntien" (“Səmada səyahət edən”) adlı kosmik teleskopun ayrıca modul kimi stansiyaya əlavə edilməsi planlaşdırılır. Quraşdırılmasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılan stansiyada hələ də üç nəfərlik taykonavt qrupu növbə ilə işləyir.

Peyk infrastrukturu

Çin son iki onillikdə peyk texnologiyası sahəsində də nailiyyətlərini artırıb. Ölkə öz infrastrukturunu “ChinSat” və “Congching” rabitə peykləri, “Gaofin”, “Yaogan” və “Xian” yer müşahidəsi və “Hay Yang” okean müşahidə peykləri, “Kuafu Sun” müşahidə peykləri, “BeiDou” qlobal yerləşdirmə peykləri və “Şingyun” internet peykləri kimi çoxsaylı peyklər şəbəkələri ilə gücləndirib.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-nə olan məlumata əsasən Yer orbitində 4852 aktiv peyk var. Bunlardan 499-nun sahibi olan Çin, 2944 peyki olan ABŞ-dan sonra ən çox peyki olan ikinci ölkədir.

Bu arada, Çin hökuməti ABŞ ordusunun qlobal yerləşdirmə sistemi olan GPS-dən asılılığını azaltmaq üçün “BeiDou” Peyk Yerləşdirmə Sistemini (BDS) inkişaf etdirməyə başlayıb. “BeiDou” peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılıb. Dörd peykdən ibarət “BDS-1”, 20 peykdən ibarət “BDS-2” və 35 peykdən ibarət “BDS-3” şəbəkələri tərəfindən hazırlanan və dəstəklənən sistemdə 42 aktiv peyk mövcuddur. Çin gələn il BDS-3 şəbəkəsini dəstəkləmək üçün daha 3 və ya 5 peyk buraxmağı, 2035-ci ilə qədər isə sistemə “BDS-4” adlı növbəti nəsil peyk şəbəkəsini əlavə etməyi hədəfləyir.

Çin qlobal miqyasda GPS-ə alternativ olaraq BDS-dən istifadəni təşviq edir. Bu ilin birinci yarısında Çində istehsal olunan smartfonların 98 faizində BDS sistemindən istifadə edərək xəritə və yerləşdirmə xidmətləri olub. Nəqliyyatdan e-ticarət və paket xidmətlərinədək bir çox kommersiya tətbiqi olan texnologiya təxminən 470 milyard yuanlıq (64,5 milyard dollar) bazar yaradır.

Sonda qeyd edək ki, Çin illər ərzində bütün buraxılış, daşıma vasitələrini və avadanlıqlarını durmadan inkişaf etdirib. Əsas buraxılış qurğusu kimi fəaliyyət göstərən “Long March” raketləri kosmosa həm ağır yükləri, həm də yüngül elementləri daşımaq üçün istifadə olunur.

Ölkənin ilk yerli peyki “Donfanghong 1”i ilk dəfə 1970-ci ildə kosmosa çıxaran “Long March 1” raketi bu günədək 18 nəsil istehsal edib. Hazırda “Long March 2C”dən “Long March 11”ə qədər mərhələli raketlər müxtəlif buraxılış tapşırıqlarını yerinə yetirir. Digər tərəfdən, şəxsi heyətin şatlı “Shincou” (“Müqəddəs gəmi”) və yük gəmisi “Tiencou” (“Səma gəmisi”) Çin kosmik proqramının əsas daşıyıcılarıdır...