Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov bu günlərdə Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlıqla bağlı məsələyə diqqət çəkib. O, ermənilərin yaratdığı bu məzarlığın özlüyündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə, şəxsiyyət əleyhinə olan cinayətlərin məcmusunu ehtiva edir.
“Bu aşkarlanan ilk kütləvi məzarlıq deyil, daha öncə, 10-dan artıq məntəqədə insanların kütləvi qətlə yetirilib basdırıldığı çoxsaylı yerlər tapılıb. Hər hansı milli, etnik, irqi qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə onların öldürülməsi isə istər 1948-ci il 9 dekabr Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya, istərsə də Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən soyqırım hesab olunur.
İkincisi, kütləvi dəfn olunanlar müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər, adi gözlə skletlər üzərində vəhşiliklərin izlərini görmək olur. Bu humanitar hüquq norma və prinsiplərinin, daha konkret desək, “Hərbi əsirlərlə rəftara dair”, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolların köklü pozuntusu kimi məsuliyyəti labüd edir.
Kütləvi məzarlıqların sayı göstərir ki, Ermənistanın dövlət səviyyəsində bu cinayətləri dəstəkləyib və əminliklə demək olar ki, hələ də taleyindən xəbərsiz olduğumuz 4000-ə yaxın soydaşımızın əksəriyyətinin dəfn olunduğu kütləvi məzarlıqların koordinatları Ermənistan hərbi-siyasi rəhbərliyində mövcudur”.
Deputat bildirib ki, bu cinayətləri törədən erməni hərbiçiləri, Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Əks halda cəzasızlıq mühiti bölgədə yeni faciələrə yol aça bilər”.