“Laçın yolunun Ermənistana heç bir aidiyyatı yoxdur. Bu gün Azərbaycanın sülh müqaviləsi təklifi daha çox Ermənistana lazımdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə Azərbaycana qarşı erməni hədyanları və beynəlxalq müstəvidə reallığa uymayan hesabatların verilməsi ilə bağlı narahatlığını açıqlayarkən bildirib.
Deputat qeyd edib ki, Avropa İttifaqının ATƏT nümayəndəsinin Azərbaycanla bağlı hesabatında “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi, eyni zamanda orada erməni əhalisinin təhlükəsizliyinin qorunması ilə bağlı edilən çağırışlar reallığı əks etdirmir, ikili yanaşmanı göstərir.
A.Mirzəzadə eyni zamanda bildirib ki, Laçın-Xankəndi istiqamətində sərhəd buraxılış məntəqəsinin qoyulması ilə sərhəd bütövlüyü təmin edilməklə Ermənistanı dəstəkləyən xarici vətəndaşların viza almadan Azarbaycana gəlişinin, eləcə də müxtəlif qanunsuz yüklərin, silah-sursatın gətirilməsinin qarşısı alınıb. O, qeyd edib ki, bu gün həmin məntəqədən heç bir insident qeydə alınmadan keçid hərəkətinin müşahidə olunması, ermənilərin “blokada” iddiasının absurd olduğunu göstərir və bu fakt yanlış hesabatları rədd edir.