Lotereyadan 220 milyon yuan udub, amma ailəsindən gizlədib

16:40 01.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində bir kişi lotereyada 220 milyon yuan (təxminən 29,9 milyon dollar) udub, amma bunu öz ailəsindən gizlədib.

Hafta.az-ın yazdığına görə, hətta o, arvadı və övladı tanımasın deyə mükafatlandırma mərasiminə tam bədən cizgi filmi kostyumunda gəlib. Özünü "cənab Li" kimi təqdim edən şəxs uduşların ailəsini tənbəlləşdirə biləcəyini deyib.

"Mən həyat yoldaşıma və övladıma demədim, çünki qorxdum ki, onlar arxayınlaşacaqlar, işdən çıxacaqlar və ya gələcəkdə kifayət qədər çalışmayacaqlar", - deyib lotereyanın qalibi.

Bu arada, "Cənab Li" deyib ki, nə axtsa qalib olacağını düşünərək 10 ildən çox idi ki, ardıcıl olaraq bilet alırmış. Bu yaxınlarda kiçik Litanq şəhərindəki köşkdən təxminən 11 dollara 40 lotereya bileti alıb və hər bileti eyni nömrə kombinasiyası ilə doldurub: 02, 15, 19, 26, 27, 29 və 02. O, son bir neçə ildə eyni yeddi rəqəmi ona şanslı göründüyü üçün seçdiyini söyləyib.

Ertəsi gün o, udulmuş məbləği almaq üçün cənub Quanqsi bölgəsinin paytaxtı olan böyük Nanninq şəhərinə gedib. 43 milyon yuan vergi ödədikdən sonra o, təxminən 171,6 milyon yuan alıb.

Qalib artıq 5 milyon yuanı xeyriyyəçiliyə bağışlayıb, lakin qalanını nə edəcəyinə qərar verməyib. Eyni zamanda, vəkillərin fikrincə, "cənab Li"nin uduşları hələ də həyat yoldaşı ilə birlikdə mülkiyyətidir.