Malyariya ağcaqanadları yaşayış areallarını hər il 5 kilometrədək genişləndirir

13:00 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddətdir ki, iqlim dəyişikliyinin bir çox canlı növünü yeni bölgələrə köçürəcəyi barədə xəbərdarlıq edən elm adamları, xüsusilə xəstəlik daşıyan ağcaqanadlara işarə ediblər.

Hafta.az-ın yazdığına görə, “Biology Letters” elmi jurnalında dərc edilən yeni araşdırma, təhlükənin gələcək üçün deyil, məhz indi olduğunu ortaya qoyub. Məlum olub ki, malyariya daşıyan ağcaqanadlar son 100 ildə Afrikanın daha isti bölgələrinə doğru hərəkət edir.

Corctaun Universitetinin bioloqu Kolin Karlson və həmkarları entomoloqlar tərəfindən toplanan geniş məlumatları araşdıraraq, son 120 ildə Afrikada ağcaqanadların yayılmasına baxdılar. “Anofel” ağcaqanadlarının 22 növünün 1898-ci ildən 2016-cı ilə qədər nə qədər məsafəyə yayıldığı araşdırılıb. Məlum olub ki, bu müddət ərzində dünya ən azı 1,2 dərəcə isindiyi üçün əvvəllər ağcaqanadların yaşamasına imkan verməyən yerlər indi “Anofel”in yeni evi olub.

Aşkar edilib ki, “anofel”lər hər il 4,7 kilometr cənuba, eləcə də 6,5 metr yüksəkliyə yayılır. Nəticədə Afrikadakı “anofel”lərin bu müddət ərzində Cənub qütbünə ümumilikdə 500 kilometr daha yaxınlaşdığı bildirilib. Üstəlik, buhəşəratlar 700 metr hündürlükdə də yaşaya bilirlər.

“İndiyədək iqlim dəyişikliyi və malyariya ilə bağlı tədqiqatların əksəriyyəti malyariyanın yayılmasına yönəlib. Bir addım geri çəkilib hekayənin malyariya hissəsinə keçməzdən əvvəl deyirik ki, iqlim dəyişikliyi müstəqil olaraq ağcaqanadlara təsir göstərərək onları bütün dünyaya yayır”, - Karlson deyib.

Bu araşdırmada “anofel” üzərində dayandıqlarını vurğulayan Karlson, digər ağcaqanad növlərinə də baxılması lazım olduğunu söyləyib.

Bildirək ki, “anofel”lər malyariya yayırlar. Karlson əvvəlki araşdırmalarından birində “Zika” virusu, “Denge” qızdırması və “Çikungunya” qızdırmasına səbəb olan “Aedes” ağcaqanadının da əvvəllər olmadığı yerə yayıldığını üzə çıxarıb.

Ağcaqanadlar hava axınları ilə bir gecədə yüzlərlə kilometr yol qət edə bilsələr də, havanın temperaturu, rütubət və yağış kimi amillər onların həyatda qalmasını çətinləşdirir.