Müəllim hazırlığında ciddi dəyişikliklərə ehtiyac var - Aktual

11:35 15.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesinə başlanılıb. Prosesə ilk öncə ibtidai sinif müəllimləri cəlb olunub və hazırda müsahibə mərhələsi davam edir. Daqnostik qiymətləndirmədən sonra müəllimlərin yenidən bilik sınağına çəkilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri bu kimi sınaqların müəllimləri təkmilləşdirdiyi qənaətində olsalar da, digərləri əksinə, prosesin təhsilverənlərin peşəkarlığının artırılmasında heç bir rol oynamadığı qənaətindədirlər. Beynəlxalq təcrübədə müəllimlərin bu şəkildə sınağa çəkilməsi hallarına rastlanılmadığı kimi fikirlər də səsləndirilir.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən əməkdar müəllim Asif Cahangirov hesab edir ki, Azərbaycan təhsilinə sertifikatlaşdırmanın gətirilməsi və rəsmiləşdirilməsi müsbət addımdır: "Beynəlxalq təcrübədə müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə müxtəlif yanaşmalar mövcuddur. Sertifikatlaşdırma (lisenziyalaşdırma, attestasiya kimi ifadələrdən də istifadə olunur) əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bununla yanaşı, həmin proses məqsədindən asılı olaraq, müxtəlif formalarda yerli ərazi idarəetmə orqanı, yaxud məktəb səviyyəsində də aparıla bilər. Setifikatlaşdırma müəllimlərin işə qəbulu, müəllim fəaliyyətinin fərdi qaydada dəyərləndirilməsi və peşəkar inkişafa motivasiyasının artırılması, qabaqcıl müəllimlərin üzə çıxarılması, onların maddi və mənəvi rəğbətləndirilməsi və s. məqsədlərlə təşkil olunur. 

Məsələn, əgər ABŞ-da hansısa müəllm Müəllimlərin Peşə Standartları üzrə Milli Şuranın ((National Board for Professional Teaching Standards - NBPTS ) sertifikatına layiq bilinmişsə, bu, onun yüksək pedaqoji səriştələrə malik olduğuna dəlalət edir. 2012-ci ildən Avstraliyada müəllimlərin peşə standartları (Professional Standards for Teachers) əsasında təşkil olunan sertifikatlaşdırmanın iştirakçıları əldə etdikləri nəticəyə görə mütəxəssis (Proficient), yüksək ixtisaslı müəllim (Highly Ac-complished), aparıcı müəllim (Lead) dərəcələrini əldə edə bilərlər. Postsovet məkanında mərkəzləşdirilmiş sertifikatlaşdırma Gürcüstanda 2011-ci, Ukraynada isə 2019-cu ildən həyata keçirilir.

O ki qaldı ölkə müəllimlərimizin bu ildən başlanmış sertifikatlaşdırılmasına, Elm və Təhsil Nazirliyinin  bu təşəbbüsü çox təqdirəlayiqdir. Azı ona görə ki, nəhayət, qabaqcıl müəllimlərimizin fədakar əməyi maddi cəhətdən fərqləndiriləcək və onların aylıq maaşı 35 faiz artacaqdır.

Əlbəttə, biz strateji əhəmiyyətə malik bir prosesin başlanğıcındayıq. Əminəm ki, sertifikatlaşdırmanın keyfiyyəti ilbəil artacaq, alətlər təkmilləşəcək, sistem daha səmərəli qurulacaqdır. Ümumi təhsilimizin inkişafında və müasir tələblər səviyyəsinə çatdırılmasında müəllimlərimiz müstəsna rola malikdirlər. Azərbaycanın sosial-iqdisadi inkişafı baxımından onların pedaqoji səriştəliliyinin obyektiv şəkildə qiymətləndirilməsi, yüksək  peşəkarlıq nümayiş etdirənlərin əmək fəaliyyətinin layiqincə, hətta deyərdim, yüksək səviyyədə  mükafatlandırılması vacib strateji məsələdir”.

Asif müəllimin ehtimalına görə, gələcəkdə sertifikatlaşdırmanı kənar təşkilatlar da apara bilər: “Bəli, bu gün prosesin mərkəzləşdirilmiş qaydada Elm və Təhsil nazirliyi tərəfindən öz öhdəsinə götürülməsi tam anlaşılandır. Məktəblərimizdə pedaqoji fəaliyyətin müasirləşdirilməsi, təhsilverənlərin peşəkar inkişafa sövq edilməsi, qabaqcıl müəllimlərin maddi stimullaşdırılması, sertifikatlaşdırma mexanizmləri və alətlərinin maksimum dərəcədə optimallaşdərılması və digər zəruri təşkilati-pedaqoji tədbirləri ilkin mərhələdə daha səmərəli məhz nazirlik həyata keçirə bilər. Sonradan isə sertifikatlaşdırma prosesinin təşkilində mövcud beynəlxalq təcrübələrdən bəhrələnmək, bu işlərə kənar qurumların cəlb etmək faydalı olardı”.

A.Cahangirov başqa təkliflər də irəli sürüb: “Məsələn, testləşdirmə mərhələsində müəllimlərə verilən sualların çətinlik səviyyəsinə (asan, nisbətən çətin və çətin) uyğun təsnifləşdirilməsini düzgün hesab etmirəm. 100-300 şagirdə dərs deyən müəllimdən tədris etdiyi fənn üzrə asan sualın cavablandırılması tələbini necə dəyərləndirmək olar? Hörmətli nazir Emin Əmrullayevin Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransındakı məzmunlu və düşündürücü çıxışı və təqdimatdından bir fakt:  sertifikatlaşdırmadan keçmiş 22 faiz ibtidai sinif müəllimi 30 baldan (50%-dən) aşağı nəticə göstərmişdir. Baxın, yeni tədris ilində belə müəllim azı 20 şagirdə dərs deyəcəkdir. Hətta onun aylıq maaşı 10 faiz artırılacaqdır da. Nə deyim, sadəcə 20-25 illik pedaqoji staja malik belə müəllimlərin sinif otağına daxil olmasını gözlərimin önünə gətirirəm…

Zəif müəllim güçlü şagird yetişdirməyə qadir deyil! Bu barədə çox ciddi düşünməliyik. MİQ imtahanlarının statistikasına görə ölkəmizdə kifayət qədər ehtiyat müəllim qüvvəsi var”.

Sonda ekspert müəllim hazırlığında ciddi dəyişikliklərin aparılması zərurətinə də toxunub: “Uzun illərdir bu məsələ ilə bağlı narahatlığımı bildirirəm. Ali pedaqoji məktəblərimiz fənn bilicisi deyil, uşaqları və onlarla işləməyi hədsiz dərəcədə sevən əsl müəllim hazırlamalıdırlar. Fənlər şagirdi formalaşdırmır. Şagird hər bir fənnin imkanlarından bəhrələnərək şəxsiyyət kimi formalaşır”.