Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev 8 Mart Qadınlar günü ilə bağlı məktəblərdə məcburi şəkildə pul və ya hədiyyələr tələb edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazir bununla bağlı valideynlərə çağırış edib. O deyib ki, məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısı alınsın: "Bu kimi hallar iki qrupa bölünür: Birincisi, valideynlər məktəb rəhbərliyi və ya müəllimlər tərəfindən "8 mart Qadınlar günü" münasibəti ilə külli miqdarda pul və ya bahalı hədiyyələr verməyə məcbur edilir. Bu halda valideynlər tərəfindən mütləq qaydada şikayət olunmalıdır. Təhsil Nazirliyinə bununla bağlı şikayət daxil olmasa, araşdırma başlaya bilməz. İkincisi isə valideynlər öz aralarında müəllim üçün istəyərəkdən bahalı hədiyyələr və ya müəyyən miqdarda pul yığırlar. Təssüf ki, Elm və Təhsil Nazirliyi bununla bağlı müəyyən bir tədbir görə bilmir. Sadəcə olaraq maarifləndirici çağırışlar edə bilər. Əks halda, nazirliyin "qaynar xətti"nə vəziyyətlə bağlı müraciət etmək zəruridir".
E.Əmrullayev deyib ki, 8 Mart tarixində müəllimlərə pul yığılıb verilməsi pedaqoji dəyərlərimizə uyğun deyil: “Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir. Müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar".
Maraqlıdır, görəsən, 8 Mart ərəfəsində müəllimlərə pul yığılıb verilməsinin təşəbbüskarı doğurdanmı valideynlərdir? Ümumiyyətlə, 8 Martda müəllimləri hansı formada təbrik etmək lazımdır?
Əməkdar mədəniyyət işçisi İftixar Piriyev: “Kim müəllimi hansı formada, necə təbrik edirsə, bu onun şəxsi düşüncəsidir. Yəni, müəllimlər bizim üçün çox dəyərlidir. Heç kimə bu məsələdə qadağa qoyula bilməz. Kim necə istəyirsə, müəllimi o formada da təbrik etməlidir.”
Təhsil eksperti Nadir İsrafilov: “Hər il belə əlamətdar günlər yaxınlaşanda sosial şəbəkələrdə bu kimi müzakirələr gedir. Pul yığılması məsələsi neçə illərdir ənənə halını alıb. Söhbət təkcə 8 Martdan getmir. İstər Müəllimlər Günü olsun və ya hər hansı bir müəllimin ad günü. Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması bu və ya digər formada vəsait toplanması bimənalı şəkildə yolverilməzdir. Pul yığmaq aşağılayıcı bir hərəkətdir. Müəllim adına yaraşmaz. Amma valideynin və şagirdin əziz saydığı müəllimini təbrik etməsində qəbahət yoxdur. Bəzən biz çox böyüdürük. Müəllim də insandır. Hər bir insan hansısa əlamətdar hadisə ilə bağlı təbrik edilə bilər. Tutaq ki, hər hansı bir şagird və ya valideyn əziz saydığı müəllimini təbrik edir. Niyə görə, qınaq obyektinə çevrilir? Bu məsələ başa düşülən deyil. Elə qadağa yoxdur. Bu müəllim üçün mənəvi qidadır. Lakin sırf hər hansı bir şəkildə pul yığılması müəllim adına ləkədir. Bəzən adi hədiyyəni korrupsiya, rüşvətə bağlayırıq. Belə hallara yol vermək olmaz. Müəllimi bu dərəcədə aşağılamayaq. Niyə müəllimlərin üstünə düşmüşük? Müəllimi təbrik etməyi vacib sayıram. Amma müəllimi təbrik etmək üçün pula ehtiyac yoxdur. Təbrik ayrı, pul yığmaq ayrı. Bunları qarışdırmamalıyıq. Bir də ki, “pul yığan” elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən 8 Mart münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz”.
Memar Cahid Həsənov: “Bizim xalq olaraq çox gözəl ənənələrimiz var. Bu ənənələrdən biri də bayramlarda təbrikləşməkdir. Biz müəllimlərə övladlarımızı, onların gələcəyini etibar edirik. Müəllimi bir dəstə güllə, bir qutu şokoladla təbrik etməyin nəyi pisdir ki? Bəzən bunu ictimaiyyət arasında çox müzakirə edirlər. Mən bunun qəti əleyhinəyəm. Kimin nəyə imkanı çatırsa, könüllü şəkildə müəllimi təbrik etməlidir”.
Təhsil eksperti Elşən Qafarov: “Məktəblərdə ayrı-ayrı bayramlar zamanı valideynlərin müəllim adına pul yığması ilə bağlı müəyyən faktlar olub. İndi də var. Baxmayaraq ki, Təhsil Nazirliyi hər zaman elan edir ki, məktəblərdə pul yığılması ilə bağlı ciddi mübarizə aparılır. Burada məsələnin əsas mahiyyətu nədən ibarətdir. Heç də bütün məktəblərdə bu hallar rast gəlinmir. Ölkədə 4472 ümumtəhsil məktəbi, 85 mindən artıq sinif komplekti, 152 min müəllim, 1 milyon 600 minə yaxın şagird, onların da 3 milyona yaxın valideyni var. Bu çox böyük əhatədir. Əhatəliyinə görə, ümumtəhsil məktəblərində hansısa neqativ hal ola bilər. Bizim korrupsiya hallarına yol verməyən, vicdanla işləyən məktəb rəhbərlərimiz çoxdur. Mən də nazirin fikri ilə razıyam ki, müəllimləri bahalı deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etmək olar. Burada qəbahət heç nə yoxdur”.