Məlum olduğu kimi, Azərbaycanda müəllim olmaq istəyən namizədlər əvvəlcə MİQ imtahanından keçməlidirlər. İşə qəbul olduqdan sonra isə diaqnostika, hər 5 ildən bir serifikasiya imtahanları verirlər. Amma müəllimlərin bu qədər imtahan edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri bunu təhsilin inkişafı üçün uğurlu addım saysa da, bəziləri təhsilverənin də təhsilalan kimi tez-tez imtahan olunmasının müəllimin nüfuzuna, təhsil sənədinə xələl gətirdiyini düşünürlər. Elə ötən həftə parlamentdə millət vəkili Siyavuş Novruzov da müəllimlik ixtisasını bitirənlərin əlavə imtahana cəlb olunması prosesinin ləğvi təklifini irəli sürüb.
Deputat dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllimin işə qəbul üçün yenidən imtahandan keçdiyini xatırladıb. O bildirib ki, onsuz da həmin şəxs ali təhsil aldığı müddətdə kifayət qədər biliyə sahiblənib: “Hər il qanunvericilikdə dəyişiklik edilir, dərsliklər yenilənir. Nəzərə almaq lazımdır ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kimi iş tapmaqdan ötrü gərək həmin şəxs yenə test imtahanından keçsin. Başqa qurumlar da imtahan təcrübəsini tətbiq edir. Xaricdə diplomu təqdim edib iş tapa bilməyən şəxs Harvardı belə məhkəməyə verir. Universitet tələbədən oxuduğu 4 il müddətində təhsil haqqını alıb, amma lazımi biliyi verməyib? Bəs elədirsə, niyə onda diplom verirlər? Hər yerdə müəllimin qədri bilinməlidir. Qanunvericilikdə təkmilləşdirmə aparılmalıdır ki, insanların rahatlığını təmin edək”.
Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda bir ildə orta məktəblərdə 7-8 min vakant müəllim yeri olur: “Ali məktəblərin müəllimlik ixtisasını isə ildə 15-16 min şəxs bitirir. Nəzərə alaq ki, əvvəlki illərdən də işsiz məzunlar var. Tutaq ki, ildə 50-60 min şəxs müəllimlərin işə qəbul imtahanında iştirak edir. Təbii ki, bu insanların hamısını 7-8 min vakant müəllim yerinə yerləşdirmək mümkünsüzdür. Bu yerləşdirməni həyata keçirmək üçün mümkün vasitə olmalıdır ki, bu da imtahandır.
Düzdür, bölgələrə təyinatlar ola bilər. Amma çox təəssüflər olsun ki, ali məktəblərin əksəriyyəti buraxdıqları məzunlara zəruri bilikləri verə bilmirlər. Yəni, bu imtahanların məqsədi heç də müəllim nüfuzuna xələl gətirmək, dövlətin verdiyi təhsil sənədini gözdən salmaq deyil. Əsas məqsəd namizədlər arasından daha bilikli, bacarıqlı şəxsləri seçməkdir. Belə təcrübələr başqa ölkələrdə də mövcuddur. Düzdür, imtahanların daha fərqli formada təşkil olunmasına ehtiyac var. İndiki metod daha çox əzbərləmə biliklərinə önəm verilmə metoddur. Amma buna baxmayaraq biz birmənalı şəkildə deyə bilmərik ki, bu imtahan lazım deyil. Çünki biz müəllimlərə gələcəyimiz dediyimiz uşaqları etibar edirik. Hesab edirəm ki, bu mənada müəllimlərin həm MİQ imtahanından keçməklə işə qəbulunda, həm də sertifikasiyaya cəlb olunmasında pis hal yoxdur. Əksinə bu cür metodlar nəticəsində müəllim öz üzərində daima işləyir və yeniliklərdən xəbərdar olur”.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, təhsil müəssisəsində müəllimin daha çox yüklənməsi, vaxtın düzgün bölünməməsi, əmək haqqının azlığı müəllimləri müəyyən istiqamətlər üzrə təlimə cəlb etməmək müəllimin nüfuzuna xələl gətirir: "Bu gün Azərbaycan müəlliminin nüfuzuna xələl gətirəcək addımlar atılıb, amma buna MİQ, diaqnostika, sertifikasiya imtahanlarını daxil edə bilmərik. Bu, dünyanın əksər ölkəsində keçirilən prosesdir. Fransa, Hollandiya, ABŞ-da da keçirilir. Müəllimin nüfuzuna xələl gətirəcək faktor deyil. Təhsil müəssisəsində müəllimin daha çox yüklənməsi, vaxtın düzgün bölünməməsi, əmək haqqının azlığı müəllimləri müəyyən istiqamətlər üzrə təlimə cəlb etməmək və s. müəllimin nüfuzuna birbaşa təsir edəcək amillərdir. Bu gün müəllimlərin əmək haqqı normal olarsa, daha çox canıyananlıq nümayiş etdirərlər. Bu hər bir müəllimə şamil olunmur. Vicdanlı müəllimlər çoxdur. Amma bəzi müəllimlər kapitalizm dövrünün tələbinə uyğun davranıb yanına hazırlığa gəlməyən uşaqlara bir qədər fərqli yanaşırlar. Bu da müəllimin nüfuzuna xələl gətirir".