“Müstəqilliyimizə ən böyük təhdid Rusiyadır” – Abutalıb Səmədov

16:00 04.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya bölgədən addım-addım uzaqlaşdırılacaq”

Cənubi Qafqaz regionu 44 günlük savaşdan sonra qlobal geosiyasi müstəvidə qurulan əməkdaşlıqlar fonunda yenilənir. Bunu öz oyunları ilə dağıtmağa çalışan imperialist güclərin həmlələri bitmir. Regionda sülh, nəqliyyat-logistika ötürücüsü kimi çıxış edən Azərbaycana qarşı təhdidlər də səngimir. Bu mənada, Prezident İlham Əliyevin “Daim müharibəyə hazır olmalıyıq, hər şey ola bilər” fikri xüsusi qeyd olunur.

Hafta.az-ın müsahibi siyasi ekspert Abutalıb Səmədovdur.

- Prezident İlham Əliyevin Türkmənistan səfərini, eləcə də Azərbaycan–Özbəkistan–Türkmənistan işbirliyini, bunun əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan Prezidentinin bu günlərdə başa çatan Türkmənistan səfəri, orada keçirilən ikitərəfli və üçtərəfli müzakirələr son dərəcə mühüm əhəmiyyətə malik hadisədir. Burada siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın səviyyəsi və inkişaf etdirilməsi barədə ətraflı müzakirələr aparıldı. Qeyd olundu ki, bu gün üç qardaş dövlət onları narahat edən, maraqlandıran məsələlərlə bağlı açıq dialoq aparır, bir-birinin təşəbbüslərini beynəlxalq təşkilatlarda dəstəkləyirlər. İqtisadi sahədə əməkdaşlıq tək üç dövlət arasında deyil, bütövlükdə, Avrasiya regionunda əməkdaşlığın artırılması, inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir və görüşlərdə bu məsələyə xüsusi diqqət yetirildi. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti, onların imkanlarının artırılması, Bakı və Türkmənbaşı limanlarının potensialından daha səmərəli istifadə olunması və digər məsələlər ətraflı şəkildə müzakirə olundu, təkliflər verildi və müəyyən qərarlar qəbul edildi. Hər üç dövlət rəhbəri bir daha qeyd etdi ki, əsas hədəf strateji əməkdaşlığı daha da inkişaf etdirmək və müxtəlif sahələrdə dövlətlərin potensialından daha səmərəli istifadə etmək zərurətdir. Logistika infrastrukturu imkanlarının artırılması, Xəzər dənizində bərə daşımaçılığının inkişaf etdirilməsi barədə maraqlı təkliflər oldu və xüsusilə bu sahəyə diqqət etmək zərurəti qeyd edildi. Burada Türk Dövlətləri Təşkilatının inkişafı, dövlətlərin təhlükəsizlik məsələləri də ciddi müzakirə olundu. Sirr deyil ki, bu üç dövlətin müstəqilliyi üçün təhlükə hələ də qalmaqdadır. Bu dövlətlər öz müstəqilliklərini bundan sonra da qorumağı ciddi şəkildə düşünməli və bu istiqamətdə bir-birinə dəstək verməlidirlər. Prezidentimiz Azərbaycanın işğaldan azad olunmuş rayonlarında aparılan quruculuq işlərinə Özbəkistan və Türkmənistanın göstərdiyi və göstərmək istədiyi yardımları xüsusilə qeyd etdi. Bu addımlar qardaşlığımızı, dostluğumuzu bir az da möhkəmləndirən, çətin gündə bir-birimizin yanında olduğumuzu göstərən addımlardır və Azərbaycan Prezidenti bu addımları minnətdarlıqla qeyd edir.  Ola bilsin, müzakirə olunan məsələlərin bir çoxu barədə danışılmadı. Aydındır ki, üç qardaş dövlət dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edən, onları düşündürən bütün məsələləri müzakirə ediblər və gələcəkdə çox böyük əhəmiyyətə malik olacaq qərarlar veriblər. Hər dövlət başçısının öz dilində mətbuat qaşısında bəyanatla çıxış etməsi xüsusilə sevindirici hadisə idi. Bu, bir daha göstərir ki, münasibətlərimiz günü-gündən inkişaf edir və indi bir-birimizi daha yaxşı başa düşürük. Şübhə yoxdur ki, gələcəkdə bir-birimizin dilini başa düşmək üçün başqa dillərdən istifadəyə ehtiyac olmayacaq.

- Bu üç dövlətin müstəqilliyi üçün hələ də təhlükənin qaldığını və onu aradan qaldırmaq üçün bu dövlətlərin bir-birinə dəstək verməli olduqlarını dediniz. Müstəqilliyimizə qarşı təhlükə nə ilə bağlıdır?

- Keçmiş Sovetlər İttifaqına daxil olan dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə Rusiyadır. Heç kimə sirr deyil ki, o dövlətlərin müstəqil addımları Rusiya tərəfindən narazılıq, narahatlıqla qarşılanr. Rusiya Prezidenti Putin açıq şəkildə o dövlətlərə qarşı gələcək təcavüzkarlıq niyyətlərini bildirən bəyanatlar verir. 2022-ci ildə gənc sahibkarlarla görüşəndə Putin bəyan etmişdi ki, I Pyotr Rusiya torpaqlarını toplayıb möhkəmləndirib. İndi Putin də hesab edir ki, bu missiyanı o daşımalı, Pyotr kimi “Rusiya torpaqları”nı toplamalı və möhkəmləndirməlidir.

Putin 2025-ci ildə də buna oxşar - “Harada rus əsgərinin çəkməsi varsa, ora Rusiyadır” kimi təhlükəli bəyanatla çıxış eləmişdi. Rusiyanın Azərbaycana münasibəti göz qabağındadır. AZAL-a məxsus təyyarənin vurulmasından sonrakı davranışı açıq şəkildə göstərdi ki, Rusiya müstəqil dövlətləri qəbul eləmək istəmir. Bu səbəbdən biz özümüzü, dövlətçiliyimizi, müstəqilliyimizi qorumağı düşünməli və birgə fəaliyyət göstərməliyik. Əks halda, Rusiya təhlükəsi qarşısında dayanmaq çətin olacaq.  Nəzərə alsaq ki, Avropa dövlətləri də kifayət qədər Rusiya təhlükəsini hiss edir və onlar da bu təhlükədən qorunmağın yollarını arayırlar, biz bu təhlükəni gözləməli və qarşısını almağın yollarını düşünməliyik.

- Prezident İlham Əliyevin Kəlbəcərdə etdiyi çıxışında səsləndirdiyi “Daim müharibəyə hazır olmalıyıq, hər şey ola bilər” fikri gündəmin müzakirəsindədir. Hansı müharibə təhdidləri gözlənir?

- Əsas təhlükə, təbii ki, Rusiyadır və Azərbaycana qarşı müharibə riskləri qalır. İkinci böyük təhlükə Ermənistanla bağlıdır. Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və Ermənistanda öz adamını hakimiyyətə gətirmək üçün cəhdlər edir. Əgər bu məqsədinə nail ola bilsə, gələcəkdə Ermənistanın əli ilə Azərbaycana qarşı müharibəyə başlaya bilər. Unutmayaq ki, Ermənistanda Azərbaycana qarşı olan revanşist qüvvələr var və onlar Rusiyanın köməyi ilə itirdiklərini qaytarmaq ümidindədirlər. Biz bunu da nəzərə almalıyıq. Digər tərəfdən, 1993-cü ildə Ermənistanın tərəfində vuruşan Rusiya diviziyalarını da yaddan çıxarmamalıyıq. Həmin dövrdə Rusiya Azərbaycan torpaqlarını öz diviziyaları, hərbi hissələri vasitəsi ilə işğal edib, Ermənistana verdi. Təbii ki, biz bunları nəzərdə saxlamalıyıq.

Və nəhayət, İran tərəfinin təhlükəli olduğunu yaddan çıxarmamaq məcburiyyətindəyik. İranın yüksəkvəzifəli şəxsləri son dərəcə aqressiv bəyanatlarla çıxış edirlər və nə vaxtsa o bəyanatları reallaşdırmağa cəhd edə bilərlər.

- ATƏT-in Minsk qrupu dövlətləri, o cümlədən Rusiya regionda özünün imperiya siyasətini təmin etmək üçün çabalayır və Ukraynada, Zəngəzur dəhlizində ABŞ-la maraqları toqquşur. Bu ölkələr öz maraqlarını təmin etmək üçün prosesdən bir alət kimi ölkəmizə qarşı necə istifadə edə bilər?

- Ukrayna ilə müharibəyə başladıqdan sonra Qərb Rusiyanı bölgədən çıxarmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan açıq şəkildə anti-Rusiya mövqeyinə keçdi və sərt bəyanatlarla çıxış elədi. Sonradan Rusiyanın Azərbaycana qarşı atdığı addımlar həm xalqımızı, həm də hakimiyyəti hiddətləndirdi və bir daha göstərdi ki, Rusiya təhlükəsi həmişə var. Müstəqilliyimiz üçün olan bu təhlükənin aradan qaldırılmasının yolları axtarılmalıdır. Düşünürəm, Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı bu istiqamətdə çox ciddi addımlar atıldı. Bölgədə ABŞ-ın təsirinin artırılması üçün çox mühüm sənədlər imzalandı. Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə verilməsi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında memorandum hazırlanması və digər addımlar bölgədə Rusiyanın təsir imkanlarını azaltmağa və ABŞ-nin bölgəyə nüfuz etməsinə yönəlmişdi. Rusiya bölgədən asanlıqla getməyəcək. Hələlik, Vaşinqtonda imzalanmış sənədlərə, xüsusilə Zəngəzurla bağlı razılaşmaya Rusiya öz münasibətini bildirməyib, “Vəziyyəti öyrənirik”, - deyiblər. Aydındır ki, Rusiya ABŞ-nin bölgədə nüfuzunun artmasına imkan verməyəcək və bunun üçün Ermənistandakı Rusiya meyilli qüvvələri canlandıracaq, hakmiyyəti dəyişməyə çalışacaq. Eyni zamanda, bizə qarşı da müxtəlif təzyiq vasitələrindən istifadə edəcək. Məlumdur ki, bu, artıq başlayıb. Minsk qrupu üzvlərinin bölgədə nüfuz uğrunda mübarizəsi mümkün deyil. Bölgəyə Azərbaycan və Ermənistandan başqa 9 dövlət də daxildir. Bunların içərisində yalnız ABŞ və Rusiya bölgədə nüfuz şansına malikdir. Eyni zamanda, Türkiyə artıq bölgədə kifayət qədər çəkisi olan dövlətdir. Güman edirəm, bu mübarizədə ABŞ ilə Türkiyənin qalib gəlmək imkanları daha çoxdur.

Rusiya bölgədən addım-addım uzaqlaşdırılacaq. Buna nail olmaq üçün də Azərbaycan və Ermənistanın bugünkü rəhbərliyi fəaliyyət göstərəcək. Təəssüf ki, Gürcüstan bizim yanımızda deyil. Gürcüstan ümid edir ki, torpaqlarını Rusiya vasitəsilə geri qaytara biləcək. Gürcüstanın Rusiyadan nə vaxt uzaqlaşacağını yaxın zamanda görəcəyik.