Müstəqilliyin 104-cü ili – Polşa bayram libasında

13:00 11.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün hər bir polyakın həyatında çox əlamətdar gündür: 104 il öncə - 1918-ci il noyabrın 11-də Polşa dövlət müstəqilliyini bərpa edib. Hazırda Müstəqillik Günü (Narodowe Święto Niepodległości) Rusiya, Prussiya və Avstriya tərəfindən bölünmüş Polşanın 1918-ci il noyabrın 11-də 123 ildən sonra azadlığını ifadə edən ən mühüm milli bayramlardan biridir.

Polşanın dövlət bayramlarından biri olan Milli Müstəqillik Günü 1920-ci ildən qeyd olunur. Lakin polyaklar bu əzəmətli bayramı II Dünya Müharibəsi və ondan sonrakı dördə gizli şəkildə qeyd etməli olublar.

Yeri gəlmişkən, 11 noyabr Milli Müstəqillik Günü, 23 aprel 1937-ci il tarixli Qanunla təsis edilib. II Dünya Müharibəsindən sonra - 1945-ci ildə ləğv edilib. Bu tarixdən sonra isə bayramın kommunist rejiminin təzyiqi ilə iyulun 22-də qeyd edilməsi qərara alınıb. Lakin Polşa 1989-cu ildə communist rejimindən azad olunandan sonra Milli Müstəqillik Günü yenidən noyabrın 11-də qeyd olunmağa başlayıb.

Polşanın müstəqillik yolunda çox sayda insan həyatını itirib. I və II Dünya müharibələri, komminist diktaturası döründə bütün çətinliklərə baxmayaraq yüz minlərlə polyak öz kimliyini əldə etmək üçün hər fürsətdə birləşə bilib. Xüsusilə də Solidarnost – Həmrəylik Hərəkatının təsiri ilə Polşa 1989-cu ildə respublika qurub və bu gün Avropanın ən sürətlə inkişaf edən ölkəsi olmağı bacarıb.

Bildiyiniz kimi, Polşa coğrafi mövqeyindən dolayısı tarix boyu uğursuzluqla üzləşib, hətta işğallar səbəbindən xəritədən silinib. Amma hər zaman mübarizlik hissini qoruyub saxlayan xalq Polşanın unudulmaz lideri Yozef Pilsudskinin rəhbərliyi altında birləşərək 123 ildən sonra 1918-ci il noyabrın 11-də müstəqilliyini bərpa edə bilib.

Polşanın müstəqillik günü bəzi polyaklar tərəfindən ailə və dostları ilə vaxt keçirmək kimi qeyd edilsə də, bəzi polyaklar tərəfindən küçələrə çıxaraq çox canlı qeyd olunur.

Polşaya məhz bu tarixdə gələn hər kəs Milli Müstəqillik Günü üçün təşkil edilən Varşava müstəqillik qaçışı kimi anma yarışları, əlil arabası idmançılarının təşkil etdiyi fəaliyyətlər, idman klublarının müxtəlif tədbirləri, konkisürmə şouları kimi bir çox tədbirlərin şahidi ola bilər.

Polşanın müstəqillik günü dövlət adamları tərəfindən təşkil edilən rəsmi mərasimlərlə də qeyd olunur. İllərdir rəsmi qeyd etmələrin əvəzsiz yeri Piłsudski meydanındakı Naməlum Əsgər Abidəsidir. Təbii ki, müstəqillik uğrunda mübarizə zamanı həyatını itirmiş polyakların xatirəsini yad etmək üçün qəbiristanlıq ziyarətlərini də unutmaq olmaz.

Yeri gəlmişkən, bu günki bayram günü üçün Polşanın Baş naziri Mateusz Moraviecki "Qərb təhlükəsizliyinin əsası olaraq müstəqil Polşa" başlıqlı köşə yazısı dərc etdirib.

Polşanın 1918-ci il noyabrın 11-dək 123 il ərzində tarixin səhnəsindən silindiyini xatırladan Moraiecki qeyd edib ki, Polşanın süqutunun və sonradan təkrar dirilişinin tarixi hər bir polyak üçün vacib bilikdir. “Təəssüf ki, Qərbdə çox az şey məlumdur. Yenə də böyük bir Avropa ölkəsinin süqut edən hekayəmiz var. Polşa-Litva Birliyinin içində yer alan ölkəmiz zaman-zaman qonşular tərəfindən hücumlara məruz qalıb və ciddi təzyiqlərlə üzləşib. Yalnız Polşa xalqı deyil, litvalılar və ukraynalılar da azadlıqdan məhrum ediliblər”, - baş nazir yazıb.

Məqaləsində Polşanın müstəqilliyini əldə etdikdən sonra demokratik ölkə olmaq üçün atdığı addımlara toxunan Moraviecki, Polşanın keçmişdəki müstəqillik mübarizəsinin Ukraynanın Rusiyanın işğalçı hücumlarına qarşı dirənişi ilə müqayisə edərək bu ifadələri işlədib: "Rusiya Ukraynanı işğal edəndə heç kim Kiyevin qalib gələ biləcəyinə inanmırdı. Bir əsr əvvəl Polşanın da taleyi möhürlənmiş görünürdü, lakin polyaklar belə olmadığını sübut etdilər. Biz Polşanın gələcək nəsilləri üçün ölkənin müstəqilliyini qorumağı düşünürük. NATO-nun şərq cinahı olan Polşa bütün təşkilatı qoruyur. Qərb ölkələri yüz il əvvəl olduğu kimi, bu gün də Polşaya arxalana bilərlər", - hökumət başçısı qeyd edib.

Sonda onu da yaddan çıxarmayaq ki, Polşa xalqı indiki azad və yüksək rifaha malik ölkəni onlara miras buraxan Jozef Piłsudski, Roman Dmovski, İgnaci Jan Paderevski, general Jozef Haller, İgnaci Daszinski, Vinsenti Vitos və Vojcieç Korfanti kimi qəhrəmanlara borcludur. Adlarını çəkdiyimiz və çəkmədiyimiz neçə-neçə insan fərqli siyasi düşüncəyə malik olsalar da, azadlıq sevgisi onları vahid platformada birləşdirib. Bu amal Polşa torpaqlarında azad və suveren dövlət qurmaq olub...

Mübariz polyak xalqı, Milli Müstəqillik Gününüz mübarək!

Siyasət rubrikasından digər xəbərlər