Mikroavtobus Cizrədən üzüyuxarı Siirtə doğru şütüdükcə yolun hər iki tərəfini saran dağların mənzərəsi gözlərimdə Cənub-Şərqi Anadolunun simasını canlandırırdı. İraq sərhədlərindən iç Anadoluya sarı uzaqlaşdıqca daşlı-qayalı, üstünü yarpağını tökmüş seyrək ağacların bəzədiyi dağlar tədricən libasını dəyişirdi. Yüksək keyfiyyətli asfalt yol kiçik çayların üzərindən aşaraq təpədən-təpəyə sanki körpüyə çevrilirdi.
YOXUŞLU YOLLAR
Yol kiçik və büllur sulu dağ çayının yatağı boyunca şimala uzandığı üçün buraların təbiətini seyr etmək mənə və mənim kimi başqa yolçulara yaxşıca vaxt qazandırırdı. Çayın hər iki sahili boyunca kiçik əkin-biçin sahələri yayılmışdı. Ətrafda kənd gözə çarpmırdı, amma öyrəndim ki, ən yaxın kəndlərin sakinləri bu çay dərəsinin münbit torpağınından bəhrələnməyə çalışırlar. Kimi bostan, tərəvəz, taxıl əkir, kimi də ki, yerlilərin fıstıq dediyi püstə bağı salıb. Yetər ki, dağların qoynunda bəslədiyi insanlara verdiyi əvəzsiz bərəkətdən faydalansınlar.

Artıq havanın bir az soyuduğunu hiss edirdim – həm irəlilədikcə dağlar yüksəlirdi, həm də axı saatlar axşama doğru gedirdi.
Yolkənarı çayxananın qarşısında dayandıq, yamyaşıl dağların alatorana bürünmüş mənzərəsinə baxa-baxa əlimdəki armudu stəkanı içib boşaltdım. Hər tərəf meşəli dağlar idi. Yanımdakı yerlilərdən buralarda ayı, canavar olub-olmadığını soruşdum. Dedilər ki, canavara ras gəlməyiblər, amma çayxananın yanında olmasa da, yaxın ərazilərdə quraşdırılmış kameralarda gecə saatlarında ayıların hərəkət etdiyi görünüb. Qısası, bu dağların meşələrində boz ayıya rast gəlmə ehtimalı böyükdür...

Bir azdan yola düşdük. Çayxanada eşitmişdim ki, buradan Siirt şəhərinə 40-50 dəqiqəlik yol qalıb, hətta maşın bir az sürətli getsə daha tez çatarıq. Amma elə istəyirdim ki, yollar daha da uzansın – sonsuzdək uzansın, yetər ki, bu dağların əsrarəngiz təbiətini seyr edim...
Siirtə çatanda maşını birbaşa şəhərin simvoluna çevrilmiş qədim Ulu camiyə sürdürdük.
TÖVBƏ YER - ULU CAMİ
Siirtin Mərkəzi Millət Məhəlləsində yerləşən bu qədim dini ocağın binası axşam namazından xeyli keçdiyi üçün boş olsa da, əzəməti tarixin qələbəliyini hiss etdirirdi. Çox qədimdir, amma tikilməsinə dair dəqiq məlumat yoxdur. Mövcud tarixi mənbələrə istinadən desək, cami Səlcuqlu hökmdarı Mugusiddin Mahmud bin Məhəmməd Təpər tərəfindən ilk dəfə 1129-cu ildə əsaslı bərpa olunub. Bundan əlavə, 1260-cı ildə Atabəy hökmdarı Mücahid İshaq tərəfindən təmir edilərək genişləndirilib, üstəlik yanında mədrəsə də tikilərək ictimai kompleksə çevrilib.

Cami kompleksi ən son olaraq bu yaxınlarda əsaslı təmir olunaraq möminlərin istifadəsinə verilib.
Cami çox enli, möhtəşəm tağvarı sütunlar üzərində ucaldılıb. İçinə daxil olan hər kəs bunu aydın görə bilər. Amma bir problem var: caminin imamı deyir ki, hər zaman olduğu kimi, indinin özündə də tikilinin altından su çıxır, özü də nə az, nə çox, gündə 500 ton. Buna baxmayaraq, həmd olsun, nə su, nə də bölgədə baş verən zəlzələlər əsrlərin yadigarı olan camiyə zərrə qədər ziyan vurmayıb.
Camini bir qədər də özəl edən onun ön həyətdə, əsas binadan aralı yerləşən tək minarəsidir. Bu minarəyə Türkiyənin başqa bölgələrində rast gəlmək olmaz, çünki özbək memarlıq üslubunda ucaldılıb və Buxaradakı Kolon minarəsinin bənzəridir deyə bilərik.

Minarənin 1975-ci ildə aparılan bərpa zamanı çöl hissəsi qorunsa da, bünövrəsi, daxili pilləkənləri və iç divarı beton istehkamla bərkidilib. Bu yaxınlarda aparılan bərpa zamanı isə minarənin üzərindəki kərpic üzlüklər xüsusi texniki üsulla sökülüb və zədəli yerlər bərpa edilməklə yenidən yığılıb. Minarənin kvadrat planlı, dördbucaqlı prizma formalı altlığı kifayət qədər yüksəkdir. Daha sonra qüllə silindrik formada davam edir və yuxarıya doğru daralır.
Camidən ayrılıb şəhərin mərkəzi meydanına – saat qülləsinin yanına gəldim.
SAAT QÜLLƏSİ
Siirtdə ilk dəfə olmağıma baxmayaraq, bilmirəm nədəndir, mənə elə gəlirdi ki, burada çox olmuşam və sanki şəhərin hər yerini tanıyıram. Saat qülləsinin ətrafındakı meydan da mənə İzmirin məşhur meydanını xatırlatdı. Maraqlıdır ki, eynilə İzmirdəki kimi, Siirtdə də meydandan azca aralıda şəhərin ən iri çarşısı yerləşir...
Siirt valiliyinin tam qarşısındakı, tarixi saat qülləsinin ətrafında yaradılan parkın ən hündür yerində iri ölçüdə “Siirt” kəlməsinin silueti quraşdırılıb ki, istər yerlilər, istərsə də şəhərin qonaqları burada xatirə şəkli çəkdirməyi özlərinə borc bilirlər.

Bu arada, saat qülləsi burada ilk dəfə 118 il öncə - 1905-ci ildə Əlaəddin Paşa tərəfindən inşa edilib, amma sonradan sökülüb. İkirəngli yonma daşlardan inşa edilən indiki qüllə 1975-ci ildə tikilib.
Əvvəllər Siirtdəki tarixi Ulu camidə olan və 3 nəsildir bir ailə tərəfindən qorunan bu qədim saatın ən azı 250 il yaşı olduğu deyilir. Saat 1974-cü ildə Ulu camidən götürülərək indiki qülləyə quraşdırılıb.
Oxucularımız üçün onu da qeyd edim ki, qüllənin yuxarısına içəridən pilləkən qalxır, turistlər istədyi halda həmin pilləkənlərlə qalxaraq şəhərin gözəl mənzərəsini seyr edə bilərlər.
ÇARŞI
Siirtin görməli yerlərini gəzmək üçün səhər erkən qalxıb yola çıxdım. Öncə yenidən saat qülləsinin yerləşdiyi mərkəzi parka gəldim, gecə gördüyüm bu məkanın gün işığında daha cazibadar olduğunu başa düşdüm, xatırlamaq üçün bir-iki şəkil də çəkdirdim. Daha sonra şəhərlə tanışlıq üçün gəzməyə başladım.

Bir qədər aralıda yerləşən əski çarşıya gəldim. Burada nələr yoxdur, ərzağından geyim-keçimə, qab-qacaqdan mebelə, nə desən var. Hələ Türkiyədə əl-əl axtarılan Pərvari balını demirəm, xüsusi qablaşdırılmış süzmə və şanlı bal hər piştaxtada vardı. Qiymətini soruşmadım, amma bilirəm ki, Siirt balı ballar içində ayrıca markadır.
Siirtin təbii məhsulları arasında bittım sabunu, qarpız və qovun toxumları, qoz ləpəsi yığılmış sucuklar, hər cür doğranmış meyvə quruları, püstə və badam – hər şey var. Bütün bu məhsullar şəhərə gələn turistlərə geri dönərkən yaxınlarına sovqat aparmaları üçün əla seçim imkanı verir.
Amma xüsusilə diqqətimi çəkən müxtəlif rəngli, üstü əllə bəzənmiş çox zərif toxunuşlu parçalar oldu. Çünki bunları Hindistan dükanlarında görmüşdüm.
- Salam. Bunlar hind sarisidir? – dükanın qapısında dayanıb kiminləsə söhbətləşən, malların yiyəsi olduğunu zənn etdiyim kişidən soruşdum.
- Yox qardaş, sari deyil, bunlar bizim yerli məhsuldur, tamamilə əl işidir. Bizdə yerli mədəniyyətin bir parçasıdırlar. Qızlarımız üçün bundan gəlinlik tikərlər. Alsanız 450 lirədən (Azərbaycan pulu ilə təxminən 28 manat – V.T.) verərəm, - məni alıcı sanıb parçanı tərifləməyə başladı.

Azərbaycandan gəldiyimi, buralara bələd olmadığımı və buna görə də satışdakı məhsulları tanımadığımı dedim. Bunu məndən eşidən kimi, üzündə anidən təbəssüm oyanan bu yaşlı kişi “Başım üstə, gözüm üstə yeriniz var, xoş gəlib səfa gətirmisiniz” dedi və ardıyla da “İçəri gəlin, çay ikram edim” deyib məni dükana dəvət elədi.
Amma vaxtım yox idi, hələ gəziləcək çox yerlər vardı, üstəlik şəhərə yaxın olduğu deyilən, qədimdən bəri alimləri, mürşidləri ilə məşhur Tillo qəsəbəsinə də baş çəkməliydim. Ona görə də təşəkkür edib uzaqlaşdım.
“YÜKSƏK RUHLAR” MƏKANI
Tillo qəsəbəsi Siirt şəhərinə o qədər də uzaq deyil, hətta ora çatanda əvvəl elə bildim ki, hələ də şəhərin ətraf mikrorayonlarından birindəyəm. Amma yox, dedilər Siirtin mərkəzindən bura 7 kilometrdir, sadəcə ətraf kəndlərin evləri bu yerlərə bələd olmayanları yanıldır.

Tillo rayonu 1990-cı ilin mayında yaradılıb. Tillonun mənası süryanicədən çevirəndə "Yüksək ruhlar" deməkdir. Yavuz Sultan Səlim buranı 1514-cü ildə tarixdə məşhur olan “Çaldıran” döyüşüdə qazandığı qələbədən sonra Səfəvilərdən alaraq Osmanlı dövlətinin ərazisinə qatıb.
Tillonun yerləşdiyi dağlar sözün əsl mənasında təbiətin kənd təsərrüfatına, bir az da dəqiq desəm, yerli camaata çox bahalı hədiyyə verib. Bu hədiyyə dağ yamaclarının yuxarıdan aşağı başdan-başa təbii terras olmasıdır. Yəni sadəcə quyu qazıb ağacları ək və bağının bəhrəsini gör. Hansı ki, başqa yerlərdə bağ salmaq üçün dağ yamaclarında terraslar hazırlamaq üçün milyonlarla dollar xərclənir.

Bu yerdə xatırladım ki, Tillonun dağları başdan-başa ya püstə bağları, ya da üzümliklərlə örtülüb. Bundan başqa armud, badam bağları da geniş yayılıb. Bağ salınmayan yerlərdə isə bittım ağacları bitir. Bittım el diliylə desək püstənin yabanı formasıdır, camaat onu aşılayıb peyvəndləşdirirlər.
Tillonun turizm baxımından böyük potensialı var. Xüsusilə İsmayıl Fakirullah həzrətləri və İbrahim Hakkı həzrətləri kimi şəxsiyyətlərin məzarlarını ziyarət edənlər çoxdur. Belə deyək, burada təbiət və tarixi turizmlə yanaşı dini turizm də yaxşı inkişaf edib.
Onu da yada salım ki, Tilloda İsmayıl Fakirullah həzrətləri və İbrahim Haqqı həzrətlərinin əsərlərinin, istifadə etdikləri əşyaların sərgiləndiyi xüsusi muzey də fəaliyyət göstərir.
İŞIĞIN SINDIĞI TÜRBƏ
Sufi şeyxlərindən İbrahim Haqqı həzrətlərinin müəllimi, eyni zamanda qayınatası olan İsmayıl Fakirullah həzrətlərinin Tillonun ən hündür və sakit guşəsində salınmış məzarlığın ortrasındakı türbəsi bu gün müqəddəsliyini qorumaqla yerli və əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Başdan-başa süsən və zanbaqların yayıldığı məzarlığın susqun dünyasında günümüzədək qalan bu qeyri-adi tikili İbrahim Haqqı həzrətlərinin layihəsi əsasında tikilib.

Bu tikilini qəribə edən nədir? Deməli, martın 21-də və sentyabrın 23-də - gündüzlə gecənin bərabərləşdiyi gün doğan günəşin şüası türbənin şərq qismindəki əsas girişin üzərində ucalan qüllənin başındakı pəncərədən keçərək arxadakı günbəzin divarında açılmış çox kiçik nəfəslikdən içərini - İsmayıl Fakirullah həzrətlərinin məzarını işıqlandırır. Göründüyü kimi, İbrahim Haqqı həzrətlərinin ustadının məzarını işıqlandırmaq üçün XVII əsrdə yaratdığı işığın sınma mexanizmini əks etdirən bu mükəmməl tikili 2015-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Amma çox təəssüf ki, 1960-cı illərin əvvəllərində türbədə aparılan təmir-bərpa işləri zamanı minarəyə edilən dəyişiklik nəticəsində günəş işığının sınma müxanizmi çalışmaz vəziyyətə düşüb. Buna baxmayaraq 2011-ci ilin əvvəllərində başladılan və iyulda başa çatdırılan yenidənqurma prosesi zamanı mexanizmin fəaliyyəti yenidən bərpa edilib.

İbrahim Haqqı həzrətlərinin öz ustadına sevgi və hörmətinin göstəricisi olaraq tikdirdiyi dövrünün möcüzəsi olan bu türbədə indiyədək qorunan kitabədə yazılır: "Ağam üçün doğmayan günəşlə mən nə edim?"
DUMANLI QALA
Tillodan təxminən 3 kilometr şərqdə, “Təfəkkür” təpəsi və ya “Kaletül ustad” adlı dağda yerləşən Tillo qalasına ilk dəfə yolu düşən hər kəs çaşa, “bəs qala hanı” deyə soruşa bilər. Amma bilmək lazımdır ki, Tillo qalası bildiyimiz adi qalalardan deyil. Bu sirli tikili nə müdafiə, nə də sığınacaq xarakterlidir.

Tillo qalası, heç bir xüsusi vəsait xərclənmədən daşların üst-üstə yığılması ilə eni yarım metr, uzunu 4 metr və hündürlüyü 3 metr olan divardan ibarətdir. Daş divarın ortasında yerdən 2,5 metr hündürlükdə 40x50 santımetr ölçüdə pəncərəyə bənzər boşluq var.
İnsanlar əsrlər boyu məhz bu pəncərədən keçən günəş şüalarının İsmayıl Fakirullah həzrətlərinin türbənin qülləsində əks olunduğunu düşünüblər...

Qalanın günçıxan tərəfindəki sıldırım yarğanlardan qarşıya çox geniş vadi açılır. Botan çayının ilan kimi qıvrılan mavi dərəsi ilə daha da ecazkar etdiyi bu vadi ilin soyuq fəslində bəzən qatı dumana bürünür. Bəxtimdən, mən ora çatanda sanki sıldırımın kandarı ilə göyün arasına bəyaz pərdə çəkilmişdi – üç addım irəlini görmək olmurdu.
Qalanın ətrafında salınmış çox böyük parka gələn insanların dincəlməsi və fərəhlənməsi üçün 1100 metr yüksəklikdəki sıldırım qayanın çıxıntısında polad dirəklər üzərində sınmayan şişədən uzunluğu 7 metr, eni isə 5 metr olan terras – eyvan tikilib. Cəmi 5 lirə ödəməklə bu terrasa daxil olan hər bir kəs Botan dərəsinin əsrarəngiz fonunda xatirə şəkli çəkdirə bilər.

Bu arada, terrasa eyni anda 30 nəfərdən artıq adamın daxil olmasına təhlükəsizlik baxımından icazə verilmir.
CAS EVLƏRİ
Tilloya kimin yolu düşsə, mütləq cas evləri ilə tanış olsun. Nədir cas evləri, görünüşcə bildiyimiz-gördüyümüz adi binalardandır, amma tikinti üslubu, istifadə olunan materiallar fərqlidir və yalnız bu yerə xasdır.
Ənənəvi cas evləri bölgənin unikal memarlıq nümunələrini təmsil edir. İntrovert həyat, yerli materiallar və çətin təbii şərait bölgəyə xas bina arxitekturası yaradıb. Evlərin divarları 80-120 santimetr arasında dəyişən qalınlıqda söküntü daşları ilə hörülmüş, xarici səthi isə “cas” adlı material növü ilə suvanıb. Tillo və onun yaxın ətrafının yerli memarlıq fakturasının əsas komponentlərindən olan cas, bölgədə çox rast gəlinən gipsin sobalarda yandırılaraq üyüdülməsi, içinə odun külü qatılaraq alınan və binanın tikintisində istifadə edilən suvaq materialıdır.

Tillo qəsəbəsini təşkil edən iki-üç mərtəbəli evlər öz quruluşu ilə yerli əhalinin sosial-mədəni qəbullarına və məkan tələblərinə cavab verir. Mətin Sözənin torpaq, su və günəşdən istifadə edərək tikdiyi deyilən cas evlərinə küçə qapısından həyətə açılan qapıdan girilir. Birinci mərtəbədəki otaqlar bir sıra tağlarla tikilmiş dəhlizə açılır. Otaqlar bir-birindən müstəqildir, ailənin kiçik və ya böyük olmasından asılı olaraq genişləndirilə və yeni funksiyalara cavab verə bilər.
Cas evlərindəki işlənmə və detallar yerli memarlığın orijinallığını ortaya qoyur. Evlərdə doluluq və boşluq son dərəcə mütənasibdir. Pəncərə və qapılardakı detallar daş və "cas"ın mükəmməl birləşməsidir. Evlərin xarici səthlərindəki nisbətlər Anadolu memarlığında tez-tez rast gəlinən və ümumiyyətlə qeyri-müsəlman ustalar tərəfindən seçilən 1/2 boşluq nisbətidir. Evlərin giriş qapıları birmənalı şəkildə taxtadan düzəldilir. Bir çox hallarda qapıların yuxarısına yerləşdirilmiş yazılı talisman və dualar diqqəti çəkir.
SİİRTİN MƏXSUSİ SÜFRƏSİ
Bildiyimiz kimi, Türkiyənin hər bir vilayətinin özünəməxsus mətbəxi var. Siirtdə də eynilə belədir, bəzi yeməklər var ki, başqa heç yanda dada bilməzsiniz. Bunlardan bəzilərini nə zamansa bu gözəl məkana gedəcək oxucularımız üçün tərif etmək istəyirəm:

Büryan kababı - Siirtin simvolik yeməklərindən olan Büryan kababı ölkə daxilində adı və dadı ilə məşhurdur. Kifayət qədər zəhmət tələb edən və hazırlanması çox vaxt aparan büryan kababı 2-3 metr dərinlikdə, üstü palçıqla örtülmüş isti quyuda və saatlarla bişirilmiş quzu ətindən hazırlanır. Heç bir sousa ehtiyac olmadan pide çörəyinin üzərinə kərə yağı ilə təqdim edilən büryan kababı həm görünüşü, həm də dadı ilə sınayanları valeh edir. Əsasən yay aylarında hazırlanan bu yemək bölgəyə gələn turistlərin ağlına ilk gələn qidadır. Şərqin gözəl şəhəri Siirtə gedirsinizsə, bu kababdan mütləq dadın.
Siirt Kitel – Bu yerə xas olan Siirt Kitel qiymə, soğan və reyhan qarışığından hazırlanan içlik küftə üçün bulqurdan hazırlanmış nazik yuvarlanan xəmirə qoyulur və bağlanır. Sonra iri küftələr qaynar suda qaynadılır. Çox ağır yemək olan Siirt küftələri təkbaşına əsas yemək olsa da, bu bölgədə azca turş tərəvəz şorbaları ilə birlikdə yeyilir. Dadı necədir, bunu ancaq yeyən bilər.

Pərdəplov - Siirtin yerli yeməklərindən olan pərdəplovun hazırlanması kifayət qədər çətin və bacarıq tələb edir. Siirtdə xüsusi günlərdə xüsusi qonaqlara təqdim edilən əsas yeməklərdəndir. Mis qazanlarında bişirilən pərdəplov xəmirə bənzəyən görünüşü ilə diqqət çəkir. Xəmirin içi düyü, qızardılmış kəklik və ya toyuq əti, bulyon, badam, şam qozu və müxtəlif ədviyyatlarla hazırlanır. Sonra qazanda suvanmış xəmirə doldurulur və yenidən xəmirlə ağzı bağlanır. Bişdikdən sonra dilimlənərək süfrəyə verilir. Bu yemək həm ağır, həm də dadlıdır, çoxlu qatışıqlarla hazırlanır. Siirtdə olsanız, mütləq dadına baxın.

Mihr şorbası - Siirtin mütləq dadılacaq ləzzətlərdən olan Mihr şorbası bütün qatıq şorbalarının ən yaxşısıdır. Tərkibindəki noxud və buğda ilə çox doyurucu olan bu şorba dadı ilə bölgəni əks etdirir. Adətən dərin qabda verilən şorbanın üzərinə bolqar bibəri ilə qaynar yağ tökülür. Beləliklə, ləzzət ikiqat artır və doyumsuz bir dad yaranır. Nə deyim, yolunuz Siirtə düşərsə, mütləq dadına baxın.
Asudə deserti - Siirt mətbəxinin məşhur desertlərindən olan “Asidə” asan hazırlanması ilə seçilir. Hər evdə olan un, yağ, şəkər kimi məhsullarla qısa zamanda hazırlana bilən bu desert axşamlar dadmaq üçün əla seçimdir. Unu kərə yağı ilə qəhvəyi rəng alana qədər aşağı istilikdə qovururlar və başqa bir qazanda unla bərabər miqdarda hazırlanmış qarşıq qovrulmuş una əlavə edilir, yaxşıca yoğrulur və əllə forma verilir. Çox ləzzətli şirniyyatdır. Yolunuz düşsə, yeməkdən sonra ən çox seçilən bu yüngül və ləzzətli deserti mütləq dadın.

İmçerket - Şirin katmer növü olan İmçerket, Siirt mətbəxində xüsusilə qəlyanaltı olaraq seçilir. Yağda qızardılan Katmer xəmiri şəkərə batırılaraq süfrəyə verilir. Bu, hər kəsin sevəcəyi xırçıldayan dad yaradır. Daha yüngülə üstünlük verənlər şəkər yerinə püstə, qoz ovuntusu, fındıq əzməsi kimi qarışıqlar səpib yeyə bilərlər. Amma xatırladıram: bir dəfə dadına baxsanız, sevimli qəlyanaltınıza çevriləcək və həmişə yemək istəyəcəksiniz.
Vüsal Tağıbəyli
Bakı-Batman-Midyat-Şırnak-Siirt-Bakı