NASA cümə axşamı elan edib ki, "Ay missiyalarına və ilk insanların Marsa enməsinə" töhfə vermək üçün Kosmik Agentliyin Vaşinqtondakı baş qərargahında yeni "Aydan Marsa Proqram Ofisi" yaradıb.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, NASA-nın administratoru Bill Nelson, "Aydan Marsa Proqram Ofisi NASA-nın Ayın cəsarətli missiyalarını yerinə yetirməyə və ilk insanları Marsa endirməyə hazır olmasını təmin edəcək" deyib.
“Biz indi kəşfiyyatın qızıl çağındayıq və bu yeni ofis NASA-ya Ayda uzunmüddətli mövcudluğunu uğurla qurmağa kömək edəcək. Bu, bəşəriyyəti Qırmızı Planetə doğru növbəti nəhəng sıçrayışa hazırlamaq üçün lazımdır. Bu yeni ofis NASA-nın “Artemis Ay” missiyaları da daxil olmaqla qarşıdan gələn kosmik tədqiqat proqramları üçün aparat inkişafı, missiya inteqrasiyası və risklərin idarə edilməsi funksiyalarına diqqət yetirəcək və insanlı Mars missiyalarına rəhbərlik edəcək”, - Nelson deyib.
NASA, ofisin həmçinin insanlı Mars missiyalarını dəstəkləmək üçün uzunmüddətli inkişafların planlaşdırılması və təhlilinə rəhbərlik edəcəyini də bildirib.
Bu arada, NASA, əvvəllər agentliyin Geniş Kəşfiyyat Sistemlərinin İnkişafı Bölməsinin direktor müavini vəzifəsində çalışmış Amit Kshatriyanın ofisin birinci rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.
“Artemida I” missiyasının bir hissəsi olaraq, NASA keçən ilin sonunda ekipajsız “Orion” kapsulunu Ay orbitinə və geri göndərməklə kosmik gəminin və onun yeni kosmik buraxılış sisteminin uçuşa yararlılığını nümayiş etdirib.
Hazırda ABŞ kosmik agentliyi 2024-cü ilin sonunda 4 astronavtdan ibarət ekipajı Ayın ətrafına göndərməyi planlaşdırır. Planlaşdırıldığı kimi getsə, bu, 2025-ci ildə Ayın cənub qütbünə enişlə nəticələnə bilər.
NASA ümid edir ki, Aydakı ilk qadın və ilk qaradərili insan “Artemida” vasitəsilə Aya enəcək və bu, Ayda uzunmüddətli və davamlı qalmağın yolunu açacaq. Agentlik bunun Ayın səthinin heç vaxt olmadığı kimi tədqiqinə və Marsa gələcək astronavt missiyalarına hazırlaşmağa töhfə verə biləcəyini bildirib.