NATO 25 silah istehsalçısını Brüsselə yığır: “Roketsan” və “Baykar” da dəvət alıb

09:15 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO-nun müdafiə nazirləri Ukraynanın daha çox silah-sursata ehtiyacı və müttəfiqlərin öz ehtiyatlarını artırmaq ehtiyacını müzakirə etmək üçün Türkiyə də daxil olmaqla 25 böyük müdafiə şirkətinin rəhbərləri ilə görüşür. NATO silah şirkətlərindən istehsal güclərini artırmağı xahiş edəcək.

Hafta.az-ın yazdığına görə, iyunun 15-16-da NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək NATO Müdafiə Nazirlərinin toplantısına bir çox Qərb müdafiə şirkətləri ilə yanaşı, Türkiyənin Bayraktar pilotsuz uçuş aparatları istehsal edən Baykar və Roketsan şirkətləri də dəvət olunub.

İyul ayında Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə bir araya gələcək müdafiə nazirlərinin toplantısı 2 gün davam edəcək.

Müdafiə sənayesi nümayəndələri NATO-nun mənzil-qərargahında keçiriləcək görüşdə gələcək üçün fəaliyyət planı istəyirlər. Qərb ölkələrindən olan 25 şirkət nümayəndəsi NATO Sənaye Məsləhət Qrupu (NIAG) ilə görüşəcək.

Şirkətlərin tələbi ilə NATO investisiya hədəflərini müəyyən etmək və alyans üzvlərindən sənaye üçün məcmu tələbi bildirmək üçün yeni “Müdafiə İstehsalı Fəaliyyət Planı”nın yaradılması üzərində işləyir.

İştirakçılar arasında raket və mərmi kimi müxtəlif növ sursat istehsal edən müdafiə şirkətlərinin rəhbərləri də olacaq. Xüsusilə Rusiya ilə müharibədə həlledici olan sursatların müzakirə olunacağı toplantıya Türkiyədən “Roketsan” və “Baykar” da dəvət olunub.

İclasda Ukrayna silahlı qüvvələri üçün “Javelin” raket sistemləri, HIMARS və “Patriot” raket sistemləri istehsal edən Raytheon Technologies və Lockheed Martin şirkətləri də iştirak edəcək.

“Euractiv” xəbər saytının məlumatına görə, iclasa Belçikadan FN Herstal, Fransa-İtalyan qrupu MBDA, Finlandiyadan “Patria”, Almaniyadan “Rheinmetall”, Norveçdən “Nammo”, KNDS, Alman KMW və Fransız “Nexterin” birləşməsi, İtaliyadan “Leonardo” qatılacaq.  Bundan əlavə, iclasda NATO-nun şərq cinahından Bolqarıstanın “Arsenal” və Praqada yerləşən Çexoslovakiya Qrupu kimi müdafiə sənayesi şirkətlərinin də iştirakı gözlənilir.

Şərq cinahından əlavə, pilotsuz uçuş aparatları istehsalçısı olan Portuqaliyadan “Tekever”, Britaniyadan BAE Systems, Rumıniyadan “Romarm”, Xorvatiyadan döyüş tankı istehsalçısı “Duro Dakovic”, Estoniyadan “Milrem Robotics” və Belçikadan “Thales” də tədbir iştirakçıları arasında olacaq.

Yeri gəlmişkən, NATO bu görüşü Ukrayna ordusu yazdan bəri hazırlaşdığı Rusiyaya qarşı əks hücumdan əvvəl, Kiyevin hərbi alyansdan israrla daha çox sursat tələb etməsindən sonra planlaşdırıb.

Siyasət rubrikasından digər xəbərlər