Nəqliyyat sektorunda hansı dəyişikliklər var? – Müzakirə

13:00 30.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təxminən 2 aya yaxındır ki, Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər tətbiq olunur. Qeyd edək ki, həm avtobus marşrutlarında, həm metro nəqliyyatında qiymətlərin artırılmasına daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılaraq onların xeyrinə qərar çıxarılmışdı. Bəs, görəsən, ictimai nəqliyyatda gediş haqlarının artırılmasından sonra bu sektorda nə dəyişib?

Mövzunu qəzetimizə şərh edən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, qiymət artımına baxmayaraq bu sahədə hansısa müsbət dəyişiklik qeydə alınmayıb: “Düzdür, xəttə çıxmalı olan avtobuslarla bağlı konkret tələblər var. Və həmin tələblərə görə, nəqliyyat vasitələri müvafiq standartlara cavab verməli, komfortlu olmalı, daşıyıcı şirkət sərnişinlərə keyfiyyətli xidmət təklif etməlidir. Hər dəfə şirkətlər qiymət artımı ilə bağlı hökumətə müraciət edəndə keyfiyyətin yüksəldiləcəyinə dair vəd verirlər. Amma verilən sözlər vəd olaraq da qalır. Bu 2018-ci ildəki qiymət artımında da belə olmuşdu, bu ilki qiymət artımında da belədir. Yəni, qiymət atır, xidmət səviyyəsi yüksəlmir. Biz hələ də şəhərdə istismar müddətini başa vurmuş, yararsız avtobuslara rast gəlirik.

 Eyni zamanda, bəzi hallarda daşıyıcılar nəzərdə tutulandan daha az avtobus xəttə buraxırlar ki, bu da intervalda gecikmələrə və sərnişinlərin vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Demək olar ki, bu gün sərnişindaşıma sahəsində yüksək keyfiyyətli xidmət göstərən daşıyıcılar barmaqla sayılacaq qədərdir. Ona görə də biz bu sahədə ciddi dəyişiklik müşahidə edə bilmirik. Təbii ki, qiymətlər artıbsa, xidmətin keyfiyyəti də yüksəldilməlidir və aidiyyəti qurumlar buna nəzarət etməlidir. Bu gün sərnişinlərin əsas şikayətlərindən biri həm də ödəmə terminalları ilə bağlıdır. Bir vaxtlar ödəmə terminalları bütün dayanacaqlarda var idi, sonradan əksər dayanacaqlarda terminalları yığışdırdılar. Bu isə müəyyən çətinliklər yaradıb, insanlar kart balanslarını artırmaq üçün məcbur metrolara düşürlər. Nəticədə ödəmə terminallarının qarşısında böyük növbələr yaranır. Hesab edirəm ki, bu problemin də həlli vacibdir və bütün dayanacaqlar ödəmə terminalları ilə təmin olunmalıdır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, əslində qiymət artımından sonra ictimai nəqliyyatda qlobal dəyişiklik gözlənilmirdi: “Çünki daşıyıcılar əvvəlki qiymətlərlə indiki xidmətlərini göstərməkdə belə çətinlik çəkirdilər. Sonuncu dəfə qiymət artımı 2018-ci ildə baş vermişdi və 5 ildə həqiqətən çox şey dəyişmişdi. Elə götürək dizel yanacağını.  Qiyməti 80 qəpiyə qədər artırılmışdı. Eyni zamanda, təmir xərcləri artmışdı, yeni avtobusların alınması qiyməti bahalaşmışdı və s. Bundan başqa, həmin sahədə çalışanların əməkhaqqı da artırılmalı idi. Yəni, xərclər artmışdı, gəlir isə stabil idi. Təbii ki, belə bir şəraitdə qiymət artımı qaçılmaz idi. Düzdür, qiyməti artırmaq problemin həlli yolu deyil, bundan sonra qiymətlər iki dəfə də artsa, heç nə dəyişməyəcək. Burada birinci dəyişilməli olan dövlət standartlarıdır. İkinci, daşıyıcılar şəffaf işləməli və xərcləri barədə cəmiyyətə açıq məlumat verməlidirlər. Yəni, cəmiyyət olaraq biz şəffaflıq məsələsinin üzərinə düşməliyik.  Dəqiqləşdirməliyik ki, bu şirkətlər fəaliyyətlərini necə qurublar, nə dərəcədə şəffafdırlar və s. Eyni zamanda, dövlətin minimum standartları olmalıdır və həmin standartlara cavab verməyən daşıyıcılar xətdən kənarlaşdırılmalıdır”

Sevinc