Novruz öncəsi balıq bazarı - REPORTAJ

09:34 20.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Çeşidlər, qiymətlər, yoxa çıxan nərəkimilər

Xalqımız yüzillərdir baharın gəlişini Novruz Bayramı ilə xüsusi təm-təraqla qarşılayır. Bu bayramın  özünəməxsus adət-ənənələri var. Onlardan biri də bər-bəzəkli və bol nemətli süfrə hazırlamaqdır. Qədim inanclara görə, bayram süfrəsi nə qədər çeşidli və zəngin olarsa, həmin il bir o qədər bərəkətli keçər. Elə bu səbəbdən də balıq  bayram süfrələrinin neməti, ən dadlı təamlarından sayılır. Bəs görəsən, bu Novruzda bayram menyusuna balıq əlavə edə bilmək üçün nə qədər vəsaitə ehtiyac var? Bazarlarda balığa olan tələbat, bayramərəfəsi canlanma, qiymət fərqi və bu kimi digər suallara cavab tapmaq üçün Hafta.az-ın əməkdaşı üz tutdu ölkənin bolmüştərili balıq bazarı hesab edilən “Keşlə bazarı”na.

Öncə bir məqamı diqqətinizə çatdıraq ki, bayramöncəsi olmasına baxmayaraq, bazarda bir qədər durğunluq hiss edilirdi. Yaxınlaşıb balıq piştaxtalarının arxasında dayanan satıcılarla bir qədər həmsöhbət olduq. Öyrəndik ki, günün bəlli saatlarında satış bir qədər canlanır.

“Bazarda hər növ balıq satılır. Bu ərəfələrdə ən çox alınan balıq növü kütümdür. Qiymətlər münasib, keyfiyyət isə göz qabağındadır. Kütüm və xəşəm dəniz,  sazan və belamur isə çaydan tutulub, satışa çıxarılır. Balığın təzəliyi və keyfiyyəti alıcıları qane etməsə, yəqin ki, burada uzun illər fəaliyyət göstərməzdik.  Təzə balıq gendən baxanda özünü büruzə verir, gözləri parıldayır”.

Görünən odur ki, müsahibimiz Raziyə xanım satışlardan razıdır. Üstəlik, onun sözlərinə görə burada hər satıcının öz müştərisi var. Necə deyərlər, “Bir alan, bir də alır”. Buna səbəb kimi, məhsulun təmiz, təzə və keyfiyyətli olmasını göstərdi. Qiymətlər isə, balığın çəki və növünə görə dəyişir:

“Hazırda  kütüm balığının 1 kilosu 13-14, farel 11, belamur 7, sazan 7 manatadır. Fərqi yaradan  digər meyar onların çay, göl, yaxud dənizmənşəli olmalarıdır. Təbii ki, ən yaxşı balıqlar çay və dənizdən tutulanlardır. Biz nə qədər “çay və dəniz balığı daha keyfiyyətli olur” desək də, indi göl balığının qiyməti onlardan bahadır. Ona görə ki, həmin balıqların saxlanması, yemlənməsi xeyli xərc tələb edir”.  

Raziyə xanımın sözlərinə görə, Novruz bayramı ərəfəsi müştərilər daha çox ləvəngi bişirmək üçün sazan və kütüm balıqlarına üstünlük verirlər. Bəzən alıcılar elə bizim özümüzlə də “Hansı balıqdan hansı yeməyi bişirmək daha yaxşı olar”, - deyə məsləhətləşirlər:

“Cənub zonasının bu bayramda nişanlı qızlara içinə qızıl üzük qoyulmuş balıq ləvəngisi aparmaq kimi maraqlı bir adəti də var. Müştərilərin çoxu nisbətən iri və xoşgörünüşlü kütüm balığını “bayramlıq” aparmaq üçün alırlar”.

Raziyə xanımla sağollaşıb, yan-yana düzülmüş balıq vitrinlərinə nəzər yetirdik. Burada olduğumuz müddətdə o qədər də müştəri gözümüzə dəymədi. Yanaşı vitrinin arxasında dayanmış  satıcıya yaxınlaşıb özümüzü təqdim etdik. Söhbət əsnasında satıcı Çiçək xanım yaranmış vəziyyətdən, müştəri qıtlığından gileyləndi.  Deyir alver zəifdir:

“Əvvəlki illərdə bayramərəfəsi, xüsusən də çərşənbələrdə başımızı qaşımağa imkan tapmırdıq. İndi bazarda alıcıdan çox satıcı var”.

Qiymətlərə gəldikdə isə həmsöhbətimiz bayramqabağı bahalaşma olmadığını bildirdi:

“Elə bayramdan öncə də topdansatış qiymətin üstünə 1-2 manat pul qoyub satmışıq, indi də. Üstəlik, balığı təmizləmək də ödənişsizdir. Başqa yerlərdə onun üçün  əlavə ödəniş alınır. İndi işlər yaxşıdır, bolluqdur. Çalışırıq, müştəriləri narazı qaytarmayaq”. 

Satıcılardan çay və göl balığını necə ayırd edə biləcəyimizi də soruşduq.

Onların sözlərinə görə, bu fərqi balıqların rəngindən də sezmək mümkündür. Məsələn, Kür sazanının qarnının altı, quyruğu qırmızı rəngdə olur. Göl sazanının qarnı və quyruğu ağ, pulcuq rəngi də bir az sarı rəngdə olur.

Balığın təzəliyinə gəldikdə isə, təzə balığın gözləri parlaq və xaricə tərəf, köhnədə isə içəri, el dili ilə desək, batmış vəziyyətdədir. Təzə balığın pulçuqlarına əl vuranda möhkəm və sərt, köhnə balığın pulcuqlarının isə, yumşaq olub əldə qaldığını görə bilərik. Təzə balığın dərisi və əti möhkəm olur. Təzə balığın qəlsəmələri canlı və qırmızıya yaxın rəngdə olur, köhnədə isə rəngi dəyişir. Təzə balığa barmağımızı basanda iz dərhal yoxa çıxır. Köhnə balıqda isə barmaq izinin, batığın qaldığını görmək mümkündür. Ümumiyyətlə, təzə balıq görünüşünə görə müştərini elə uzaqdan çağırır

Qeyd edək ki, satıcılar bazarda satılan balıqların, əsasən, Nefçala, Salyan və Naxçıvandan gətirildiyini söylədilər. Burada nərəkimilər nəslindən olan beluqa, osetrin kimi növlərə rast gəlinmir. Bu səbəbdən də üz tutduq iri marketlərə. Vitrinlərdə dondurulmuş kiçik balıqlar üstünlük təşkil edirdi. Satıcı bildirdi ki, hazırda osetrini tapmaq elə də asan iş deyil. Satıldığı yerlərə də əsasən Qazaxıstandan gətirilir. Kiloqramı 50 manat olduğu üçün, çox müştəri ümumiyyətlə maraqlanmır. Onsuz da alana  sərf etmir. Təmizləyib bişirəndə, balaca bir hissəsi qalır ki, əksər alıcılar buna 50 manat verməyi mənasız hesab edir.

Sonda isə onu deyə bilərik: bayramda süfrənizə düzdüyünüz nemətlərin bolluğundan asılı olmayaraq, qəlbləriniz zəngin, bayramınız mübarək olsun!

 

Oxunma sayı 347