Payız ağac əkini mövsümü başlayandan bu günədək respublikanın meşə fondu torpaqlarının 362 hektarında 470 mindən çox meşəcinsli ağac əkilib, palıd, ağcaqayın, fısdıq və digər meşəcinsli ağac toxumları səpilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərovun sözlərinə görə, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə qurumun, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir: “Payız mövsümündə əkin planına uyğun olaraq 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq planın 70 faizdən çox hissəsi yerinə yetirilib. Eyni zamanda, işğaldan azad olunmuş Füzuli, Zəngilan, Ağdam və Qubadlı rayonlarının ərazisində də paralel olaraq əkin-bərpa işləri həyata keçirilir. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”.
Qeyd edək ki, son illərdə respublikamızda meşələrin bərpası, yeni meşə zolaqlarının salınması, ağacəkmə kampaniyası, ekoloji tarazlığın qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi sürətləndirilib. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsimi irsinin təbliği, dünyaya tanıdılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədilə təkcə bir gün ərzində ölkəmizdə 650 mindən çox ağac əkilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8 faizdir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb. Azərbaycanın əksər meşələri (85faiz) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.
Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.
Onu da deyək ki, təkcə ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb. Ümumilikdə, 2019-cu ildə meşə ilə örtülü sahələrdən 38,1 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 7,1 tonu qoz, 0,4 tonu ərik, 0,4 tonu şaftalı, 26,6 tonu palıd, 2,8 tonu digər ağac və kol cinslərinin toxumlarının payına düşüb.
Təbii ki, yaşıllaşdırmanın şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət etdiyi heç kəsə sir deyil. Son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.
Ekspertlər vurğulayırlar ki, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.
Mütəxəssislər hesab edirlər ki, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq. Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm təxminən12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir.
Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb. Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, ekoloji məsələlər üzrə ekspert İslam Mustafayev də hesab edir ki, son illər ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına diqqət artırılıb.
Onun sözlərinə görə, hazırda əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpasıdır: “Araşdırmalar göstərir ki, işğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunmuş və təbiətə güclü ziyan dəyib. Belə meşə sahələri Ağdam və Füzulidən başqa, işğal edilmiş bütün rayonlarda var. Həmin meşələrdə 70 endemik ağac növü, Azərbaycan Respublikasının Qırmızı Kitabına salınan 24 fauna və 27 flora növü olub. Ümumilikdə sahəsi 43000 ha olan 6 qorunan ərazi - Bəsitçay və Qaragöl təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqları viran edilib. Təbii ki, həmin ərazilərin ekoloji bərpası uzun illər tələb edəcək və bu ərazilərin bərpasından sonra ölkəmizdə ekoloji tarazlığı təmin etmək mümkün olacaq”.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.