Müasir dövrdə “ömürboyu təhsil”in zəruriliyi, artıq heç kimdə şübhə doğurmur
“Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır”. Hafta.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır.
Sənəddə nəzərdə tutulub ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
Bəs görəsən, “ömürboyu təhsil”i zərurətə çevirən faktorlar hansılardır?
Qeyd edək ki, müasir dövrdə “ömürboyu təhsil”in zəruriliyi artıq heç kimdə şübhə doğurmur.
Heç təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Davos İqtisadi Forumu çərçivəsində elan etdiyi və 2019-cu ildə dünyada təhsil sahəsinin formalaşdırılmasının əsas trendlərinə həsr olunmuş hesabatında (Trends Shaping Education 2019) da “ömürboyu təhsil” gələcək illərin əsas tendensiyalarından hesab olunub. Yeri gəlmişkən, son 45 ildə OECD ölkələrində orta insan ömrü 70-dən 80 yaşa qədər artıb. Mütəxəssislərin fikrincə, 65 və daha artıq yaşlıların ömrünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Yaşlı işçilər əmək bazarının artan qeyri-stabilliyi təhlükəsi ilə rastlaşacaq, yüksək texnologiyalara çıxış əldə etmək üçün keyfiyyətli yenidənhazırlanma və ixtisasartırma imkanlarından yararlanmalı olacaqlar. Bununla da “ömürboyu təhsil”in təmin olunması üzrə cari təkliflər ölkələrin əksəriyyətində güclənəcək. Bir çox ölkələrdə yaşlı insanlar mürəkkəb rəqəmsal informasiyanı idarə etmək üçün kifayət qədər bacarıqlara malik deyillər. Hökumətlər və işəgötürənlər buna görə də “ömürboyu təhsil”in təmin olunması üçün tələb edilən işlərlə ciddi məşğul olmalıdırlar. OECD qeyd edir ki, insan ömrünün uzanmasına dair gözləntilər artır, əvvəlcədən proqnozlaşdırıla bilməyən əmək bazarı isə o deməkdir ki, insanların çoxu tez-tez yenidən hazırlanmaya ehtiyac duyurlar. Daha çox diqqət insanların ömürboyu təliminə ayrılmalıdır ki, onlar iş yerini dəyişə və daha gec yaşlarda təqaüdə çıxa bilsinlər.
Ekspertlərin fikrincə, sürətlə dəyişən texnologiyalar və iqtisadi dəyişikliklər şəraitində ölkənin gələcək inkişafını təmin edəcək insan kapitalının yetişdirilməsi mühüm vəzifədir. Məhz təhsil sistemi insan kapitalının formalaşdırılması və onun inkişafını təmin edir. Öz növbəsində, insan kapitalı ölkənin rəqabət qabiliyyətliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq da müasir cəmiyyətdə insan kapitalının rolu durmadan artır. Tam əminliklə qeyd etmək olar ki, yaxın illərdə dünya arenasında ölkənin rəqabət qabiliyyətliliyi, ilk növbədə, onun təhsil sisteminin rəqabətqabiliyyətliliyi ilə müəyyən olunacaq. Təhsil üçün potensial çağırışları müəyyən edən qlobal rəqabətin əsas dəyişiklikləri isə insan kapitalının kəmiyyət və keyfiyyəti, müxtəlif ictimai-iqtisadi çağırışlar qarşısında sosial davamlılığın dərəcəsi kimi faktorlarla xarakterizə olunur. Bu cür yanaşma isə “ömürboyu təhsil”in cəmiyyət həyatı üçün əhəmiyyətini bariz şəkildə ortaya qoyur. “Ömürboyu təhsil”ə bu cür yanaşma ölkə Prezidenti tərəfindən 2013-cü il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb. Həmin sənəddə qeyd olunub ki, müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artıb. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömürboyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.
Sözsüz ki, müasir dünyada rəqabətə davamlı olmaq o qədər də asan məsələ deyil. Bunun üçün yüksək ixtisaslı kadrların hazırlığına hələ uşaq yaşlarından başlanması, onların karyera yolunun və peşəkar bacarıqlarının müəyyən olunması vacibdir ki, sürətlə dəyişən şərtlərə uyğunlaşmaq mümkün olsun. Məhz “ömürboyu təhsil”in təşkilinə artan tələbat da bu zərurətlə izah olunur. Dünya təhsil prosesi sürətlə dəyişməyə və biliklərin ötürülməsini sürətləndirməyə və onlara girişi sadələşdirməyə məhkumdur, buna görə də hazırda distant təhsil, onlayn-təhsil geniş yayılıb. Təhsil sistemlərində 3D-texnologiyaları tətbiq olunur, virtual reallıq kök salır. Bu səbəbdən də hazırda “ömürboyu təhsil” trendi daha çox aktuallıq kəsb etməyə başlayır. Əksər hallarda artıq insanlar təkcə bir sahədə deyil, müxtəlif sahələrdə öz səriştələrini inkişaf etdirir. Bu cür reallıq bizdən daim ömürboyu öyrənməni və yenidən ixtisaslaşmanı tələb edir.
Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib ki, Peyğəmbərimiz hələ əsrlər öncə beşikdən qəbrə kimi oxumağın vacib olduğunu bildirib:
“Ömürboyu təhsil” əsrlər əvvəl islam mədəniyyətində yer alıb. Təqribən 40-50 il bundan öncə isə Avropa ölkələri bu məsələni dərk etdilər və ömürlük təhsil formasını tapdılar. Ömür boyu təhsili reallaşdırmaq üçün müxtəlif kurslar, fakültələr, dərnəklər, bölmələr təsis etdilər. Hətta, 40 yaşına qədər təhsillə məşğul olmayan bir qadın yaşlılar üçün həyata keçirilən təhsil proqramına qoşularaq dövrünün tanınmış bir yazıçısına çevrildi. Təbii ki, əgər ömrünün mənalı, zəngin keçməsini istəyirsənsə, öyrənməlisən. Kimsə özünütəhsillə məşğul olur, özü-özünü öyrədir, kimininsə ayrı bir metodologiyaya ehtiyacı var. Onlar da bu məqsədlə təşkil olunmuş universitetlərdə, fakültə və kurslarda təhsil ala bilər. Bu, çox əhəmiyyətli məsələdir. Beşikdən qəbrə qədər təhsil yaşayan ideyadır».
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, ölkədə təhsilin inkişafı dövlətin əsas prioritetlərindəndir:
“Prezident İlham Əliyev Azərbaycan təhsilində aparılan sistemli islahatlara münasibət bildirərkən dəfələrlə qeyd edib ki, ölkədə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Lakin təhsil sisteminin inkişafı ilə bağlı atılan bir sıra addımlara baxmayaraq, müəyyən problemlərin həlli hələ də gecikir. Düşünürəm ki, insanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır”.