Ötən il vətənpərvərlik mövzusunda 5 marka buraxılıb - Azərmarka

18:25 12.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi ötən il, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən hərbi vətənpərvərlik ruhunda hazırlanmış poçt markaları dövriyyəyə buraxılmışdı. Bəs görəsən bu il yenidən, sözügedən formada marka istehsalı gözlənilir? Həmin markalarda nələr simvolizə olunurdu?

Mövzu ilə bağlı Azərmarka MMC-nin əməkdaşı Anar Mustafayev hafta.az-a danışarkən söylədi ki, ötən il hərbi vətənpərvərlik mövzusunda bir sıra yeni markalar buraxıldı. Həmin markalarda ilin əsas qəhrəmanları əks etdirilmişdi:

 "2020-ci ildə, “Zəfər paradı" və “Qarabağ müharibəsində qələbə” adlı markalar buraxılıb. Daha sonra “Azərbaycan bayrağı” markası var ki, burada bayrağın aşağı, yaşıl hissəsi Qarabağın dağları formasında təsvir edilib. Ümumi marka vərəqinin adı, "Qarabağ Azərbaycandır" gedir. Bundan başqa, Azərpoçt MMC-ilə birlikdə, Silahlı Qüvvələrin yardım fonduna dəstək üçün, poçt xeyriyyə markası buraxılıb. Azərpoçtun xidmətlərindən istifadə zamanı 50 qəpik nominal dəyəri olan markanı alanda, həmin o məbləğ Silahlı Qüvvələrin yardım fondunun hesabına köçürülüb. Bir də ilin son markası var ki, burada da simvolik olaraq il ərzində Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş iki önəmli hadisənin qəhrəmanları əks olundu. Koronavirusla mübarizə aparan həkimlər, işğalçılarla mübarizə aparan əsgərlər kollaj olunub. Şəkillərdə bir adamın yarısı əsgər, digər yarısı isə həkim kimi təsvir edilib. İkinci markada da yenə eyni formada, fotonun bir hissəsi dezinfeksiyaçı, bir hissəsi isə mina axtaran olaraq simvolizə olunub. Beləliklə müharibə dövründən bu günə qədər, vətənpərvərlik mövzusunda bu tip markalar buraxılıb. Bundan sonra vətənpərvər dizaynda marka buraxılıb, buraxılmayacağı il ərzində baş verəcək hadisələrdən asılıdır. Əgər uyğun görülsə yenidən bu mövzuya müraciət olunacaq. Ötən il buraxılan 5 marka isə fikrimcə mövzunu tam və ətraflı şəkildə əhatə edirdi".

Azərbaycan özünün ilk poçt markası 1992-ci ildə buraxıb. Həmçinin ölkəmiz, 1 aprel 1993-cü il tarixindən Ümumdünya poçt ittifaqının üzvüdür, 2002-ci ildən isə WADP Nömrələmə Sisteminin iştirakçısıdır.