Amma Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətlərin qurulmasından yararlanaraq Azərbaycana qarşı hər hansı bir hiyləgər siyasət qura bilər. Ona görə də Azərbaycan dövləti ayıq-sayıq olmalıdır...
“Paşinyanın Ərdoğanın andiçmə mərasiminə qatılmasından danışarkən onu demək lazımdır ki, birincisi, 44 günlük Vətən savaşı bitdikdən və işğal altındakı torpaqlarımızın əksər hissəsi işğaldan azad olunduqdan sonra Türkiyə-Ermənistan münasibətləri qurulmasına Azərbaycan rərhbərliyi tərəfindən də normal yanaşma nümayiş etdirilib. Və o da var ki, hazırda Türkiyə artıq 2008-2009-cu illərdəki səhvlərini təkrar etmir. Ermənistanla münasibətlərin qurulması prosesi barədə mütəmadi olaraq Azərbaycan tərəfini də məlumatlandırır”.
Bunu hafta.az-a açıqlamasında İstanbul universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı söyləyib.
“Paşinyan çox hiyləgər bir siyasət aparır. Türkiyə ilə münasibətlərin normallaşmasını çox istəyir. Amma əvvəlki rəhbərlərdən fərqli olaraq o, bunun üçün hansısa şərtlər qoymur. Ona görə də Paşinyanın Ermənistan rəhbəri kimi tarixdə ilk dəfə Türkiyə dövlət başçısının andiçmə mərasimində iştirakı çox maraqlı və həm də ciddi bir gedişdir. Amma Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətlərin qurulmasından yararlanaraq Azərbaycana qarşı hər hansı bir hiyləgər siyasət qura bilər. Ona görə də Azərbaycan dövləti ayıq-sayıq olmalıdır”,- deyə açıqlamasının davamında siyasi şərhçi bildirib.
“Onu da qeyd etmək lazımdır ki, Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç bu münasibətlərin normallaşması üçün əlindən gələni canla-başla edir, sərhədlərin tez açılması üçün çox çalışır. Təsadüfi deyil ki, bu gün Paşinyanı Türkiyədə məhz Sərdar Kılıç qarşılayıb...
Bir sözlə, hesab edirəm ki, Azərbaycan dövləti Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesini yaxından izləməli və qardaş Türkiyədən də bu mövzuda bütün məlumatların verilməsini istəməlidir...
Və sonda onu deyim ki, Ermənistan baş nazirinin Türkiyə dövlət başçısının andiçmə mərasiminə qatılması Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini sürətləndirə bilər. Amma bu prosesin Azərbaycanla Ermənistan arasında sülh yaranması prosesinə birbaşa təsiri yoxdur. Çünki bunlar ayrı-ayrı proseslərdir”,-deyə analitik vurğulayıb.