44 günlük müharibədə məğlub olan Paşinyan hökuməti Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində qalib oldu. Məğlub hökumətin seçkilərdə yenidən qalib gəlməsi dünya praktikasında az rastlanan hal kimi birmənalı qarşılanmır.
Növbədənkənar parlament seçkilərində xalq Paşinyan hökumətinə etimad göstərdi. Namizədlər arasında onun əsas rəqibi sayılan Robert Köçəryan isə bununla barışmayacağını deyir.
Nikol Paşinyanın seçilməsi nədən xəbər verir? Bundan sonra Ermənistan Qarabağ mövzusunda hansı mövqeni tutacaq? Sərhədlərin müəyyənləşməsi prosesində hansı mövqeni sərgilədəcək? Bu seçkinin nəticələrindən nə gözləməliyik?”.
Ermənistanda baş tutan seçkilərin nəticələrini hafta.az-a şərh edən politoloqlar məsələyə birmənalı yanaşdılar...
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində pozitiv meyillər əmələ gələcək
Qabil Hüseynli, politoloq:
Ermənistanı bu cür rəzil vəziyyətə gətirib-çıxaran “Qarabağ klanı”, Robert Köçəryan, Serj Sarkisyandır. Seçkidə Köçəryanın başına 4 seçki bloku toplaşmışdı. Təkbaşına seçki kampaniyası aparan Paşinyan isə səslərin əksəriyyətini qazandı. Heç kəs bu seçkilərin nəticələrini inkar edə bilməz, nəticələri qəbul etməlidirlər. Əli Azərbaycan xalqının, erməni xalqının qanına bulaşmış Robert Köçəryan qəbul etməyəcək? Köçəryan, Sarkisyan, yəqin ki, bir neçə aydan sonra yenidən həbsxanaya qayıdacaqlar. Onlar ölkəni dağıdıb, talayıb, üstəlik, regionu müharibə alovuna bürüyüblər. Erməni xalqı hər halda ayıq çıxdı və səslərini bir qədər islahatlara açıq olan Paşinyana verdi.
Bütün bunlara baxmayaraq, status-kvo qorunub saxlanıldı. Bu o deməkdir ki, bölgədə əmin-əmanlıq olacaq, ölkədə imzalanmış sazişin müddəaları həyata keçiriləcək, sərhədlərin müəyyənləşməsi, demarkasiyası, delimitasiyası da danışıqlar yolu ilə həllini tapacaq. Nəhayət, bölgədəki Mehri dəmiryol xətti baş tutacaq. Digər quru yolları və dəmir yolları xətlərinin işlənməsinə başlanacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində pozitiv meyillər əmələ gələcək və bu münasibət yaxın qonşuluq münasibətlərinə qədər inkişaf edə biləcək. Bir sözlə, haqq-ədalət qələbə çaldı və güman edirəm ki, bölgədə sakitlik, sabitlik, davamlı inkişaf, yeni iqtisadi layihələrin işlənib həyata keçirilməsi və bu kimi mütərəqqi nəticələrdən danışmaq olar. Hansısa “Mən Şuşanı geri qaytaracağam”, “Mən filan yeri geriyə qaytaracağam” kimi sərsəm, revanşist iddialardan deyil, yaxın qonşuluq münasibətlərindən söz açmaq mümkün olacaq.
Rusiya canını qoysa da, seçkilərdə Köçəryanı keçirə bilmədi. Rusiyanın gücü bu imiş.
Bölgədə Türkiyə və onun kifayət qədər möhtəşəm gücü var. Rusiya bu prosesə qarşı çıxa bilməz, çünki burada onun da maraqlarına uyğun məqamlar var. Ona görə də Rusiya ortamı qızışdırmaq həvəsində olmayacaq. Qızışdıracaqsa, payını alacaq.
Nikol Paşinyanın seçilməsini məqbul variant kimi qəbul etmək lazımdır
Natiq Miri, politoloq:
- Paşinyanın xalqın etimadını qazanması müəyyən mənada təəccüb yaratsa da, seçiləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Bunun əsas səbəbi Qarabağ klanının, başda Robert Köçəryan və Serj Sarkisyan olmaqla, 10 illərboyu Ermənistan xalqına tutduğu divanla əlaqəlidir. Həmin Qarabağ klanının rəhbərlik etdiyi dönəmlərdə Ermənistanda korrupsiya çox sürətlə çiçəkləndi, ordu korrupsiyaya uğramaqla bərabər, konkret siyasi düşərgələrin maraqlarını ifadə edən bir quruma çevrildi və birmənalı olaraq Rusiyanın nəzarətinə verildi. Xalq “Qarabağ klanı”nın hakimiyyətə gəlmə təhlükəsini hiss etdiyi üçün məğlub Paşinyana bu etimadı göstərdi. Tarixdə baş verən çox az siyasi hadisələrdəndir ki, məğlub bir hökumət başçısı bir neçə ay sonra keçirilən seçkilərdə qalib gəlir, özü də heç bir koalisiya qurmadan. Bu da sözün əsl mənasında Ermənistanda bir ilk oldu. Rusiya regionda iki zərbə aldı. Birincisi, Rusiya Qarabağdakı hədsiz davranışları, manipulyasiyaları ilə Azərbaycanı itirdi. Nəticə etibarilə Azərbaycan-Türkiyə arasında müttəfiqlik sazişi kontekstində Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi beynəlxalq müqavilədir və bu, 2010-cu ildə başlanmış sazişdən daha üstündür. Əvvəlki saziş strateji tərəfdaşlığı özündə ehtiva edirdisə, artıq bu, müttəfiqlik münasibətlərini ortaya qoydu və gələcək perspektivdə bir yol xəritəsini müəyyən edir. Yəni gələcəkdə Türkiyə Ordusunun Azərbaycanda varlığının önü açıldı və bölgə öz təhlükəsizlik sistemini birmənalı olaraq Türkiyənin təhlükəsizlik sisteminə bağladı. Rusiya bu seçkidə Robert Köçəryanı dəstəkləməklə Paşinyan hakimiyyətinin Rusiyaya olan rəğbətini itirdi. Geosiyasi anlamda Rusiya Cəbubi Qafqazda iki zərbə aldı, bu da onu göstərir ki, Rusiya artıq geosiyasi perspektivləri o qədər də operativ saxlaya bilmir. Paşinyanın seçilməsi ilə regionda olan gərginliklər tədricən səngiyə bilər. Bu, danışıqlar müstəvisində davam edəcək. Proseslər ikitərəfli qaydada tənzimlənmiş olsa, tədricən Rusiyanın prosesdən kənarlaşmasına aparacaq. Belə olarsa, Rusiyanın manevr imkanları tükənə bilər. Ortada konkret xəritələr, beynəlxalq praktika var. Praktika və danışıqlarla sərhədlərin müəyyənləşməsini təmin etmək olar. Bəzən onillərlə sərhədlərin müəyyənləşməsi prosesi uzana bilir. Ortada vəziyyəti gərginləşdirmək və geosiyasi təxribatlarla hansısa güc mərkəzlərinə xidmət etmək niyyətləri yoxdursa, danışıqları aparmaq daha asanlaşır. Düşünürəm ki, Nikol Paşinyan hökuməti formalaşdırandan sonra artıq proses dialoq səviyyəsində inkişaf edəcək. Paşinyan vəd verib ki, xalqı iqtisadi böhrandan çıxaracaq. Böhrandan çıxarılma isə bütün kommunikasiyaların açılması region dövlətləri ilə əməkdaşlıqdan keçir. Bu faktın özü də göstərir ki, artıq bundan sonra Naxçıvanı ana Azərbaycanla birləşdirəcək avtomobil nəqliyyat yolunun, sonra isə dəmir yolunun çəkilməsi prosesi sürətlənəcək. Sonra Naxçıvandan keçməklə Ermənistanı İrana birləşdirəcək dəmir yolu və digər kommunikasiyaların açılması prosesinə rəvac veriləcək. Bu məsələ təkcə Ermənistanın istəyi deyil, həm də Rusiyanın marağındadır. Bu, Rusiyanın Yaxın Şərqə çıxması üçün dəhlizin açılması anlamına gəlir. Ona görə də dialoq, danışıqlar davam etdikcə gələcək perspektivdə əməkdaşlıq, hətta diplomatik münasibətlərin qurulması da mümkün olacaq. Yalnız bundan sonra iki dövlət arasında sülh sazişinin bağlanmasından söz gedə bilər. Ona görə də bu prosesdə ən optimal namizəd kimi Nikol Paşinyanın seçilməsini Azərbaycan üçün məqbul variant kimi qəbul etmək lazımdır.
Paşinyanın qələbəsi ilə Zəngəzur dəhlizinin açılması prosesi tezləşə bilər
Rusif Məmmədsoy, politoloq:
- Ermənistanda başlayan proseslər bütövlükdə region üçün çox vacib idi. Paşinyanın qələbəsi ilə Zəngəzur dəhlizinin açılaması prosesi tezləşə bilər. Bununla bağlı anonsu həm Türkiyə Prezidenti Ərdoğan, həm də ölkə başçımız İlham Əliyev Şuşaya səfəri zamanı vermişdi. Nikolun məsələyə müdaxilə etməməsinin səbəblərindən biri də seçkilər ərəfəsində olması idi. Bu, onun xal itirməsinə gətirib çıxara bilərdi. İstənilən halda Zəngəzur dəhlizi açılacaqdı, lakin Paşinyanın qələbəsi prosesi sürətləndirəcək. Paşinyan erməni cəmiyyətinin ona nə üçün səs verdiyini başa düşür. Birincisi, ermənilər yeni savaş istəmir. İkincisi, erməni xalqı keçmiş Qarabağ klanına, başda Robert Köçəryan olmaqla, Serj Sarkisyana, Vazgen Manukyana inanmırlar.
Bununla yanaşı, əsas məsələ Köçəryanın Zəngəzurda, Gorusda və digər yerlərdə xüsusilə aktivlik göstərməsi idi. Seçkilər günü həmin dairələrdə məhz Nikol Paşinyan qələbə qazandı. Bu, maraqlı məsələdir. Buradan belə bir nəticəyə gələ bilərik ki, Zəngəzur dəhlizinin açılması seçkidən asılı deyildi. Sadəcə olaraq, tezləşdirilməsi məsələsi var idi. Seçkilərdən sonra Paşinyan bu prosesi sürətləndirəcək, çünki Ermənistan iqtisadi blokadadan çıxmaq istəyir. Bunun da ən yaxşı yolu dəhlizin açılmasıdır. Bununla Ermənistan dünyaya inteqrasiya edə bilər. Onlar sadəcə erməni lobbisi və ya Rusiyadan gələn ianələr hesabına yaşamaq istəmirlər. Bundan sonra beynəlxalq layihələrdə tranzit ölkə kimi iştirak edib, öz büdcəsini formalaşdıra, inkişaf etdirə bilərlər.